Cəmiyyət

“Sən o gözəl qızın canı!”

28 Fevral 2015 21:10
0 Şərh     Baxış: 1 063
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İslama görə sədəqə vermək böyük savabdır. Bunu həm Quranda Allah bəndələrinə buyurur, həm də bu barədə kifayət qədər hədislər mövcuddur.

Sədəqəyə ehtiyacı olan insanlar hər zaman və hər bir ictimai quruluşda olublar. Bu gün də cəmiyyətimizdə ağır maddi durumda olanlar az deyil. Yəni insan sədəqə vermək niyyətində olsa, əslində "bəs bu pulu kimə verim?" sualı onu narahat etməməlidir. Yetər ki, istəyəsən. Ancaq digər məsələlərdə olduğu kimi, bu sahədə də müftəxorlar yetərincədir. Və bu da Azərbaycanda yaşayanlar üçün sirr deyil. İctimai nəqliyyatda, camaatın daha sıx olduğu ərazilərdə hər zaman adamı "divara dirəyən" "məzluma" rast gəlmək mümkündür. Yaş, cinsi mənsubiyyət, pul qoparmaq taktikası fərqli ola bilər. Amma məram və saxtakarlıq eynidir.

Bəzən belələrinə pul verib verməmək ətrafında ətrafdakılar arasında qızğın mübahisə başlayır. Verməyənlər verənləri qınayır, sonuncular isə özlərini müdafiə etmək üçün adətən "sən o gözəl qızın canı" andını verənlərdən canlarını qurtardıqdan sonra "əşi, mən Allaha xatir verirəm!" ifadəsi ilə bəraət almağa çalışırlar. Bəraətlə yanaşı bu həm də sanki Yaradana bir minnət qoymaqdır, yəni, "ancaq Sənə görə verdim ha, Sən dedin, mən etdim, gerisi ilə işim yox!"

Bunu da mütləq qeyd etmək lazımdır ki, fırıldaqçıların sayı çoxaldıqca onsuz da həyatlarının müxtəlif sahələrində sünilik və bayağılığa adət edən insanlarımızda "inamsızlıq sindromu" daha da qabarıq şəkildə özünü biruzə verir. Bəzən hətta zahiri görünüşündən əlil, biçarə olması aşkar sezilən məzlum da "fırıldaqçı" damğası ilə damğalanır, kobudluqla yola salınır. Bəs yaxşı, "qızıl orta" hardadır? Sədəqə verək ya yox? Əgər vermək qərarına gəlsək o zaman bu sədəqənin ünvanını hansı üsulla düzgün müəyyənləşdirək?

Əlbəttə, sədəqə vermək, artıq qeyd etdiyimiz kimi, böyük savabdır. Və İslamda da hər bir sual konkret cavablandırılıb. Sədəqə məsələsində də Allah Quranın "Bəqərə" surəsində bir çoxlarının gündəlik həyatda, konkret vəziyyətdə axtardıqları suala cavab verir: "(Sədəqə) Allah yolunda canından keçərək (dolanmaq, ruzi kəsb etmək üçün) yer üzündə hərəkət edə bilməyən (və ya buna imkanı olmayan) yoxsullar üçündür. Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər. (Ya Rəsulum!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan (bunlara) nə verdiyinizi, şübhəsiz ki, Allah bilir!" (ayə 273).

Vəssalam. Deməli, hər ətəyimizdən yapışıb, yolumuzu kəsib müxtəlif versiyalarda "dil tökənlərə" verdiyimiz pullar, əslində, sədəqə də deyil. Çünki sədəqənin konkret ünvanı var, o ünvana da çatdırılmalıdır. Bu şərt pozulursa, deməli...

Bir sözlə, 20 qəpiyi başımıza fırladıb "əşi, qoy Allah Özü yerbəyer etsin" deməklə məsuliyyətdən boyun qaçıra bilmərik. Əgər bilməyən varsa, zəhmət çəkib öyrənsin, oxusun, bilənlərdən xəbər alsın. Əlbəttə ki, əgər əməlində heç bir riya yoxdursa, niyyəti də yolunu kəsən həyasızdan canını qurtarmaq yox, məhz ehtiyaclılara yardım etməklə Allahın rizasını qazanmaqdırsa.

Islam.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.