Milli.Az "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsini təqdim edir:
- Məşqçilik karyeranızda 200-cü oyununuzu Topaz Premyer Liqasının XIV turunda "Zirə"yə qarşı keçirdiniz. Yubiley matçınızda (0:1) məğlub olmağınızın səbəbi komandanın, yoxsa hakimliyin zəif olması idi?
- Yox, hakimlik bir şey yox idi. Problem bizdə idi ki, zəif çıxış etdik. Komanda gənc oyunçulardan qurulub, buna görə də məğlub olduq. Amma deyim ki, qarşılaşma bərabər səviyyədə keçdi. Uduzulası görüş deyildi. Desəm ki, rəqib bizdən həddən artıq güclü oynadı, yalan olar. Eyni səviyyədə mübarizə keçdi, bizim də qol imkanlarımız yarandı. Sadəcə, istifadə edə bilmədik. Bunda hakimi günahlandırmaq doğru olmaz. Mən də bəzən əsəbi oluram. Elə epizodlar olur ki, əsəblərimə hakim ola bilmirəm.
- Ümumiyyətlə, məşqçilik karyeranızdan razısız?
- Avrokubokda qrup mərhələsinə komanda çıxaranda razı olacam. Ona qadir olduğumu düşünürəm. Amma hələlik alınmır.
- Çempionatın gümüş və bürünc medalını qazanmısız, həmçinin Avroliqada mərhələ adlayan ilk məşqçisiz. Sizcə, uğurlu göstəricidi?
- Xeyr, uğurlu nəticə deyil.
- Qızıl medalı nə vaxt qazana biləcəksiz?
- Qismət olsa, qazana biləcəm. Qismətdən artıq yemək olmaz.
- Gələk "Xəzər Lənkəran"ın hazırkı durumuna. Komandada nələr baş verir?
- Komanda gənc futbolçulardan qurulub. Dekabrın 20-dək hazırkı oyunçularla da mübarizə aparacağıq. Ondan sonrasına qış fasiləsində baxarıq.
- Rasim Ramaldanov komandadan getdi, digər təcrübəlilər də yol üstədi. Bu amil sizi daha acınacaqlı vəziyyətə salmaz?
- Dekabrın 20-də son matçımıza çıxacağıq. Həmin gündən sonra rəhbərlik hansı qərarı qəbul etsə, ona uyğun da iş davam edəcək. Hazırkı vəziyyətdə bu barədə nəsə deyə bilmərəm.
- Qış fasiləsində komandanın gücləndirilməsi gözlənilmir. Gənclərlə işləməyə razı olacaqsız, yoxsa siz də ayrılacaqsız?
- Hələ ikinci dövrə davam edir. Gəlin, ayın 20-ni gözləyək. Ondan sonra bütün suallara cavab tapılacaq.
- Bir vaxtlar çempionluğa iddia edən "Xəzər Lənkəran"ın indi autsayderlər zonasında qərarlaşmağı sizə necə təsir edir?
- Əlbəttə, heç kim bu vəziyyətə düşmək istəməzdi. "Xəzər Lənkəran" həmişə çempionluğa oynayan komanda olub. Təəssüf ki, FİFA-nın məlum qərarından sonra komanda bu vəziyyətə düşdü, yalnız gənclərin ümidinə qaldı. Sonuncu yerlərdə getməyimiz çox üzücüdü.
- Bir gün əvvəl əvəzedicilərdə 90 dəqiqə mübarizə aparan futbolçunu sabahı günü əsas komandada oynadırsız. Bu vəziyyət nə vaxta qədər belə davam edəcək?
- Qış fasiləsinə kimi, vəziyyət belə də davam edəcək. Artıq 4 oyunumuz qalıb. İnşallah, gələn ildən hər şey normallaşacaq.
- Komandanın mövsüm başa çatmamış fəaliyyətini dayandırması ehtimalından narahat deyilsiniz?
- "Xəzər Lənkəran" dağılmayacaq. Sizə 100 faiz deyirəm ki, "Xəzər Lənkəran" mövsümün sonuna qədər mübarizəni davam etdirəcək.
- Ümumiyyətlə, rəhbərliklə qış fasiləsindən sonrakı planlar barədə görüşünüz olubmu?
- Görüşmüşük, amma bununla bağlı müzakirə aparmamışıq. Yəqin ki, "Qəbələ" ilə növbəti tur matçından sonra bu məsələlər ətraflı danışılacaq.
Milli.Az