Azərbaycan çox əlverişli coğrafi mövqedə - iki mühüm nəqliyyat arteriyasının kəsişməsində yerləşir. Əlbəttə ki, bu özlüyündə böyük üstünlükdür, lakin mövcud imkanlardan düzgün istifadə, bu sahədə lazımi vaxtda düzgün qərarların qəbulu, qəfil geosiyasi dəyişikliklər nəticəsində yaranan imkanlardan istifadə etmək bacarığı böyük məharət tələb edir.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında nəqliyyat sisteminin təkmilləşdirilməsi və ölkədə nəqliyyat xidmətlərinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm addımlar atır, olduqca uğurla həyata keçirilən müvafiq proqram və layihələr hazırlanır. Dövlət başçısının qəbul etdiyi qərar və sərəncamlar ölkənin nəqliyyat sisteminin idarə olunma və xidmət sahəsinin təkmilləşdirilməsi, beynəlxalq tələblərə adaptasiya və milli nəqliyyat sisteminin dünya nəqliyyat sisteminə inteqrasiyası üçün hüquqi əsas təşkil edir. Uğurla həyata keçirilən qərar, layihə və proqramlar nəticəsində nəqliyyat-tranzit qovşağı olaraq Azərbaycan Respublikasının yeni nəqliyyat sistemi formalaşır. 2003-cü ildə Prezident İlham Əliyev bütün sahələrdə, o cümlədən nəqliyyat sektorunda proqram təminatının inkişafının əsasını qoyub. Sahə üzrə və regional və bütün ölkə ərazisini əhatə edən proqramlar qəbul olunub və uğurla icra edilib. İnfrastruktur təminatı yaxşılaşdırılır, yeni yollar inşa olunur, müvafiq beynəlxalq əməkdaşlıq möhkəmlənir və şaxələndirilir.
2005-ci ildə Azərbaycan nəhayət Şimal-Cənub nəqliyyat dəhlizinə qoşuldu. Beləliklə, ölkənin Şərq-Qərb (Böyük İpək Yolu) və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində Avropa və Asiyanın mühüm nəqliyyat qovşağı olmaq imkanları artıb. Azərbaycan eyni anda həm "Şimal-Cənub", həm də "Şərq-Qərb" nəqliyyat dəhlizi layihələrində iştirak edən yeganə ölkədir. Regionda həyata keçirilən hər bir nəqliyyat layihəsində əsas aparıcı ölkə olan Azərbaycan beynəlxalq əhəmiyyət kəsb edən dəmir yollarının inşasına və bərpasına xüsusi önəm verir. Bunun parlaq nümunəsi olan və dünyanın 100 ən böyük layihəsindən biri hesab edilən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun inşası Prezident İlham Əliyevin birbaşa rəhbərliyi altında və qəti iradəsi ilə həyata keçirilib. BTQ qitələrarası daşınmalar üçün geniş imkanlar yaradıb. Çin və Avropa ölkələri arasında ən qısa marşrut olan bu dəmir yolunun yaratdığı əlverişli şərait bir çox ölkələrin, o cümlədən Şərq ölkələrinin diqqətini cəlb edib. Belə ki, BTQ Asiya və Avropa arasında ən qısa və rahat marşrut olmaqla yükdaşıma müddətini 2 dəfədən çox azaltmağa imkan verir. Bakı-Tbilisi-Qars dəmir yolu Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstan kimi Mərkəzi Asiya ölkələrinin Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Prezident İlham Əliyev 2023-cü ilin sentyabrında Tacikistanda Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışında bildirib ki, Şərq-Qərb marşrutu üzrə yük daşımalarına artan ehtiyacı qarşılamaq üçün Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunu müasirləşdirir.
2024-cü ildə bu marşrut üzrə yük daşımalarının 1 milyon tondan 5 milyon tonadək artırılacağını deyən dövlət başçısı bununla paralel olaraq Bakı Ticarət Limanının imkanlarının 15 milyon tondan 25 milyon tonadək artırılacağını bildirib.
Qeyd etmək lazımdır ki, dövlət başçısının rəhbərliyi altında müxtəlif istiqamətləri əhadə edən çox sayda proqramlar, o cümlədən "Azərbaycan Respublikasının avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı", "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı", "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" və digər proqram və planlar həyata keçirilib.
Bu sahədə görülən tədbirlərin müvəffəqiyyəti son 20 il ərzindəki göstəricilərdə də açıq şəkildə əks olunub. Belə ki, 2023-cü ildə yük daşımalarının həcmi 2003-cü illə müqayisədə 110 milyon tondan 230,2 milyon tonadək artıb. Xarici ticarət dövriyyəsinin həcmi isə 2003-cü ildə 5,2 milyard dollar olduğu halda 2023-cü ildə 9,8 dəfə artım nümayiş etdirərək 51,2 milyard dollara çatıb.
Nəqliyyat və anbar sahəsində yaradılan əlavə dəyərin həcmi 2003-cü ildə 568,5 milyon manat idisə, 2023-cü ildə bu göstərici 7,637 milyard manata çatıb. Nəqliyyat və anbar sahəsində əsas kapitala investisiyalar 2003-cü ildəki 337,8 milyon manatdan 2023-cü ildə təqribən 4,766 milyard manata çatıb. Sərnişin daşımaları 2003-cü ildə 921 milyon nəfər idisə, 20 il ərzində 2,1 dəfə artaraq 1,9 milyon nəfəri ötüb. Azərbaycan son 20 il ərzində əldə edilmiş irəliləyişi davam etdirməkdə qətiyyətlidir və artıq bunun üçün möhkəm əsaslar formalaşdırıb.
Bu kontekstdə Prezident İlham Əliyevin 23 noyabr 2023-cü il tarixili sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı" mühüm əhəmiyyət kəsb edir. Plan konkret istiqamətlər üzrə müxtəlif tədbirlərin icrasını nəzərdə tutur ki, bu da nəqliyyat-tranzit-logistika xidmətlərini büdcə gəlirlərinin əsas mənbələrindən birinə çevirməyə, eləcə də ölkədə nəqliyyat xidmətləri sahəsində mövcud olan potensialdan daha səmərəli istifadə etməyə imkan verəcək.
Qeyd etmək lazımdır ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələr təkcə ölkənin özünə fayda gətirmir, həm də regional inkişafa böyük töhfə verir. Məlumdur ki, 2022-ci ilin fevral ayında Ukraynada müharibə başladıqdan sonra xüsusən Avrasiya məkanında yeni geosiyasi reallıqlar formalaşdı, nəqliyyat-logistika xəritəsi faktiki olaraq dəyişdi, ənənəvi tədarük marşrutları pozuldu. Şimal Dəhlizinin aktuallığını itirməsi fonunda alternativ nəqlliyyat dəhlizlərinə zərurət yarandı ki, Azərbaycan ərazisindən keçən Orta Dəhliz də məhz bu cür dəhlizdir. Azərbaycan marşrutun daha geniş regionun xeyrinə imkanlarının genişləndirilməsi üzrə sözdə deyik, əməldə konkret tədbirlər həyata keçirir.
Orta Dəhlizin üstünlükləri və coğrafi əhatəsi onun Türk Dövlətləri Təşkilatı ölkələrinin əsas nəqliyyat arteriyası qismində çıxış etməsinə imkan verir. Çin-Qazaxıstan sərhəddindən başlayan Orta Dəhliz Mərkəzi Asiya və Xəzər dənizi ölkələrindən, o cümlədən Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Asiya ilə Avropanı birləşdiən marşrutdur. Orta Dəhliz Avropa və Asiya arasında ən qısa və rahat marşrutdur. Bu dəhliz sayəsində Çindən Avropaya 10 min kilometr əvəzinə 7 min kilometrlik məsafəni 12 gün ərzində getmək mümkündür. Bu, Orta Dəhlizin Asiya və Avropa arasında qlobal ticarətdə nə qədər sərfəli və təhlükəsiz olduğunu göstərir.
Eyni zamanda, dəhlizin Şərqi Zəngəzur bölgəsində inkişaf perspektivləri mövcuddur. Zəngəzur dəhlizi açılandan sonra Azərbaycanın Orta Dəhliz vasitəsilə nəqliyyat imkanları daha da genişlənəcək. Bu isə regionun bütün ölkələri üçün yeni imkanlar yaradacaq.
Zəngəzur dəhlizi
Zəngəzur dəhlizi böyük regional və beynəlxalq əhəmiyyət kəsb edir. Çünki bu layihə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərini birləşdirən mühüm arteriyadır.
Azərbaycan bu dəhlizin tezliklə açılması üçün konkret tədbirlər həyata keçirib.
6 oktyabr 2023-cü ildə Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu" çərçivəsində avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun təməlqoyma mərasimi keçirilib. və tikinti işlərinə başlanılıb. Yaradılan avtomobil və sərhəd-gömrük infrastrukturu ölkələrin ərazisindən tranzit yük daşımaların artmasına xidmət edəcək və Naxçıvan Muxtar Respublikasına giriş-çıxışı asanlaşdıracaq.
2023-cü il dekabr ayına olan məlumata görə, Horadiz-Ağbənd dəmir yolunun (Zəngəzur dəhlizinin bir hissəsi) tikintisi layihəsi üzrə işlər 45 faiz yerinə yetirilib və layihə 2025-ci ildə yekunlaşacaq.
Həmçinin qeyd edək ki, Zəngəzur dəhlizinin reallaşdırıması türk dünyasını quru nəqliyyatı vasitəsilə birləşdirməyə imkan verəcək. Türkiyə və Azərbaycan Zəngəzur dəhlizinin reallaşdırılması üzrə sistemli fəaliyyət göstərərək beynəlxalq görüşlər çərçivəsində layihənin cəlbediciliyini təşviq edir.
Ermənistan isə bütün üsullarla özünün zərərinə layihənin icrasından boyun qaçırmağa çalışır, axı Azərbaycan bu dəhlizi İranla da aça bilər.
Prezident İlham ƏIiyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində dediyi kimi, Ermənistan Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirlər.
"Bu, onların öhdəliyidir. Mən artıq demişəm, bir daha demək istəyirəm, Azərbaycandan Azərbaycana gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidirlər. O ki qaldı, digər ölkələrin yüklərinə, əgər, məsələn, Orta Asiyadan Türkiyəyə bir yük Ermənistan ərazisindən göndərilirsə və hətta Azərbaycandan Türkiyəyə hansısa bir yük göndərilirsə, təbii ki, bütün gömrük rüsumları da ödənilməlidir. Yəni, bu, çox ədalətli mövqedir.
Bir məsələ də önəmlidir, bu yolun təhlükəsizliyi. Çünki mən dəfələrlə Ermənistan rəhbərliyinə demişəm ki, Ermənistanın qarantiyaları bizə kifayət deyil. 10 noyabr Bəyanatında göstərilmişdi ki, Rusiya sərhədçiləri 42-43 kilometr ərazidə təhlükəsizliyi və nəzarəti həyata keçirirlər və bu öhdəlik yerinə yetirilməlidir. Ermənistan isə bundan indi boyun qaçırmaq istəyir. Halbuki bu da məntiqli deyil. Çünki Rusiya sərhədçiləri Ermənistanın, İrəvanın aeroportundadırlar, Ermənistan-İran, Ermənistan-Türkiyə sərhədindədirlər. Niyə orada onlar qala bilərlər, amma burada qala bilməzlər? Sadəcə olaraq, bu, bir bəhanədir ki, bu yol açılmasın. Biz üç il gözləmişik, bizi ittiham edirdilər ki, biz güc tətbiq edərək o yolu açacağıq. Halbuki bu, cəfəng bir ittiham idi", - dövlət başçısı deyib.
Prezident İlham Əliyev bildirib ki, bu marşrut açılmasa Azərbaycan Ermənistanla sərhəddi hər hansı başqa yerdə açmaq niyyətində deyil.
"Ona görə Ermənistan tərəfinə məsləhətim odur ki, burada manipulyasiyalarla məşğul olmasın. Onların Azərbaycanın əsas hissəsindən Naxçıvana gedən təklif etdiyi marşrut tamamilə yararsızdır və ilboyu o marşrutdan istifadə etmək mümkün olmayacaq. Çünki orada hava şəraiti də və relyef də çox sərtdir. Ən düzgün variant Mehri ərazisindəndir. Onsuz da sovet vaxtında oradan dəmir yolu keçirdi və avtomobil yolu da tikilirdi. Həm dəmir yolu, həm də avtomobil yolu oradan keçməlidir. Azərbaycandan Azərbaycana, dediyim kimi, heç bir yoxlama aparılmadan insanlar və yüklər keçməlidir. Əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir", - deyə dövlət başçısı bildirib.
Azərbaycan təkcə beynəlxalq nəqliyyat dəhlizlərinin birləşməsində yerləşən ölkə deyil, həm də irimiqyaslı infrastruktur tikintisi həyata keçirən ölkədir. Xüsusən, Ələt Azad İqtisadi Zonasının (AİZ) yeri elə seçilib ki, bütün nəqliyyat növlərinin, müxtəlif yolların, marşrutların kəsişməsində yerləşir. Ələtdə Şimal-Cənub və Şərq-Qərb marşrutları, eləcə də Orta Dəhliz kəsişir. Ələt AİZ-in yaradılması ölkənin qeyri-neft sektoruna yerli və xarici investisiyaların artırılmasına yönəlib. Qanunvericilik AİZ-dəki xarici ixtisaslaşmış personalı gəlir vergisindən, sosial sığorta ödənişlərindən və digər müvafiq vergi və yığımlardan azad edir. AİZ-dəki şirkətlər bütün gömrük rüsumları və vergilərdən, o cümlədən istənilən məhsul və xidmətlərin xaricə ixracı üzrə ƏDV-dən azad olunur. 2023-cü ilin oktyabr ayında Prezident İlham Əliyev Ələt AİZ-in fəaliyyətinin təmin olunması üzrə əlavə tədbirlər barədə sərəncam imzalayıb. Sərəncama əsasən AİZ-in ərazisinin 23,7 hektar genişləndirilməsi nəzərdə tutulur.
Azərbaycanda illər üzrə infrastrukturun inşası və xidmətlərin təkmilləşdirilməsi üzrə sistematik şəkildə həyata keçirilən tədbirlər artıq öz bəhrəsini verməyə başlayıb - ölkəyə yük axını artır. Azərbaycanın etibarlı tərəfdaş qismində müasir infrastruktur təminatına malik olması faktı müxtəlif istiqamətlərdə yük axınlarının artmasına şərait yaradır. Beynəlxalq nəqliyyat dəhlizləri ilə əhatə olunması Azərbaycanın tranzit ölkə olaraq təkcə nəqliyyat dəhlizlərindən istifadəsinə imkan vermir, həm də daha geniş imkanlar yaradır. Əlbəttə ki, Azərbaycanın mühüm nəqliyyat qovşağına çevrilməsi Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müasir və uzaqgörən tədbirlər sayəsində mümkün olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun