21:17
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məktəblilərin qəzaya düşməsinə dair məlumat yayıb.
Məlumat İdarəni rəsmi "Facebook" səhifəsində yerləşdirilib.
"Samux şəhər 3 nömrəli tam orta məktəbin 16 şagird və 4 müəllimindən ibarət heyətini daşıyan avtobus bu gün Şəki şəhərində qəzaya uğrayıb. Avtobusda olan müəllim və şagirdlər dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Şagirdlərdən birinin isə xəstəxanada müalicəsi davam etdirilir.
Qəza nəticəsində xəsarət almış şagird və müəllimlərə Allahdan şəfa diləyirik" - deyə məlumatda bildirilir.
19:46
Şəki şəhərində "İsuzu" markalı sərnişin avtobusunun dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif bədən xəsarətləri ilə sürücü və 22 nəfər sərnişini qəzaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
19:12
Şəki şəhərində avtobus aşması zamanı xəsarət alan 11 nəfər saat 17:10 radələrində Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Bu barədə ƏBİB-dən məlumat verilib.
Məlumatda bildirilir ki, vətəndaşlardan 10 nəfərə ilkin zəruri tibbi yardım göstərilərək 18:30 radələrində evə buraxılıb. 1 nəfərə isə Bel nahiyəsinin küt travması, ll bel fəqərəsinin sınığı dizaqnozu qoyulub və hazırda müayinəsi davam etdirilir.
17:55
Şəkidə avtobusun aşmasının bəzi təfərrüatları məlum olub.
Milli.Az APA-ya istinadən bildirir ki, avtobusu idarə edən şəxs Samux rayon sakini 1959-cu il təvəllüdlü Eyyar Kamil oğlu Əhmədov olub.
Eyyar Əhmədovun idarə etdiyi "İsuzu" markalı 20 AY 305 dövlət nömrə nişanlı avtobus idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı avtobusda sürücü ilə birlikdə 23 nəfər olub.
Avtobusdakılar Samux rayon sakinləridir. Onlardan 16 nəfəri şagird, 6 nəfərin isə müəllim və yaxud valideyn olduğu bildirilir.
Yarılıların hamısı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda yaralılar müayinə edilir, şəxsiyyətləri dəqiqləşdirilir.
Milli.Az