"Avropa Liqasının finalında oynamağa layiq komandaya uduzduq. Rəqibin səviyyəsi nəinki Avropa Liqası, hətta Çempionlar Liqasında oynamağa layiqdir. Əlbəttə, nəticədən razı deyilik. Amma bu, bizim üçün ciddi dərs oldu. Mərhələ-mərhələ yüksəlmək üçün bundan nəticə çıxarmalıyıq. Rəqibi qələbə münasibətilə təbrik edirəm".
Qol.az-ın Dortmunda ezam olunmuş əməkdaşının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsində səfərdə "Borussiya"ya 0:4 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Oyundan öncə nə gözləyirdiniz, nə baş verdi?
- Əlbəttə, bizi nəyin gözlədiyini təsəvvür edirdik. Ancaq yenə də nəsə edəcəyimizə ümidli idik. Məlum məsələdir ki, rəqib bizdən güclüdür. Qorxulu heç nə baş vermədi.
- Vaqif Cavadov buraya nə üçün gəlmişdi?
- Onsuz da əhvalım yaxşı deyil. Mənə belə gülməli sual verməklə əsəbləşdirmək istəyirsiniz. Bu matçın protokoluna hazır vəziyyətdə olan oyunçular daxil edilmişdilər.
- "Qəbələ"nin uğursuz seriyası "Borussiya" ilə oyundan başlayıb. Sizcə, bu, nə qədər davam edəcək?
- Rəqib haqda fikirlərimi dedim. Futbolda möcüzə nadir hallarda baş verir. Uğursuz seriyaya gəlincə, biz Azərbaycan Premyer Liqasında planlaşdırdığımız və qazanmalı olduğumuz xalları əldə edə bilmədik. Səbəbi də hücumları məntiqi sonluqla başa çatdıra bilməməyimizdədir. Burada uğursuz seriya görmürəm. Belə oyunlar isə hər bir komanda ilə bağlı baş verir. Bundan sonra müəyyən düzəlişlər edəcəyik.
- Çox əsəbi görünürsünüz...
- Xeyr, əsəbi deyiləm. Sadəcə, əhvalım pozulub. Ola bilsin ki, əvvəlki sual məni bir qədər özümdən çıxardı, amma əsəbi deyiləm.
- "Qəbələ"ni bu səviyyəyə çatdırdıqdan sonra diqqətlər sizə yönəlib. Təkliflərə reaksiyanız necədir?
- Buna şərh vermək istəmirəm. Amma qeyd edərdim ki, mən "Qəbələ"ni, futbolçuları sevirəm, rəhbərliyə böyük hörmətlə yanaşıram. Hazırda məni komandanı yüksək səviyyəyə qaldırmaq düşündürür. Bu gün ürəkdən cavab verirəm. Ona görə xahiş edirəm ki, bir daha bu sualı verməyəsiniz. Üzərimizə düşən vəzifəni anlayıram. "Qəbələ"də görəcəyimiz işlər var, komanda daha güclü olmalıdır. Hazırda bütün fikirlərim buna yönəlib.
- "Krasnodar" PAOK-a qalib gəldikdən sonra "Qəbələ"nin "pley-off"a yüksəlmə şansı, demək olar ki, itdi. Bundan sonrakı hədəfləriniz nədən ibarət olacaq?
- Şansımız az olsa da, qalır. Ona görə yeganə məqsədimiz növbəti iki oyundan qalib ayrılmaqdır. Rəqiblərin xal itirməsində də maraqlıyıq. Bununla da itməmiş şansımızı qaytarmaq istəyirik.
Milli.Az