Cəmiyyət

""Şərq"in mövcudluğu sual altında idi"

26 Oktyabr 2016 17:58
0 Şərh     Baxış: 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Noyabr ayının 1-i  "Şərq" qəzetinin yaranmasından 20 il ötür. 

Milli.Az "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının modern.az-a verdiyi müsahibəni təqdim edirik.

-"Şərq" qəzetinin 20 yaşı tamam olur. 20 yaş bir igidin ömrüdür. Ötən illərə nəzər saldıqda "Şərq"i arzuladığınız məqamda görə bilirsinizmi?

-"Şərq"i hər zaman mətbuat içərisində sayılıb-seçilən və fərqli bir qəzet kimi görməyə çalışmışıq. Hesab edirəm ki, arzularımızın böyük bir qismi həyata keçib. Ən azından bu gün "Şərq" ictimai rəyi formalaşdıran və ona təsir edən bir mətbuat orqanı kimi qəbul olunur. Bu gün bizim abunəçilərimiz var, gündəlik "Şərq"i oxuyan, izləyən kifayət qədər oxuyucu var.  Bu oxucular üçün çalışmaq, Azərbaycan cəmiyyətinə xeyir vermək və jurnalist missiyasını həyata keçirmək imkanları bu gün varsa, bunu çox yüksək qiymətləndiririk. Hesab edirik ki, arzularımızın böyük bir qismi həyata keçib.

- Son zamanlar hər kəs qəzet əsrinin bitdiyini, qəzet çap etməyin əlavə xərc olduğu fikrini irəli sürür. Bununla razısınızmı?

- Təbii ki, hərənin bir fikri var, fikirlər müxtəlif ola bilər. Hesab edirəm ki, biz nə Türkiyədən, nə Almaniyadan, nə də Fransadan çox inkişaf etmiş bir cəmiyyətik. Onlarda  bu gün çap mətbuatı varsa, onların tirajları günü-gündən artırsa, çap mediasının internet səhifəsi oxucuları maraqlandırırsa, deməli qəzet var, yaşayır və yaşamalıdır. Sadəcə çap mətbuatının maliyyə tələbi çoxdur, bahalı layihədir. O baxımdan mən hesab edirəm ki, Azərbaycanda çap mətbuatı qalacaq. Ümumiyyətlə, çap mətbuatını elektron mətbuata qarşı qoymaq düzgün deyil.  Bu, medianın bir tərkib hissəsidir. Elektron kütləvi informasiya vasitələrinin kökündə çap mətbuatı durur.  Çap mətbuatı jurnalistika ənənələrini, peşə davranış qaydalarını özündə saxlayır. Bunların üzərində saytlar, elektron informasiya portalları şaxələnib inkişaf etməlidir. Əgər çap mediasını ləğv eləsək, Azərbaycan mediası alt yapısız qalar.  Mənim fikrimcə, çap mətbuatı yaşaması uzun illər davam edəcək.

- Bütün dünyada olduğu kimi ölkəmizdə də qlobal-iqtisadi böhranın təsirləri hiss edilir. 2015-ci ildə ölkəmizdə 2 dəfə devalvasiya baş verdi. Bu devalvasiyalar "Şərq"i necə "vurdu"?

- Devalvasiya bütün sahələrdə olduğu kimi mətbuatımızdan da yan keçmədi. Təbii ki, "Şərq" qəzetinə də çox ciddi şəkildə təsir etdi. Bütün saytlar, qəzetlər, televiziyalar özləri üçün anti-böhran planı hazırladı. Kimsə bu böhrandan çıxmaq üçün ən optimal yolları axtardısa, həmin kütləvi informasiya vasitəsi indi də qalır. Bu saytlardan , elektron informasiya vasitələrindən fərqli olaraq dövlətin qəzetlərə dəstəyi var. Yəni  Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) müəyyən yardımlarını alırıq. Buna görə qəzetlər yaşayır. Əlbəttə çox istərdik ki, qəzetlərdə çalışan jurnalistlərin maaşları, qonorarları çox olsun. Ancaq çox təəssüf ki, biz bunu indiki şəraitlərdə edə bilmirik. Devalvasiyanın təbii ki, böyük təsirləri var. Amma bundan çıxış yolları da var hesab edirəm ki, problem insan üçündür. Problemdən çıxış yollarını axtarmaq və həll etmək lazımdır.

- Ümumilikdə Azərbaycanda jurnalistika sizi qane edirmi?

- Təbii ki, Azərbaycanda peşəkar jurnalistlərimiz kifayət qədərdir. Peşəkar jurnalistləri biz lazımınca qiymətləndirə bilmirik. Bəzən onların sosial problemləri olur və başqa sahəyə axın edirlər. Jurnalistlərin sosial ehtiyaclarının yaxşılaşdırılması məqsədi ilə prezidentin verdiyi sərəncamlar var. Bunlar müəyyən mənada  jurnalistikanın bir institut kimi mövcudluğunu qoruyub saxlamağa böyük kömək göstərdi. Jurnalistlərə mənzillər verilməsi və həmin mənzillərin sonradan özəlləşdirilməsi - bütün bunların hamısı çox lazımlı addımlar idi. Təbii ki, peşəkarlarla yanaşı, qeyri-peşəkarlar da var. Bu sön dönəmlər saytlarda daha çox müşahidə edilir. Ancaq bu, normaldır, çap mediasında da belə idi.  90-ıncı illərin əvvəllərində hər gün bir qəzet çıxırdı.  Qeyri-ciddi qəzetlər idi. Belə qəzetlərin fəaliyyəti uzağı 6 ay çəkirdi. Hansı qəzet peşəkar idisə fəaliyyətini davam etdirdi. İndi elektron mediada da belə hallar yaşanır. Qeyri-peşəkar saytlar var ki, kopyalamaqla, plagiatlıqla məşğuldur. Ancaq yaradıcılıq baxımından götürəndə 6-7 dənə peşəkar saytımız var. Bunlar sırf yaradıcılıqla, xəbər istehsalı ilə məşğuldur.

- "Şərq" qəzeti digər qəzetlərdən nə ilə fərqlənir?

- Bizim başqa qəzetlərdən fərqimiz ondan ibarətdir ki, müəllif yazıları həddən artıq çoxdur. Digər qəzetlərdə mən müəllif yazılarına çox az rast gəlirəm. Hər bir hadisəyə, ümumi problemlərə baxışda da fərqlərimiz var. Biz çalışırıq ki, problemlərin çıxış yolunu qıcıq yaratmadan cəmiyyətə çatdıra bilək. Emosional və radikal baxışlardan uzaq, normal bir qəzetçilik tətbiq edirik.  Əsasən, müxtəlifliyə fikir veririk. Jurnalistikada müxtəlifliyə önəm vermək üstünlük təşkil etməlidir. Problemi hamı fərqli görə bilər, amma "Şərq" iki fərqli peşəkarın məsələ münasibətini vermək imkanına malikdir. Hesab edirəm ki, bu bizim üstünlüyümüzdür.

- "Şərq" qəzetinin kollektivi necə nəfərdən ibarətdir?

- Kollektivimiz 17 nəfərdən ibarətdir. Bunların 9-u sırf yaradıcı heyət, yerdə qalan isə texniki heyətdir.

- Bildirdiniz ki, dövlət tərəfindən qəzetlərə müəyyən qədər maliyyə dəstəyi ayrılır. Bu maliyyə sizin problemlərinizin həllinə kömək olurmu?

- Təbii ki, bu maliyyə olmasa həm "Şərq" qəzeti, həm də digər qəzetlərin mövcudluğu sual altında idi. Bu köməkliklərin böyük əhəmiyyəti var. Bu baxımdan ki, vəziyyətdən çıxış üçün həmin yardımlardan yararlanırıq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.