Ölkə

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Bəşir Hacıyev kimdir? - DOSYE

1 İyul 2024 16:26
Baxış: 1 747
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Bəşir Qüdrət oğlu Hacıyev Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Maraqlıdır, görəsən, Bəşir Hacıyev kimdir?

Milli.Az lent.az-a istinadən Bəşir Hacıyevin bioqrafiyasını təqdim edir: 

Bəşir Hacıyev 1979-cu ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə həmin universitetin Dilşünaslıq fakültəsinin magistr pillələrini bitirib, 2007-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsindən məzun olub. O, 2021-ci ilədək özəl sektorda, əsasən turizm sahəsində fəaliyyət göstərib, uzun müddət Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin üzvü olub.

2021-ci ildə Ağdam rayonunun işğaldan azad edilmiş hissəsi üzrə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyində fəaliyyətə başlayıb, bu ilin əvvəlindən isə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi olub.

Əldə olunan məlumatlara görə, Bəşir Hacıyev Azərbaycanda mehmanxana idarəetməsi sahəsində ilk menecerdir. O, "İçəri Şəhər" adlı butik oteldə iş fəaliyyətinə başlayıb və on ildən çox müddət ərzində mehmanxana idarəetməsində çalışıb. Karyerası ərzində Bəşir Hacıyev "İçəri Şəhər", "Hale Kai Hotel", "Balion Hotel", "Çiraq Plaza Hotel", "Sea Breeze Resort", "Caspian Sea Resort" kimi otelləri idarə edib. 2010-cu ildə Azərbaycan Turizm Assosiasiyasi İdarə Heyətinin üzvü, daha sonra ASK-nın tərkibində fəaliyyət göstərən "Turizm" komissiyasının sədr müavini seçilib.

Bəşir Hacıyev eyni zamanda "Balion Group" şirkətinin təsisçisidir. Hazırda həmin şirkətə Bəşir Hacıyevin qardaşı Vüqar Hacıyev rəhbərlik edir. Onu da bildirək ki, Vüqar Hacıyev tanınmış teleaparıcı, Hacı Nuran kimi tanınnan Nuran Hüseynovun köməkçisi olub.

Qeyd edək ki, Bəşir Hacıyev bu vəzifəyə qədər Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin nümayəndəliyinin baş məsləhətçisi olub.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, Talış kəndinin quruculuq işlərinin ikinci fazasının başlanması nəzərdə tutulub:

"Bu il başlanacaq ikinci mərhələdə 158 evin və digər qeyri-yaşayış binalarının tikintisi planlaşdırılır. Bundan əlavə, Suqovuşanda su hövzəsinin ətrafında turizm kompleksi yaradılacaq. Orada işlər sürətlə davam etdirilir. Ağdam şəhərində isə Bərdə-Ağdam yolunun yekunlaşması nəzərdə tutulub. Bərdə-Ağdam yolunun uzunluğu 44,5 kilometr təşkil edir. Bərdə-Ağdam dəmir yolunun inşasının bu ilin sonuna yekunlaşdırılması planlaşdırılır. Eyni zamanda, bu yaxınlarda Ağdam dəmir yolu və avtovağzal kompleksinin inşasına başlanılacaq. Növbəti ilin sonlarına yaxın bu layihənin yekunlaşması nəzərdə tutulub. Paralel olaraq bu yaxınlarda yaşayış məhəllələrinin tikintisinə başlanılacaq".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.