Axır ki, biz də yay qurtarmamış dənizə gedə bildik. Açığı, bir az çəkinə-çəkinə getmişdim. Elə bilirdim, yenə dəniz sahilində qarpız qabıqları, içki şüşələri, tum qalıqları görüb gəldiyimə peşman olacam. Ya da nəsillikcə axışıb gələn adamların bu başdan-o başa bir-birinə haylamaları məni özümdən çıxaracaq. Yaxud xalatla dənizə girənləri görüb yenə təəssüflənəcəyimi düşünmüşdüm. Amma yox, bunların heç biri olmadı. Hər yan tər-təmiz, hər kəs öz tör-töküntüsünü aparıb zibil üçün ayrılmış qablara tökür, musiqi səsindən əlavə qulağa uca səs dəymir, son dərəcə müasir və mehriban adamlar ailələriylə, dostlarıyla dincəlir, əylənirdilər. Açığı, sevindim.
Yenə də əmmasız olmadı. Bığıburma kişiləri istinin cırhacırında da qeyrət-namus, ana-bacı söhbəti rahat buraxmırdı. Dənizin ortasındaca ağız-ağıza verib gileylənirdilər ki, bəs filankəs niyə kişi olur, arvadı orasını-burasını açıb dənizdə çimir. Bəs niyə bu filankəsin arvadı əynində "qırmızı xələt" ayağını suya vurub kirimişcə gedib qarpız kəsib, çay süzmür? Uşaqlarının dalınca sahil boyu qaçıb pendir-çörək yedizdirmir?
Hə, dənizin ortasında da bu taleyüklü məsələlər yaxamızı buraxmır.
Bu yaxınlarda Türkiyədə çəkilmiş bir foto paylaşılmışdı. Bir 6-7 hicablı xala elə paltarlı-palazlı dənizə girib çimirdi. Belə bir şərh yazılmışdı ki, başa düşmək olmur, bu xalalar dənizə gəliblər, yoxsa Ayşe teyzenin yas mərasiminə?...
İndi bu bığlı-saqqallı, ömrün yarısını haqlamış kişilər də millətin gününü qara ediblər. Nə quruda aman verirlər, nə suda...
Sizin kimilər, sizin kimilərin kiflənmiş fikirləri, iyrənc ehtirası ucbatından artıq heç kim qız uşağı dünyaya gətirmək istəmir. "Qız uşağını böyütmək çətindir". Niyə çətindir? Çünki təmiz adıyla, ağ gəlinlikdə, belində qırmızı lentlə ata evindən ər evinəcən gedənəcən birdən onu küçədə, yolda tutub zorlayarlar... Birdən adına söz çıxararlar.
Uşaqlıqdan bəri qızların ətəyinin altında nə olduğunu görməkdən ötrü dəridən-qabıqdan çıxmısınız. Sizi sinifdən çıxarıb qızlara anatomiya dərsində nələrdən danışdıqlarını bilmək üçün əldən-ayaqdan getmisiniz. Bu ibtidai maraqla, bu ağılla, bu heyvani hisslərlə bu yaşa gəlib çatmısınız, hələ bir arvad alıb uşaq da dünyaya gətirmisiniz. Arvadı-uşağı evə həbs edib dənizə çimməyə gedirsiniz. Orada da onun-bunun arvadının vücuduna baxmaqdan, çamur atmaqdan özünüzü saxlaya bilmirsiniz.
Yoxsa biz də dənizə hicabla, qara çadrayla girək? Bir düşünün, mavi göy üzü, mavi sular, dünyaya bir dəfə gələn gözəl bir qadın, onun azadlığı... Bütün bunları sizin ibtidai əsri adlaya bilməyən qafanızdan və geninizdən ötrü qaraltmağa dəyərmi? Məncə, yox. Hətta böyük hərflərlə YOX!
Sevinc Fədai
Milli.Az





