Ölkə

Vatikan, Məkkə və Qüdsün birgə qoruduğu Naxçıvan sirri

17 İyun 2024 08:47
Baxış: 1 563
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın ən qədim torpaqlarından olan Naxçıvanda yaşı min illərlə ölçülən yüzlərlə dini kompleks, abidə, pir, ocaq və ziyarətgah var. Bu ziyarətgahların içərisində "Əshabi-kəhf" özünəməxsusluğu, mistik aurası və görkəmi ilə seçilir. Bu ziyarətgah hazırda nəinki Naxçıvanda və Azərbaycanın əksər bölgələrində, hətta dünyada da müqəddəs ziyarətgah kimi tanınır.

Milli.Az xəbər verir ki, bu bu barədə tarixçi alim Zaur Əliyev paylaşıb.

Uzun zamandır ezzotriklər, qədim əlyazma axtaranlar, böyük dövlətlərin məxfi orqanları dörd ölkədən üçündə cidd-cəhdlə mağaranı axtarmaqla məşğuldular. Lakin bu günə qədər onlar axtardıqlarını əldə edə bilməyiblər. Çünki onların düşündükləri mağaranın əsli Naxçıvanda yerləşir. Orta əsrlərdə Avropada fransızların məhşur "Qrand" Ensiklopediyasında "Sert Dormans" (Yeddi yatmışlar) adı ilə bu hadisənin tarixiliyi, baş verdiyi ərazi barədə məlumat vardır. Müəllif də qədim kitablarda yazılanları təhlil edərək ərazinin məhz Azərbaycanda olma ehtimalını qeyd edir. Əbu Həyyan, Əbdürrəşid Bakuvi, Biruni, Əbu-Bəkra ibn Xosrov əl-Ustad, A.Kalmıkov, K.Ç.Nikitin, A.Krımski və M.Atay, Q.Snesarev digər müəlliflər də qədim mağaranın Naxçıvan ərazisində olduğunu yazırlar. Bu barədə tanınmış islam alimi Fəxrəddin Razi "Mefatih'ul Gayb" adlı əsərində yazır ki, doğrusu, "Əshabi-Kəhf"in nə zamanını, nə yerini ağıla gətirə bilməyə imkan yoxdur, lakin şühbə yoxdur ki, bu mağara Naxçıvan ərazisindədir.

Bir faktı da qeyd edim ki, indi Naxçıvanda ziyarətgah olan yer əsl mağaranın (ocağın) olduğu yer deyil. Əsl yer dağların altında gizli saxlanılır. Bəzi mənbələr qeyd edirlər ki, indiki mağara ilə əsl mağara arasında 13 kilometr məsafə var.

Niyə əsl mağara dünyadan gizlədilib?

Onuncu əsrdən etibarən Vatikanın nəzarətində olan məbəd gözətçiləri, illuminatilər, İsa cəngavərləri və digər qruplar İsa peyğəmbərə (s) aid olması deyilən mifik müqəddəs kasanın axtarışına başlayır. Qeyd edim ki, Müqəddəs Kasa, ya da Graal xristian mifologiyasında İsanın son şam yeməyində istifadə etdiyi iddia edilən möcüzəvi gücləri olduğuna inanılan qabdır. Aramatyalı Yusifin çarmıxa çəkilən İsanın damcılayan qanını Müqəddəs Kasaya yığdığına inanılır. Bu kasanı tapan şəxsin ondan su içsə, ölümsüz olacağına o qədər əmin olurlar ki, Avropada və Şərqdə qanlı ölümlərlə müşayiət edilən axtarışlar aparılır. Eyni zamanda da islamda belə bir mifik əfsanə yaranır ki, Həzrət Əli (s) peyğəmbər (s) ailəsinə məxsus əşyaları da gizli bir yerdə gizlədib. İslam və xristianlarla yanaşı yəhudilərin də "Qırmızı gül" adlı xüsusi qrupu bu axtarışa qoşulur.

Mənbələrə inansaq, "Əshabi-Kəhf"in içərisində İsa peyğəmbərin yaxın əshabəsi tərəfindən yazılan İncil kitabı, İsa peyğəmbərə aid bir neçə əşya, qədim əlyazmalar, İsa peyğəmbərə aid müqəddəs kasa, onun əsası, ölüb-dirildikdən sonra əynində olan paltar və dünya tarixini dəyişə biləcək kitablar var. Bu barədə islam dini yayılandan sonra rəvayətlər artmağa başladı. Hikmət Tanyu adlı tədqiqatçı iddia edir ki, Həzrət Əli Qurani-Kərimdə mağara ilə bağlı ayə yazılandan sonra 7 nəfər inandığı şəxsə müqəddəs kitabın "Əl-Kəhf" surəsinin 9, 10, 11, 12, 17 və 18-ci ayələri həkk edilmiş mərmər lövhə "kitabə, təbii aşınma"nı mağarada saxlanılması üçün göndərir. Eyni zamanda Quranın ilk əlyzamaları, peyğəmbərə aid bir neçə əşya və digər əlyazmaları da onlarla birgə göndərilir. Burda "Əshabi-Kəhf"in başına gələnlərin yazılıb mağarada qoyulduğu mis lövhədə də var.

Niyə məhz burda? Hər üç səmavi dində belə bir fikir var ki, dünyanın sonuna kimi bu mağara bütün təbii fəlakətlərə dözəcək və burda yatanlar oyanan günə qədər Allah oranı mühafizə edəcək. Əlbəttə, bu mifik məlumatdır, lakin başda Vatikan, Məkkə və Yerusəlim (Qüds) olmaqla, dini rəhbərlərin ciddi qəbul etdiyi hadisə idi. Hər üç səmavi dinin məhz bu mağarada müqəddəslərə aid olan əşyaların olmasına dair inam var. Ona görə də hər üç dini mərkəzin xüsusi adamları "Əshabi-Kəhf" mağarasının olma ehtimalı olan ərazilərdə tarix boyu axtarışlar ediblər. Hətta əfsanələrə inansaq, islam Azərbaycanda yayılanda belə bir mağaranın bu ərazidə olması barədə məlumat alan Həzrət Əli (ə) xüsusi bir nümayəndə də Naxçıvana göndərir. Mağaraya gəlib baxan Həzrət Əlinin (ə) 7 nümayəndəsi qeyd edir ki, mağarada 3 nəfər sağda, 3 nəfər solda, biri də başda yatıb. Altısı arxası üstə yatır. Yeddincisi mağaranın uzaq küncündə arxası mağaranın divarına sağ böyrü üstə söykənib yatır. Əlbəttə, bu əfsanələrdir. Lakin tarix bəzən əfsanələrin real hadisələrdən yaranmasını təsdiq edir.

Azərbaycanda eyni adlı mağaranın olması səbəbilə Atabəylər dövründən başlayaraq gizli bir dəstə yaradılır ki, sirri qoruyub saxlasınlar.

Bir müddət bu mağaranın sirrini saxlamaq Naxçıvan ölkəsinin hakimi Şükürulla xan kimi qeyd olunan şəxsə və onun ailəsinə həvalə edilir.

18-ci əsrə qədər burada kiçik bir məscid olması da qaynaqlarda yazılır.

Xristianların ilk missioner dəstəsi mağara axtarışı edən zaman Naxçıvana da gəlib çıxırlar və onların vəzifəsinin mağaranın sirrini qorumaq lazım olması barədə Vatikana məlumat verirlər. Naxçıvanda bir neçə ailə bu mağaranın yerini və sirrini qoruyub saxlamaq üçün seçilir.

Səfəvi dövründə Şah İsmayıl buranın qorunmasını qaramanlı tayfasına tapşırır. Onun yanına gələn Vatikan elçilərinin xahişini yerə salmayan Şah Muğanlı Sarı Əlinin nəslindən olan Novruz Ağa Əlini bura mühafiz təyin edir. Muğanlı Sarı Əli Naxçıvanda baş verən "Əshabi-Kəhf" döyüşlərində əsl qəhrəmanlıq göstərib. Oranı sona qədər qoruyub ki, Osmanlılar oranı dağıtmasınlar.

Mağaranın içindəkilərin ələ keçməməsi üçün Novruz Ağa Əli oranın yolunu dəyişərək, üstündə məscid tikir.

Buranın qorunması üçün eyni zamanda "Tampliyerlər ordeni"nin məbəd cəngavərləri və ya Məsihin və Süleyman məbədinin cəngavərləri adlanan şəxslər də gəlmişlər. Onlar yaranan gündən bu günə qədər dinlə bağlı müqəddəs sayılan yerləri və əşyaları, kitabları qorumağı qarşılarına məqsəd qoyublar.

Lakin Türkmənçay müqaviləsindən sonra buranı işğal edən ruslar ətrafda qazıntı zamanı böyük miqdarda qızıl olan xəzinə aşkar edirlər. Bundan sonra qazıntını genişləndirmək qərarına gəldikdə yerli sakinlərin etirazı ilə qarşılaşırlar. Onlara dəstək vermək üçün erməni dəstələri də gəlir. Mağaraya yol axtaran ruslara ermənilər yol göstərirlər. Bu döyüşlərdə iştirak etmək üçün Avropadan və Qacar dövlətindən, Şərqdən "sirr qoruyucları" adı altında qruplar və Türkiyədən bektaşilər gəlir. Rus və ermənilərə qarşı savaşda onlar da iştirak edirlər və qələbə qazanandan sonra tamamilə mağaraya gedən yolları, bu yolları bilənləri məhv edirlər.

Qeydlərə görə, bolşeviklər Azərbaycanı işğal edəndən sonra buradan bir tona yaxın qızıl aparılıb. Onlara da ciddi xəbərdarlıq edilib ki, bura yaxın durmasınlar.

Naxçıvanda mağaranı qorumaq üçün seçilən ailələrə isə zamanı gələnə qədər buranı qorumaq həvalə edilir.

Hətta Avropa, Məkkə, Qüds və Vatikandan Azərbaycanı işğal edən Rusiyaya ciddi xəbərdarlıq edirlər ki, Naxçıvanda bu mağara toxunulmaz olacaq.

"Əshabi-Kəhf" mağarası ilə bağlı bir neçə mifik əfsanə də var. Deyilənlərə görə, burada Məkkədə olan Qara daş kimi meteorit var, burda dağın arasından gələn damcı-damcı su var ki, ilin bütün fəsillərində soyuq olur, əsl mağaranın üstündə, yaxud yaxın yerində edilən dualar dərhal icra edilir, burada havalandırma sistemi elədir ki, ilin dörd fəslində normal temperaturu saxlayır və sairə.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.