Ölkə

Hollivud ulduzlarını geyindirən azərbaycanlı – Onu tanı

14 İyul 2024 09:31
Baxış: 7 104
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

O dünya şöhrəti qazanmış yeganə azərbaycanlıdır. Rüfət İsmayılın geyimləri Adel, Beyonce, J.Lo, Ariana Grande, Lil' Kim, Paris Hilton, Dua Lipa, Jordana Houston, Ashanti, Lauren Jauregui, Christina Aguilera, Şarliz Teron kimi dünya şöhrətli sənət adamlarını bəzəyib.

Milli.Az lent.az-a istinadən "Onu tanı" rubrikasında Türkiyənin və Azərbaycanın beynəlxalq səhnədəki rəsmi moda səfiri, iş adamı, "AFFFAIR" brendinin yaradıcısı Rüfət İsmayıldan bəhs edir.

Rüfət İsmayıl ilk dünya şöhrətli azərbaycanlı modelyerdir. O həmçinin, model, sahibkar və biznesmen kimi tanınır. Rüfət İsmayıl "AFFFAIR" tekstil firmasının və "AFFFAIR" brendinin yaradıcısıdır. O, kolleksiyaları Dubay, İstanbul, Tehran, Paris, Milan, Beyrut, Nyu-York, Florensiya və Buxarest moda həftələrində təqdim edilmiş ilk azərbaycanlı dizaynerdir. 

Rüfət İsmayıl 1981-ci il fevralın 2-də Bakı şəhərində Əli İsmayılov və Dilbər Topçubaşovanın ailəsində anadan olub. 1996-2001-ci illərdə Azərbaycan Ali Diplomatik Kollecinin Beynəlxalq Münasibətlər fakültəsini, 2002-2007-ci illərdə Almaniyanın Höte Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirib. Rüfət İsmayıl həmçinin 2013-2014-cü illər arasında Türkiyədə Esmod Vakko Dizayn Məktəbində dizayn və modelləşdirmə təhsili alıb. Azərbaycan, türk, rus, alman, flamand və ingilis dillərini bilir.

Rüfət İsmayıl 19 yaşında Amsterdama köçüb. Gənc yaşlarından Valentin Yudaşkin, Paco Rabanne və bir çox başqa dizaynerlərlə işləməyə başlayıb. O, yeniyetmə ikən moda evlərində model kimi fəaliyyətə başlayıb və 2000-ci ildə Azərbaycanın "Ən yaxşı modeli" adına layiq görülüb. 2014-cü ildə Milanda "Affair.fff" kişi kolleksiyasını, "AFFFAIR" tekstil şirkətini və "AFFFAIR" brendini yaradıb.

Rüfət İsmayıl hazırda İstanbulda yaşayır. O, Türkiyədə "Ən yaxşı maniken" adına layiq görülüb. 

2018-ci ildə Fashion TV onu Avropanın ən yaxşı dizayneri adlandırıb. Onun moda kolleksiyaları dünyanın aparıcı moda nəşrlərində, o cümlədən İtaliyanın "Vogue" jurnalında tez-tez dərc edilir. 

2019-cu ildə "Men's Health" kişi jurnalının siması olan ilk azərbaycanlı da Rüfət olub. Həmin ilin fevralında dizaynerin "Kəpənək effekti" kolleksiyası Nyu-Yorkda, "Affair Khari Bülbül" isə "Nyu York Moda Həftəsi"ndə öz kolleksiyasını təqdim edilib. Kolleksiyanın adı təsadüfi seçilməyib. Dizayner Azərbaycan adət-ənənələrinə və mədəniyyətinə diqqət cəlb etməyi öz vəzifələrindən biri hesab edir, xarıbülbül çiçəyi isə ölkənin dünənini, bugününü və gələcəyini özündə birləşdirən Qarabağ simvoludur. Bu, Rüfət İsmayılın Azərbaycanın mədəni kodlarından ilhamlanaraq müxtəlif tarixi dövrlərin üsul və texnikasına istinad etdiyi ilk kolleksiya deyil.

2020-ci ilin sentyabr ayında Rüfət İsmayıl türk aktrisa Nebahat Çehre ilə yeni kolleksiyasını təqdim etdi. 

"AFFFAIR" brendinin 2020-2021 payız-qış kolleksiyası Paris Moda Həftəsində təqdim olunub. 

2021-ci ilin oktyabrında o, Parisdə Azərbaycan xalçalarına, mədəniyyətinə və İkinci Qarabağ Müharibəsində qələbəyə həsr olunmuş yüksək dəbli "Sumax" kolleksiyasını təqdim edib. Heydər Əliyev Fondunun, Diaspor və Sahibkarlıq Məsələləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən "Sumax" kolleksiyasına Azərbaycan xalçalarının Çələbi, Xanət, Nəlbəki-Gül və digər motivləri əsasında hazırlanmış 21 adda geyim daxildir.

Rüfət İsmayılın məşhur müştəriləri arasında Beyonce, J.Lo, Ariana Grande, Lil' Kim, Paris Hilton, Dua Lipa, Jordana Houston, Ashanti, Lauren Jauregui, Christina Aguilera və başqaları var. Dünyaca məşhur müğənni Adel azərbaycanlı dizayner və "Afffair" markasının təsisçisi Rüfət İsmayılın özəl olaraq hazırladığı libası geyinib.

O, Azərbaycanda əsasən Aygün Kazımova ilə əməkdaşlıq edir və onun üçün paltar tikir . Ashanti və İnas X 61-ci Qremmi Mükafatlarına Rüfət İsmayılın paltarı ilə qatıldılar. O, Azərbaycan təmsilçisi Samirə Əfəndinin Eurovision 2021 səhnəsinə geyindiyi paltarın da dizayneridir.

Rüfət İsmayılın kolleksiyasından olan geyimlər dünya liderlərinin xanımlarının qarderoblarını bəzəyir. Prezident xanımları bu modelyerə xüsusi geyimlər sifariş  verirlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.