Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqlə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, görüş Türkmənistanın Avaza şəhərində BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransı çərçivəsində baş tutub.
Görüşdə iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq, xüsusilə də birgə sərhəd layihələrinin icrası müzakirə olunub.
Görüş zamanı hər iki tərəf Astara dəmiryolu yük terminalı və tikilməkdə olan sərhəd körpüləri də daxil olmaqla, mövcud layihələrin həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyini vurğulayıb.
Prezidentlər İlham Əliyevlə Məsud Pezeşkian arasında sıx təmasların iki ölkə arasında münasibətlərin dərinləşməsində xüsusi rol oynadığı qeyd edilib.
Tərəflər, habelə yaxın vaxtlarda qarşılıqlı səfərlərlə bağlı razılığa gəliblər.
Görüşdə layihələrin irəliləməsi, qarşıda duran problemlərin həlli və əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Milli.Az