Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi vəzifəsində çalışmış Vidadi Məmmədovun hakimlik səlahiyyətlərinə xitam verilib.
Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, buna səbəb onun Ədliyyə Nazirliyinin İcra xidmətinin rəisi vəzifəsinə təyin edilməsidir.
Qeyd edək ki, V.Məmmədov ədliyyə naziri Fərid Əhmədovun imzaladığı əmrlə nazirliyin İcra xidmətinin rəisi vəzifəsinə təyin edilib. 50 yaşlı Məmmədov 2022-ci ildən yeni təyinatadək Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi vəzifəsində çalışıb.
Əmək fəaliyyətinə 1998-ci ildə Şəki Rayon Mərkəzi Xəstəxanasının Birləşmiş uşaq xəstəxanasında hüquqşünas kimi başlayan V.Məmmədov 2001-2003-cü illərdə Ədliyyə Nazirliyinin İcra xidmətində, 2003-2007-ci illərdə isə Qeydiyyat və notariat baş idarəsində müxtəlif vəzifələrdə fəaliyyət göstərib. O, 2007-ci ildən Bakı şəhər Nizami rayon məhkəməsində hakim, 2010-cu ildən 2022-ci ilədək isə Bakı Apellyasiya Məhkəməsində hakim və İnzibati-İqtisadi Kollegiyanın sədri vəzifələrində işləyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun