Ölkə

Ev alanda ƏDV belə qaytarılır - QAYDALAR

6 İyun 2024 10:57
Baxış: 1 231
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli fərmanı ilə təsdiq edilib.

Qaydaya əsasən, ödənişi tam həyata keçirmiş alıcı ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına, qaydada nəzərdə tutulmuş sənədlərlə yanaşı, yaşayış və ya qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədləri təqdim etməlidir. Lakin hələ də əhali arasında bu məsələ ilə bağlı suallar ünvanlayanlar var.

Məsələn, suallardan biri belədir: "Bakıda yaşayış komplekslərindən birindən mənzil almışam. Alqı-satqı zamanı şirkət tərəfindən bildirildi ki, ƏDV-nin bir hissəsi geri qaytarılacaq, lakin bir il keçməsinə baxmayaraq, heç bir vəsait qaytarılmayıb. Bilmək istərdim, bununla bağlı qanunvericiliyin tələbləri necədir? İpoteka ilə alınan daşınmaz əmlaka görə ƏDV geri qaytarılırmı? Nağd, yoxsa kartla ödəniş etmək daha çox faydalıdır?"

Müraciətləri nəzərə alaraq ümumilikdə alınmış mənzilə görə ödənilən məbləğdən ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı suallara cavab hazırladıq.

Milli.Az bildirir ki, mövzu ilə əlaqədar iqtisadçı Xalid Kərimli Oxu.Az-a açıqlamasında bildirib ki, daşınmaz əmlakın - həm evlərin, həm də obyektlərin alınması zamanı ödənilmiş ƏDV-nin 30 faizi vətəndaşa geri qaytarılır:

"Bu proses 2022-ci il noyabrın 25-dən başlanılıb. Qanun isə 2020-ci il yanvarın 1-dən qüvvəyə minib və köhnə borc alanlara da şamil edilib. Qanun o vaxtdan qəbul edildiyinə görə həmin dövrdə şamil olundu. Bu nə deməkdir? Məsələn, əgər 118 min manatlıq ev alırsınızsa, burada 100 min manat ƏDV-siz məbləğ, 18 min manat isə ƏDV məbləğidir (yəni 118 000/1,18=100 000 x 18% = 18 000). 18 min manatın 30 faizi isə 5 400 manat edir. Yəni 118 min manata aldığınız evin 4,6 faizi sizə geri qaytarılır. Amma bunun edilməsinin şərtləri və qaydaları var.

Birincisi, bu, nə nağd ödənişlə, nə də kartla ödəniş edilən alqı-satqıya şamil edilir. Bu yalnız o halda baş verir ki, sizin bank hesabınızdan MTK-nın (tikinti şirkətinin) bank hesabına köçürmə yolu ilə nağdsız hesablaşma olsun. Mütləq şəkildə nağdsız hesablaşma olmalıdır. Düzdür, "Nağdsız hesablaşmalar haqqında" Qanunda deyilir ki, siz ödənişi qarşı tərəfin bank hesabına yatırsanız, bu da nağd hesablaşma sayılır. Amma birmənalı şəkildə burada nağd söhbəti yoxdur, nağdsız hesablaşma mütləqdir. Belə ki, bu zaman əsas məbləği əsas hesaba, ƏDV məbləğini isə ƏDV hesabına ödəmək lazımdır. Qanun bu cürdür ki, əsas məbləğ MTK-nın (tikinti şirkətinin) əsas cari hesabına, ƏDV məbləği isə ƏDV hesabına köçürülür. Bu proses ayrıca ödəniş tapşırıqları ilə həll olunur.

Bunu şirkətin sizə təqdim etdiyi elektron qaimə əsasında həyata keçirirsiniz. Bunun üçün onlayn şəkildə (E-taxes.gov.az) hesab açırsınız. Bu hesaba elektron qaimə göndərilir. Siz qaimə əsasında bağlanmış müqavilə əsasında əsas məbləği əsas hesaba, ƏDV məbləğini isə ƏDV hesabına köçürürsünüz.

Bu prosesdə ikinci bir məqam da var. ƏDV-nin geri qaytarılması təkrar əmlak bazarında icra olunmur, yalnız ilkin tikinti bazarında həyata keçirilir. Yəni tutaq ki, alqı-satqı obyekti tikinti şirkəti tərəfindən inşa edilən daşınmaz əmlak olmalıdır və bu əmlakın ilk satışı olmalıdır. Bir şirkət bu daşınmaz əmlakı alıb başqa bir şirkətə keçirirsə, burada qanun pozulur, ƏDV-nin geri qaytarılması təmin edilmir. Bu zaman təkrar əqd sayılır və vətəndaş bu prosesdən heç bir xeyir götürə bilmir.

Bir məsələ də var ki, məbləğ tam ödənilməlidir. Əgər ödəniş MTK-ya hissə-hissə edilirsə, borc bağlanandan sonra ƏDV geri qaytarılacaq.

Amma vətəndaş borc götürərək MTK-nın borcunu tam bağlayırsa, bir ay ərzində ƏDV-ni geri ala bilər. Bəzən vətəndaşlar nağdsız ödəniş dedikdə bu prosesi market alış-verişi zamanı qaytarılan ƏDV ilə qarışdırırlar. Bu, o proses deyil. Bu proses birmənalı olaraq icra edilir, daşınmaz əmlakın ƏDV-sinin 30 faizi geri qaytarılır. Misal çəkdiyimiz kimi, 118 min manatlıq daşınmaz əmlakdan vətəndaşa qaytarılan məbləğ 5 400 manatdır, heç də az məbləğ deyil".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.