"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev Azərbaycan Premyer Liqasının 18-ci turunda "İnter"ə 0:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavalandırıb.
Milli.Az qol.az-a istinadən bildirir ki, R. Əmirquliyev müsahibəsində transfer məsələlərindən və gələcək karyerasından danışıb.
- Mətbuatda artıq "Qarabağ"la müqavilə imzalamağınla bağlı xəbərlər yayılır.
- Mən də bu xəbəri mətbuatdan oxumuşam. Amma hələ heç nə rəsmiləşməyib. Sadəcə danışıqlar olub.
- Razılıq əldə olunub?
- Razılaşmaqla rəsmi müqavilə imzalamaq ayrı-ayrı şeylərdir. Biz rəsmi müqavilə imzalamamışıq.
- Amma çox ehtimal ki, yeni klubun "Qarabağ" olacaq.
- Ola bilər. Amma başqa variantlar da var. Sabah bütün suallar cavabını tapacaq.
- Sənin çıxış edəcəyin mövqedə 4 futbolçu "Qarabağ"da var. Belə olan halda sənin üçün "Qarabağ"a keçməyin daha vacib idi, yoxsa rahat şəkildə əsas heyətinə düşə biləcəyin "Qəbələ"yə?
- "Qarabağ"da yaxşı futbolçular yer alıb. Orda əsas heyətə düşmək üçün güclü rəqabət var. Əgər "Qarabağ" variantı alınsa, çalışacam özümü sübut edim və əsas heyətə düşə bilim.
- Anlaşmanın müddəti iki il yarım olacaq?
- Sabah bilinəcək. Çünki dekabrın 30-a qədər "Xəzər Lənkəran"ın futbolçusu hesab edilirəm.
- Bir ara Xorvatiyanın "Rijeka" klubu ilə də adın hallanırdı. Bu klubdan rəsmi təklif almışdın?
- Təklif almışdım. Amma heç bir klubla danışıq aparmadım. Çünki üstünlüyü Azərbaycanda qalmağa verdim.
- Xaricə getməməyinin səbəbi nə idi? Bu günə qədər heç bir futbolçumuzun əcnəbi klublarda özünü doğrulda bilməməsi səni qorxutmadı?
- Xaricə getməməyim ailə məsələləri ilə bağlıdır. Çünki bəzi problemlərim var.
- Gəmini sonuncu tərk edən kapitan olur. Bu gün kapitanın ayrılmaq haqda qərar verməyi gəminin batmasına işarədir?
- Mənə də ağır gəlir. "Xəzər Lənkəran"nı bu vəziyyətdə qoyub getmək istəməzdim. Amma belə alındı. Məcbur getməliyəm. Başqa variant yoxdur.
- Qış fasiləsi zamanı transferlərin olacağı bildirilirdi. Sənin gedişin bu deyilənlərin boş vəd olduğu anlamına gəlmir?
- Bu suala rəhbərlik cavab versə, daha yaxşı olar. Amma Lənkəran azarkeşləri bu cür vəziyyətə layiq deyil. Komanda yarandığı gündən çempionluq uğrunda yarışıb. Bu cür çıxış etməkdənsə, oynamamaq daha yaxşı olardı.
- Amma azarkeşlərin səni Lənkarandan qəhrəman kimi yola salır.
- Hər zaman çalışmışam ki, geyindiyim formanın haqqını verim. Azarkeşlərimizə təşəkkür edirəm ki, məni dəstəkləyirlər. Yaxşı günümüzdə olduğu kimi, çətin anlarımızda da bizi yalnız buraxmadılar. Nəsə demək çətindir...
- Tək azarkeşlər yox idman mətbuatımız da bu il səni dəstəklədi və ilin ən yaxşı futbolçusu seçdilər.
- Səs verənlərə təşəkkür edirəm. Çalışacam, daim belə davam edim və hər zaman xoş sözlər eşidim.
- Amma mükafatını almağa gəlməmişdin.
- Mənə 2 gün qalmış məlumat verdilər. Ona görə gəlməyim heç cürə mümkün olmadı.Üzrlü hesab edin.
Milli.Az