Ölkə

"Rasim Məmmədov 13 milyon manatı geyimə xərcləyib"

23 Sentyabr 2022 16:10
Baxış: 1 214

Bakı Ağır Cinayətlər Məhkəməsində "Baku Steel Company" şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı məhkəmə prosesi keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, prosesdə ifadə verən şahid Zemfira Əliyeva bildirib ki, o "Baku Steel Company" şirkətinin xəzinədarı olub.

"2008-ci ildən bu vəzifədə çalışmışam. Daha sonra məlum oldu ki, kassada 13 milyon manat kəsir var. Bununla bağlı dəfələrlə rəhbərlikdə təmsil olunan Çingiz Həsənov və Kamran Qəhrəmanova müraciət etmişəm. Demişdim ki, bu kəsiri bağlamaq lazımdır. Amma mənə dedilər ki, bu sənin işin deyil. Şirkətin direktoru isə Süleyman Məmmədov idi. Mənim xəzinədar kimi vəzifəm çek yazmaq olub, xəzinəyə gündəlik 5-10 min manat daxil olurdu. Mən 13 milyon manatı görməmişəm. Bu pul sadəcə kağız üzərində olub. Hazırda da orada işləyirəm. 13 milyon manat kəsiri Rasim Məmmədov bağlamalı idi. Çünki şirkətin əsas rəhbəri o idi. Eşitdiyimə görə, pulları Rasim Məmmədov götürüb, amma bunun şahidi olmamışam", - şahid bildirib.

Onun sözlərinə görə, 2021-ci ildə bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etmək qərarına gəlib: "Ərizə yazıb qurumun şikayət qutusuna atdım. Bunu özümü sığortalamaq üçün etdim. Mən Rasim Məmmədova birbaşa pul verməmişəm. Pulu xəzinəyə qəbul etməmişəm. Çingiz Həsənov deyirdi, mən də edirdim. Amma pul görməmişəm".

Şahidin ifadəsində ziddiyyətlər olduğundan onun ibtidai istintaqa verdiyi ifadə elan olunub. Z.Əliyeva ifadəsində bildirib ki, Rasim Məmmədova nağd şəkildə pul verilib. Amma məhkəmədə bunu təsdiq etməyib və pulların R.Məmmədova verildiyini görmədiyini bildirib.

Rasim Məmmədov Z.Əliyevanı verdiyi ifadələrlə özünü pis vəziyyətə saldığını bildirib.
Prosesdə ifadə verən digər şahid, "Baku Steel Company" şirkətinin baş mühasibi Kamran Qəhrəmanov bildirib ki, 2004-cü ildən şirkətdə çalışsa da, 2011-ci ildən baş mühasib təyin edilib: "Kassada olan 13 milyonluq kəsir barədə mən dəfələrlə rəhbərliyə məlumat vermişəm. Çingiz müəllim dedi ki, bu sənin işin deyil, Rasim Məmmədov şirkətin rəhbəridir, özü bilər. Metal alışı vaxtı hesabdan pul çıxırdı, amma kassaya gəlmirdi. Pul bu şirkətdən çıxıb "Azəristeel"ə daxil olurdu. Mən metalın real qiymətini bilmədiyim üçün metalın neçəyə çıxdığı və neçəyə rəsmiləşdirildiyini bilmirəm. Mənə deyilən qiymətə metalı rəsmiləşdirirdim".

Təqsirləndirilən şəxs Rasim Məmmədov bildirib ki, şirkətdən Əmlak məsələləri üzrə Dövlət Komitəsinə metal almaq üçün 10 milyon dollar köçürsə də, komitə şirkətə 8. 8 milyon dollarlıq metal verib. Qalan 1.2 milyon dollar, yəni 2 milyon manat geri qaytarılmayıb: "Bu gün komitənin hələ də şirkətə 2 milyon manat borcu var. Daha sonra Bakı Poladtökmə Zavodunu almaq üçün Loğman Zülfüqarlıya 2,5 milyon manat verdim. Yəni bu pullar həmin 13 milyon manatın içərisindədir. Yerdə qalan məbləğ isə şirkətin digər xərclərinə yönləndirilib. Bunların heç biri mənim şəxsi xərcim deyil. Bir var Rasim Məmmədov gedir İtaliyada 50 min dollara kostyum tikdirir, bir var "Ferrari" maşın alır, bu, şəxsi xərcdir, bir də var şirkətin xərcləri. Bu pullar şirkət üçün xərclənib. DHD-ni aparanda 22 milyon manatı kassaya Kamran aparıb".

Kamran Qəhrəmanov bildirib ki, o, Rasim Məmmədova 13 milyon pul verməyib: "Mən Rasimə pul verməmişəm. 22 milyon manata gəlincə isə mənə dedilər ki, sən şirkətin nümayəndəsi kimi iştirak et, mən də iştirak etdim. Həmin pulu təsisçidən mədaxil kimi kassaya mədaxil etdim".

K.Qəhrəmanovun da ifadələri arasında ziddiyyət olduğundan ibtidai istintaqa ifadəsi elan olunub. O, ibtidai istintaqa ifadəsində bildirib ki, pullar Çingiz Həsənovun köməkçisi Səbinəyə verilib. Məhkəmədə isə bu pulları görmədiyini bildirib.

İfadədəki daha bir ziddiyyət isə Rasim Məmmədovun şəxsi xərcləri ilə bağlı olub. O, istintaqa ifadəsində bildirib ki, Rasim Məmmədov 13 milyon manatı geyim və restorana xərcləyib. Məhkəmədə isə o, bu fikri təkzib edib.

Məhkəmədə daha bir şahid, "Azəristeel"də fəhlə işləyən Xəyal Əhmədov ifadə verib: "Mən şirkətin giriş-çıxışına nəzarət edirdim. Bəzən isə Mübariz müəllimin verdiyi sənədləri və pulları tapşırdığı şəxslərə verirdim. Pulları sellofan torbada aparırdım. İçərisində nə qədər məbləğ olması barədə heç bir məlumatım olmurdu. Pulları əsasən Çingiz Həsənovun otağında katibəsinə verirdim".

Prosesdə məlum olub ki, bu şahidin də ibtidai istintaqa verdiyi məlumatlarda ziddiyyətli məqamlar ortaya çıxıb. Məlum olub ki, o, sellofan torbada 10 min 200 manat məbləğində pullar aparıb. Amma şahid məhkəmədə bu faktı təstiq etməyib. O bildirib ki, işlədiyi dövrdə Rasim Məmmədova heç vaxt pul verməyib.

Proses sentyabrın 30-da davam etdiriləcək.

İttihama görə, Rasim Məmmədov "Baku Steel Company" MMC-nin müşahidə şurasının sədri olduğu müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, sənədlərə yalan məlumatlar daxil etməkdə, o cümlədən, rəqəmləri şişirtməkdə, başqa şəxslərin adına şirkətlər yaradıb şirkətin mallarını aşağı qiymətlərlə satmaqda, "Baku Steel Company"-nin məhsullarını öz obyekt və yaşayış binalarına sərf etməkdə təqsirləndirilir. Bütün bunlarla təqsirləndirilən şəxs ümumilikdə təxminən 55 milyon manatlıq mənimsəmə və israfetməyə yol verib.

Göstərilən cinayət əməllərinə görə, Rasim Məmmədova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) yekun ittiham verilib.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics