Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov Zəngəzur dəhlizi və sülh prosesi ətrafındakı durumla bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Baş nazir Nikol Paşinyan bildirib ki, Azərbaycanla sülh müqaviləsi imzalansa, Konstitusiya Məhkəməsi bunun məzmununun Ermənistan Konstitusiyasına zidd olduğu qənaətinə gəlsə, məhz onda Konstitusiyanı dəyişdirə bilərlər. Azərbaycan bununla razılaşacaqmı? Yəni əvvəl sülh müqaviləsi imzalanır, ardınca Ermənistan Konstitusiya dəyişikliyinə gedir.
- Əvvəlcə Ermənistan Konstitusiyasının preambulası dəyişdirilməlidir, sonra sülh müqaviləsi imzalanmalıdır. Paşinyan bunu yaxşı başa düşür. Dəfələrlə ona bunu izah eləmişik.
Ola bilsin, indi özünü "sülh göyərçini" kimi qələmə vermək istəyir. Belə çıxır ki, Paşinyan yenə müqavilənin imzalanmaması üçün yenə əngəllər yaradır. Əgər Konstitusiyanı dəyişdirmək istəyirsə, bunu eləsin, başqa şüarlar lazım deyil. Bu dəyişiklik müqavilənin imzalanması üçün əsas şərtdir. Bu olmasa, biz bu sənədə imza atmayacağıq. Bunu da birmənalı şəkildə demişik.
- Azərbaycan və Ermənistan ABŞ-ın vasitəçiliyi ilə mümkün qısa müddətdə sülh sazişinin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəlib. Proses Vaşinqtonun vasitəçiliyi ilə yekunlaşır?
- Yaxın perspektivdə yekunlaşma görmürəm. ABŞ-ın vasitəçiliyinə gəlincə, Vaşinqton nə qədər obyektiv və ədalətli ola bilər? Çünki biz bununla yanaşı, ABŞ-dan Ermənistana külli miqdarda, milyonlarla pulun ayrıldığını da görürük. Guya bunlar Ermənistanda demokratiyanın inkişafına yönələn pullardır. Biz bilirik ki, İrəvan bu pulları silah almağa xərcləyir. Yəni bu işğalçı dövlət yenə "demokratiya" şüarı adı altında silahlanır, silahlandırılır.
Bunu nəzərə aldıqda, ABŞ-ın addımları anlaşılan görünmür. Vəziyyət belədirsə, niyə ABŞ-ın ədalətli olacağına inanmalıyıq? Şübhəlidir.
ABŞ-dan Azərbaycana qarşı qərəzli yanaşmalarını da görürük. Məsələn, bütün bu işlərin başında duran USAID rəhbəri Samanta Pauer açıq şəkildə Azərbaycana qarşı qərəzli çıxışlar edir, bizi "etnik təmizləmə"də günahlandırır və sair. ABŞ necə ədalətli vasitəçi ola bilər? Hələlik bu mücərrəd ifadələrin arxasında konkret faktlar yoxdur.
- Ən azı, COP29-a qədər çərçivə sazişi mümkündürmü? İndi əsas gözlənti budur.
- Əlbəttə, o vaxta qədər bunu imzalamaq olar. Amma o şərtlə ki, Ermənistan Konstitusiyasının preambulasını dəyişmək üçün hərəkətə keçsin, Azərbaycana qarşı ərazi iddialarından əl çəksin, revanşizm məqsədilə silahlanmasın. Yəni bunun üçün Ermənistanın sülh bəyanatları ilə əməlləri bir olmalıdır. Biz bunları görsək, əlbəttə, imzalayarıq. Müharibədən sonra sülhü təklif edən biz olmuşuq. Hər şey Ermənistandan asılı olacaq.
- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nyu-Yorkda Paşinyanla görüşü də müzakirə mövzusudur. Türkiyə lideri görüşdən sonra söylədi ki, Paşinyanın mövqeyində mənfi ab-hava görünmür. Ərdoğan Paşinyanı nələrə razı salmış ola bilər?
- "Mənfi çalar görmədim" dedikdə Ərdoğan onu bildirir ki, Paşinyanın söylədiyi sözlərində, ifadələrində mənfi heç nə yoxdur. Paşinyan müharibədən sonra həmişə üzdə müsbət danışır, Azərbaycanla sülh istədiyini bəyan edir. Amma bu o demək deyil ki, həqiqətən belədir.
Ola bilsin, Ərdoğan üzdə görünənləri bildirdi, kulis arxasında baş verənlərə toxunmadı. Əlbəttə, Türkiyə də öz növbəsində Ermənistana təzyiq göstərir.
Ermənistan Türkiyəyə qarşı da ərazi və "soyqırımı" iddialarından imtina etməlidir. Paşinyan fəaliyyətlərini sülh istiqamətinə yönəltməlidir. Ankaranın İrəvandan tələbi həm də budur.
- Paşinyan iddia edir ki, Ermənistan Azərbaycan, Türkiyə, digər qonşuları və tərəfdaşları üçün kommunikasiyaları dərhal açmağa hazırdır. Bu məsələ necə həllini tapacaq? Ən müxtəlif güclərin diqqəti indi Zəngəzur dəhlizinə yönəlib. Hətta bu yöndə İran və Rusiyanın da fikirləri haçalandı, Azərbaycan və Türkiyə eyni mövqedən çıxış edərkən, Çin, ABŞ və Avropa Birliyinin də ayrı-ayrı planları var.
- Zəngəzur dəhlizi çox mürəkkəb problemdir. Burada bir sıra aparıcı dövlətlərin maraqları toqquşur. Rusiya, Türkiyə, İran, ABŞ, Avropa Birliyi və digər dövlətlərin ayrı-ayrı maraqları var. Ermənistan da öz mövqeyində qalaraq müəyyən əngəllər yaradır.
2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanat imzalanmışdı. Həmin sənəddə deyilir ki, yola Rusiya sərhədçiləri nəzarət eləməlidir. İndi Paşinyan yeni hoqqlar çıxarır, bildirir ki, yolda ermənilər dayanmalıdır.
İranın da öz maraqları var. Ola bilsin, İran da Zəngəzur dəhlizində öz sərhədçilərini yerləşdirmək istəyir. Həmçinin Tehran bunun açılmasına mane olmağa çalışır. Rusiya və Türkiyə isə yolun açılmasında maraqlıdır. Artıq buna görə İranla Rusiya arasında soyuqluq əmələ gəlib. Hiss olunur ki, Rusiya İrana təzyiq edir.
ABŞ da Zəngəzurla bağlı öz iddiasını ortaya qoyub. Dövlət katibinin müavini Ceyms Obareyn bildirdi ki, bu, Orta Asiya və Cənubi Qafqaz üzərindən Avropayda gedən önəmli yoldur. Obrayen bu dəhlizin Rusiya və İrandan yan keçməli olduğunu dedi.
Ayrı-ayrı maraqları vəziyyəti mürəkkəbləşdirir, bu problem bizi yaxından maraqlandırır. Çünki bizim yolumuz açıq olmalıdır, Azərbaycanın əsas hissəsi Naxçıvanla birləşməlidir. Amma məsələnin yaxın gələcəkdə həll ediləcəyini düşünmürəm. Çox güman ki, uzunmüddətli proses olacaq. Bizim prinsipial mövqeyimiz isə dəyişmir, dəyişməyəcək.
- Prosesin uzanması əlavə gərginliyə yol aça bilərmi? Xüsusən o kontekstdə ki, məsələ üzərində bir-birinə zidd qüvvələrin maraq toqquşmaları və ən müxtəlif istiqamətlərdən həmlələr var.
- Mümkündür, biz buna hazır olmalıyıq. Müxtəlif dövlət və qüvvələr tərəfindən təxribatlar törədilə bilər. Bir sıra dövlətlər göstərməyə çalışacaqlar ki, biz olmadan bu məsələ həll oluna bilməz, ancaq bizim iştirakımızla çözüləcək. Bu da məsələni mürəkkəbləşdirir və uzadır. Biz bütün gəlişmələrə hazır olmalıyıq.
Bizim güzəşt edə biləcəyimiz yer qalmayıb. Biz lazım olan səviyyədə güzəşt edirik, ancaq söhbət Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yolun açılmasından gedirsə, biz prinsipial mövqeyimizdən geri çəkilməyəcəyik. Həmçinin diplomatik səylərimizi də gücləndirməli və regional dövlətlərlə sıx işləməliyik.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun