Ermənistan

Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi niyə güclənməkdədir? - ŞƏRH

22 Fevral 2021 21:00
Baxış: 810

Son günlər Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi güclənməkdədir. Rusiya əleyhinə istər erməni mediasında, istərsə də etiraz aksiyalarında körüklənən təbliğatın isə səbəbləri müxtəlifdir.

Milli.Az bildirir ki, bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, əvvəla, erməni siyasətçiləri 44 günlük müharibədə uğradıqları acı məğlubiyyətin səbəblərini ən müxtəlif ünvanlarda, o cümlədən Rusiyada axtarırlar:

"Bu, əslində uzun illərdən bəri ultramillətçi ideologiyaların girovuna çevrilmiş ermənilərin mental xüsusiyyətinə çevrilən bir amildir. Xroniki narazılıq erməni identikliyinin göstəricisinə çevrilib. Onlar özlərini "ən qədim", "ən istedadlı" xalq kimi dəyərləndirir, bu səbəbdən bütün dünyanı özlərinə borclu sayır, hər kəsdən onlara məhz erməni olduqlarına görə xüsusi münasibət gözləyirlər. Onlara elə gəlir ki, onları - "bəşəriyyətin ən qədim, ən istedadlı, ən dahi" etnosunu heç kimin gözü götürmür, bütün digər xalqlar gecə-gündüz onların paxıllıqlarını çəkir, inkişaflarının qarşısını alır, imkan düşdükcə əzməyə çalışırlar.

Qeyd edim ki, bəşər tarixində bu qədər eybəcər və öz eybəcərliklərinə, xroniki xəyanətkarlıqlarına "müqəddəslik" donu geyindirmək üçün bütün ağıla gələn və gəlməyən aclaflıqlara əl atan ikinci bir topluma rast gəlinməyib. Təsəvvür edin, Rusiya tarixi proseslərin gedişatında onlar üçün, heç vaxt yaşamadıqları bir ərazidə dövlət yaradıb, daha sonra bu dövlətin sərhədlərini genişləndirib, onillər boyu burada yaşayan erməniləri müdafiə edib, sərhədlərini qoruyub və bütün bunlara böyük maliyyə və insan resursu sərf edib.

Amma ermənilər ilk imkan düşən kimi Rusiyaya arxa çevirib, onların mövcudluğunu təmin edən bir ölkəni düşmən gözündə görüblər. Maraqlı olan məqamlardan biri, hazırda Rusiya əleyhinə çıxış edən siyasətçilərin bir müddət öncə Ermənistanın siyasi hakimiyyətini anti-Rusiya mövqeyində ittiham edənlərdir. Heç kimə sirr deyil ki, istər Vazgen Manukyan, istər Seyran Ohanyan, istərsə də digərləri, müharibədən öncə Nikol Paşinyan və komandasını Rusiya əleyhinə fəaliyyətdə suçlayırdılar. Amma indi özləri daha sərt ritorika seçiblər. Ermənistanın toplumsal əhval-ruhiyyəsi ilə bağlı məqamlara toxundum.

Lakin indiki halda erməni siyasətçilərinin korporativ siyasu maraqlarından irəli gələn məqamlara da diqqət çəkməyi vacib sayıram. Bu baxımdan, hesab edirəm Rusiyaya qarşı təbliğatın səbəblərindən birinin də hakimiyyətə can atan qüvvələrə Rusiyanın dəstəyinin olmamasıdır. Ermənistanda uzun illər hakimiyyətdə olmuş hərbi-cinayətkar xunta Rusiyaya qəzəblidir. Çünki etirazçıların kütləviliyini təmin etməyi, ənənəvi ritorik şüarlar üzərindən kütlə arasında populyarlıq qazanmağı bacarmır".

E.Mirzəbəyli vurğulayıb ki, Moskvanın Ermənistanda baş verən proseslərə susqun münasibəti isə görünür, onları qane etmir: "Başqa bir səbəb, Nikol Paşinyanın "qərbyönümlü siyasətçi" obrazı ilə bağlı ola bilər. Yəni, Ermənsitanda hakimiyyəti mənimsəməyə cəhd göstərən qüvvələr, kütlənin onlara dəstək vermədiyini, mövcud hakimiyyətin hələ də müdafiə olunduğunu əsas götürərək, xarici dairələrin diqqətini çəkmək və dəstəyini qazanmaq, həmçinin kütlənin Rusiyaya qəzəbli olan hissəsini öz tərəflərinə çəkmək üçün bu ölkənin Ermənistandakı hərbi mövcudluğunun əleyhinə çıxış edərlər. Şübhəsiz ki, bu amil də anti-Rusiya əhval-ruhiyyəsinin daha qabarıq şəkildə nəzərə çarpmasında müəyyən rol oynayıb. Amma bütün hallarda, Ermənistanda Rusiyaya qarşı aparılan təbliğat, onlara edilən yaxşılıqlara görə heç vaxt minnətdar olmağı bacarmayan bir toplumun xarakterik xüsusiyyətlərinin göstərəcisi kimi dəyərləndirilməlidir".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.