Cəmiyyət

Avropanın imtina etdiyi internat məktəbləri niyə ləğv edilmir?

18 Avqust 2014 12:51
0 Şərh     Baxış: 3 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekspertlər bu tipli müəssisələrin ləğvini, ailə tipli uşaq evlərinin yaradılmasını təklif edirlər

İnternat məktəbləri dedikdə, çoxlarının təsəvvüründə kimsəsizlərin oxuduğu, daimi qaldığı təhsil müəssisəsi canlanır. Burada əslində kimlər təhsil almalıdır, hazırda internatlarda durum necədir? Bunları araşdırdıqda maraqlı məqamlarla rastlaşdıq. Ümumtəhsil internat məktəbləri aztəminatlı, zəruri sosial-məişət şəraiti olmayan ailələrdən qəbul edilmiş, yetim və valideyn himayəsindən məhrum, sağlamlığının bərpasına ehtiyacı olan uşaq və yeniyetmələrin təlim-tərbiyəsinin təşkilində, onların xalqımızın milli ənənələri ruhunda böyüməsi və layiqli vətəndaşlar kimi yetişməsində mühüm əhəmiyyətə malik təhsil müəssisələridir.

Dövlət Statistika Komitəsinin rəsmi saytında 2014 -cü ilin hesablamalarına görə, Azərbaycanda 4 körpələr evi, 6 uşaq evi, sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 12 internat məktəbi, əqli cəhətdən zəif olan uşaqlar üçün 2 internat evi, 21 ümumi tipli internat məktəbi var.

Ölkə qanunvericiliyinə görə, bu müəssisələr əsasən Təhsil Nazirliyinin tabeliyində olsa da, rayon icra hakimiyyətlərinin, Səhiyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən internat evləri də var.

Hazırda ümumilikdə 4 körpələr evində 163 nəfər, 6 uşaq evində 509 nəfər, 12 internat məktəbində 2653 nəfər, 21 ümumi tipli internat məktəbində 5734 uşaq yaşayır və təhsil alır. Onlardan 685 nəfər valideyn himayəsindən məhrum olmuş və ya valideynini itirmiş uşaqlardır.

Statistik göstəricilərə nəzər salsaq, son 10 ildə ölkəmizdə ümumi tipli internat məktəblərinin sayı iki dəfə azalıb. Bu tipli məktəblərin sayı 1991 -ci ildə 50, 2000 -ci ildə 38 olub. Hazırda isə 21 belə məktəb var. Müvafiq olaraq şagirdlərin də sayı azalıb. Belə ki, müstəqilliyin ilk illərində 20 mindən artıq uşaq ümumi tipli internat məktəblərində təhsil alırdısa, hazırda bu rəqəm 6 minə çatmır.

Bəs, görəsən 20 - 30 il öncə valideynlərin könül rahatlığı ilə övladlarını əmanət etdiyi internat məktəblərində hazırda vəziyyət necədir? Orada verilən təhsilin keyfiyyəti beynəlxalq standartlar uyğundurmu? Dünya təcrübəsində internat evlərinin taleyi necə həll olunub? Azərbaycanda ailə himayəsindən kənarda qalan uşaqların taleyi necə həll olunur?

Şərait var, təhsil yoxdur


Bu suallara aydınlıq gətirən Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının milli koordinatoru Nabil Seyidov bildirdi ki, hazırda internat evlərinin şəraiti əvvəlki illərə nisbətən yaxşılaşsa da bunu təhsil haqqında demək olmaz: "Bizim apardığımız monitorinqlərin nəticələrinə görə, son illərdə Azərbaycandakı bir çox internat məktəblərinin binaları əsaslı şəkildə təmir olunub və məktəb standartlarına cavab verir. Ancaq bunu hamısına şamil eləmək olmaz. Keçmiş MDB ölkələri ilə müqayisədə Azərbaycanda internat məktəblərinin durumu daha normaldır. Ancaq hamıya məlumdur ki, internat məktəblərindəki təhsilin keyfiyyəti digər orta məktəblərlə müqayisədə çox aşağıdır. Bunu TQDK-nın qəbul nəticələrinə baxarkən də görmək olar. Orada uşaqların zehni inkişafı, dünyagörüşünün formalaşması çox aşağı səviyyədədir.

Bundan əlavə, həmin internat müəssisələrinin texniki imkanları müasir tələblərə cavab vermir. Kompüter sinifləri yoxdur, dərslərdə yeni texniki imkanlardan istifadə olunmur".

Uşaq zorakılığına qarşı "mühafizə orderi"

Azərbaycanda internat evlərində uşaqlara qarşı edilən zorakılıq hallarına və işgəncə faktlarına gəlincə, Nabil Seyidov qeyd etdi ki, bu kimi hallar təkcə adı çəkilən müəssisələrdə deyil, həmçinin azyaşlıların olduğu cəzaçəkmə evlərində və hətta ailələrdə də müşahidə olunur: "Bu məsələ ilə bağlı ciddi tədbirlə görülməlidir. Uşaqların zorakılıqdan qorunması üçün qanunvericilikdə xüsusi mühafizə orderinin yaradılması ilə bağlı maddə var. Ancaq onun icrası ilə bağlı mexanizm yoxdur. Azərbaycanda zorakılığa məruz qalmış uşaqların reabilitasiyası üçün mərkəz yoxdur. Bu məsələlər mütləq həllini tapmalıdır".

Kimsəsiz uşaq harada yaşamalıdır?

Nabil Seyidov onu da vurğulayıb ki, hazırda internat məktəblərinin durumu yox, uşaqların orada yaşayıb, təhsil almasının nə dərəcədə məqsədə uyğun olması müzakirə olunmalıdır: "Birmənalı şəkildə demək olar ki, uşaqların internat müəssisəsində yaşaması, təhsil-tərbiyə alması qəbuledilməzdir. Azərbaycanın da qatıldığı beynəlxalq uşaq hüquqları konvensiyasına, ölkə konstitusiyasına və "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikasının qanununa görə, uşaqlar ilk növbədə ailə mühitində böyüməli, heç bir ayrı-seçkiliyə məruz qalmadan, eyni keyfiyyətli təhsil almalıdırlar. Uşaqların internat evlərində yaşaması, təhsil alması bu prinsiplərə cavab vermir" .

Ekspert qeyd edib ki, beynəlxalq təşkilatlar, BMT, Avropa Şurası və bütün ekspertlər təsdiq edirlər ki, uşaqlar öz ailələrində, bu mümkün olmadıqda qohumlarının yanında, bu da olmasa xüsusi hazırlanmış ailələrdə və icmalarda yaşamalı, tərbiyə almalı və orta ümumtəhsil məktəblərinə getməlidirlər: "Bu prinsiplər təkcə sağlam uşaqlar üçün deyil, həmçinin kimsəsiz, eləcə də əlilliyi olan uşaqlar üçün keçərlidir. Bunun üçün həmin ailələrə yardımlar edilməli, məktəblərdə də bu uşaqların təhsil alması üçün xüsusi şərait olmalıdır" .

"Azərbaycanda üç mühüm məsələ həllini tapmalıdır"

Xarici təcrübəyə gəlincə, ekspert bildirdi ki, Avropa ölkələrində internat müəssisələri demək olar ki, ləğv olunub. İnkişaf etmiş demokratik dövlətlərdə ümumiyyətlə internat müəssisələrindən imtina olunub: "İtaliyada və Skandinaviya ölkələrində hətta əlilliyi olan uşaqlar üçün də internat məktəbləri yoxdur. Bizim təkliflərimiz də məhz Avropa təcrübəsi əsasında qurulub. Azərbaycanda İnternat müəssisələrinin ləğvi üçün üç mühüm məsələ öz həllini tapmalıdır:

Birincisi, bölgələrdə ailələrə və uşaqlara sosial dəstək xidmətləri olmalıdır. Bu olmadıqda ailələr çətinliklə üzləşir və uşağını internata yerləşdirir.

İkincisi, Azərbaycanda alternativ ailələr yaradılmalıdır. Yəni, uşağı müvəqqəti və ya uzunmüddətli himayəyə götürmək üçün xüsusi ailələr yaradılmalıdır, onlar təlimlərdən keçməlidir, məlumatlandırılmalıdır, uşaqlara göstərdikləri qayğının müqabilində müvafiq maliyyə yardımı göstərilməlidir. Kiçik həcmli, ailə tipli uşaq evləri yaradılmalıdır ki, hər birində ən çoxu 8 uşaq yaşaya bilsin. Burada psixoloq, pedaqoq və digər işçilər də ola bilər. Məqsəd budur ki, həmin uşaqlar da ailə şəraitində yaşasın və bütün yaşıdlarının getdikləri məktəblərə getsinlər.

Üçüncüsü, bütün təhsil müəssisələri əlilliyi olan uşaqları qəbul edə bilmək üçün uyğunlaşdırılmalıdır, əlil uşağın orada təhsil alması üçün partasından tutmuş, pilləkənlərə qədər hər yerdə müvafiq şərait olmalıdır. Eləcə də, məktəb kollektivinin bu uşaqlara olan münasibəti dəyişməlidir".

Sonda isə qeyd edək ki, kimsəsiz uşaqlarının, əlilliyi olan azyaşlıların cəmiyyətə qayıtması, adi məktəblərə getməsi onlara edilən yaxşılıq deyil, bu onların hüquqlarıdır. Azərbaycan hökuməti bu hüquqların təmin olunması üçün beynəlxalq təşkilatlar qarşısında öhdəlik götürüb. Bu nə qədər tez baş versə bir o qədər xeyirlidir. Çünki hər il bu baxımdan yüzlərlə uşaq cəmiyyət üçün itirilmiş sayılır.

İllərlə bağlı qapılar arxasında qalan və itirilən uşaqlar da hamı kimi cəmiyyətə müxtəlif sahələrdə xeyir verə bilərlər.

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.