Ölkə

Körpü uçması nəticəsində xəsarət alanların son vəziyyəti AÇIQLANDI

15 Sentyabr 2023 12:49
Baxış: 1 456
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində körpünün uçması nəticəsində TƏBİB-in tabeliyindəki Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 3 nəfər (kişi) yerləşdirilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

"Xəsarət alanların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 1999-cu il təvəllüdlü vətəndaşa alt çənənin əzilmiş yarası, sol mil sümüyünün sınığı diaqnozu qoyulub və vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.

1966-cı il təvəllüdlü vətəndaşın müalicəsi hazırda tibb müəssisəsinin Cərrahiyyə şöbəsində aparılır. Ona qabırğaların çoxsaylı sınıqları, travmatik şok diaqnozları qoyulub. Vəziyyəti ağır qiymətləndirilir.

Qarının küt travması, sağ bud sümüyünün yuxarı üçdə birinin qapalı yerdəyişən sınığı diaqnozu qoyulan 1984-cü il təvəllüdlü pasiyentin vəziyyəti orta ağırdır. O, ailəsinin istəyi ilə Bakı şəhərində yerləşən tibb müəssisəsinə təxliyə olunur", - məlumatda deyilir.

Qeyd edək ki, intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları səbəbindən Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində körpü uçub. Nəticədə Xaçmaz-Xudat yolu bağlanıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.