Ölkə

FHN Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə marşallar üçün təlimlər keçirir

26 İyul 2025 19:05
Baxış: 274
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-ə hazırlıq çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında yanğından mühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşallar üçün növbəti təlim keçirilib.
 
FHN-in Baş əməliyyat idarəsi və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təşkil olunan təlimin keçirilməsində məqsəd yarışlar zamanı baş verə biləcək yanğınların qarşısının alınması və onun fəsadlarının çevik şəkildə aradan qaldırılması üçün marşalların bacarıq və təcrübələrinin artırılması olub.
 
Nəzəri və praktiki hissələrdən ibarət təlimdə 200 nəfərə yaxın marşal iştirak edib ki, onlardan 60 nəfəri FHN-in peşəkar yanğınsöndürən və xilasediciləri təşkil edir.
 
Təlimin nəzəri hissəsində tədbir iştirakçılarına Bakı Şəhər Halqasının yanğınsöndürən marşallar komandası tərəfindən yanğın təhlükəsizliyi, mümkün belə hadisələrin qarşısının alınması və xilasetmə tədbirlərinin təşkili istiqamətində onların bacarıqlarının möhkəmləndirilməsi məqsədilə təqdimatlar edilib.
 
Praktiki hissədə isə FHN-in peşəkar yanğınsöndürən və xilasediciləri yanğın təhlükəsizliyi və xilasetmə işlərində istifadə olunan xüsusi texnika və avadanlıqlarla davranış qaydaları əyani şəkildə izah olunub.
 
Bu ilin iyul ayından başlayan bu növ təlimlər artıq 3-cü dəfədir keçirilir. Bundan sonra daha bir neçə təlimin keçirilməsi planlaşdırılır.
 
Qeyd edək ki, növbəti Formula 1 Azərbaycan Qran Prisi bu ilin 19-21 sentyabr tarixlərində paytaxt Bakıda keçiriləcək. Yarış müddətində Fövqəladə Hallar Nazirliyinin 30 ədəddən çox xüsusi texnikası və 400 nəfərə yaxın canlı qüvvəsinin cəlb olunması nəzərdə tutulub.

 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.