Cəmiyyət

"Ayağı yoxdur" deyə qışqırdı - İmran Cəfərzadənin faciəsinin təfərrüatları - YENİLƏNİB - VİDEO

24 İyul 2013 17:30
26 Şərh     Baxış: 23 535
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

17:30


"Siz qorxulu filmlərə baxmışınız. Bizim üç gün əvvəl yaşadıqlarımız ondan daha dəhşətli idi. O səhnəni heç vaxt, ölsəm də, unutmayacam". Publika.az xəbər verir ki, bu sözləri Fidan Baxşıyeva deyir. O, "Nabran Holiday Village" istirahət mərkəzində bir neçə gün əvvəl bədbəxt hadisə nəticəsində ayağını itirən bacısı oğlu İmran Cəfərzadəni boğulmaqdan xilas edərkən yaşadıqlarını danışır, sanki yenidən o anlara qayıdır.

İmranın hovuzda başına gələnlər, bir ayağını itirməsi, digərinin isə 40% sümüyünün qalması bir neçə gündür ki, ölkə gündəminin əsas mövzusuna çevrilib. İmranı tanıyan-tanımayan hər kəs ürək ağrısı ilə oxuyur, izləyir xəbərləri. Kimiləri isə baxmaqla kifayətlənmir dəstək üçün birbaşa xəstəxanaya gəlir.

Hazırda İmranın saxlandığı Mərkəzi Kliniki Xəstəxananın həyəti ailəyə dəstək üçün gələn insanlarla doludur. Qadınlar bir tərəfdə, kişilər isə bir tərəfdə ailə üzvlərinə dəstək olurlar. İmranın valideynləri isə bir an belə olsun onun yanından ayrılmır. Biz də İmranı saxlandığı 210 nömrəli otaqda ziyarət etmək istədik, amma xəstəxana rəhbərliyi buna icazə vermədi.
Buna görə də, ailə üzvləri ilə danışıb, xəstəxananın həyətində məlumat almaq istəyirik.

Hadisənin verdiyi əsəb və gərginliklə nə edəcəyini bilməyən babası Cavanşir Baxşıyevlə əvvəlcə telefonla danışırıq. Əvvəlcə danışmaq istəməyən, Cavanşir bəy sonra razılaşır. O, uşağın sağalıb ayağa qalxmasına ümidlərinin az olduğunu deyir: "Bir ayağı yox, o birinin də bərpa olunacağına ümidimiz çox deyil, gözləyirik. Həkimlər də çalışırlar ki, yara çirk eləməsin. Həkimlər deyir, pər sağ ayağının damarlarını aparıb, o biri ayağında isə 1 damar qalıb. Ona görə də heç nə edə bilmirlər. İmkanımız daxilində çalışırıq ki, pul toplansın, Almaniyaya aparaq. Almaniyada da tam sağalacağı dəqiq deyil. Əvvəlcə köçürüləcək ayaq tapılmalıdır, onun da bədənə uyğunlaşıb-uyğunlaşmayacağı bilinmir. Protez qoyulsa da, gərək uşaq böyüdükcə Almaniyaya aparıb dəyişdirilməlidir. Bunlar hamısı əlavə vəsaitdir. Heç deyilən pul da dəqiq rəqəm deyil. Həm də təkcə müalicə, əməliyyat xərci deyil ki, ora getməyimiz qalmağımız hamısı əlavə vəsait deməkdir. Bəlkə, bir Allah bəndəsi çıxıb bütün xərcləri qarşılayacaq. Kömək üçün hesab açılıb, ora pul köçürən də var, burda gətirib verən də. Tanıyan-tanımayan hər kəs çalışır ki, kömək etsin. Allah hamıdan razı olsun".

Cavanşir bəy istirahət mərkəzini də günahlandırmaq istəmədiyini deyir: "Ay qızım, kim bilə-bilə etməyiblər də. Amma bir tərəfdən də səhlənkarlıq etdikləri göz önündədir. Hovuzda tək bizim uşaq olmayıb ki, onların heç biri düşünülməyib. Nə üçün setka olmayıb?"

İmranın babası ilə söhbətləşərkən bu vaxt xalası, onu ölümdən xilas edən Fidan Baxşıyeva yanımıza gəlir: "Hamı nəsə deyir, danışır, amma mən hisslərimi ifadə edə bilmirəm. İki yaşı olsa da, çox bacarıqlı uşaq idi, üzməyi də bacarırdı, hadisədən əvvəl, hovuzda atasının yanında idi. Anası da, mən də kənarda oturmuşduq. Hovuzun içində divara yaxın idilər. O vaxt da motoru qoşublar, setka olmayıb içində. Biz nə olduğunu başa düşmədik. Elə bildik ki, uşaq boğulur, ya da başqa bir şeylər ağlımıza gəldi. Belə olacağını təsəvvür belə edə bilməzdik. Atası suyun içində axtarmağa başladı. Baxmayaraq ki, sudan qorxuram, özümü suya atdım, başladım axtarmağa. Uşağı tutdum, elə bildim ki, onu daş altından çıxarıram. Sudan çıxaranda ağzından köpük gəlirdi, rəngi gömgöy olmuşdu. Sevinərək uşağı qaldırdım bacıma göstərdim ki, tapdım, tapdım.

Bacım qışqırdı ki, "ayağı yoxdur", "bəs ayağı hanı", sonra atası qışdıqdı. Çox dəhşətli, sözlə ifadə etmək mümkün deyil yaşadıqlarımızı. Ən qorxulu filmlərdə belə bu cür səhnə görməzsiniz. Bir ayağı kəsilib, o birində isə daban, barmaqları yoxdur. Düşünün kiçik bir yara olanda onun ağrısına dözmək olmur, bu elə bil ət maşınından çıxmış kimidir. Gerisini siz təsəvvür edin".

Biz orada olarkən ailəyə yaxın olan, hətta olmayan insanlar da gəlir, bacardıqları qədər köməklik edəcəklərini deyirdilər. Yaxınları deyir, İmran yaşıdlarından çox fərqli idi. O qədər şən, canlı uşaq idi. Daim hərəkətdə idi, ondan böyük uşaqlar üzə bilməsələr belə, o bacarırdı.

Biz xəstəxanada olarkən millət vəkili Qənirə Paşayeva da ora gəldi. O, İmranın valideynləri, xəstəxana rəhbərliyi ilə görüşüb. Uşağın vəziyyəti ilə maraqlanıb, necə köməklik ediləcəyi barədə danışıblar.

İndi bütün ailə, yaxınlar sanki bütün problemlərini unudub, indi onlar üçün, sadəcə, İmranın sağalması önəmlidir. Xalası gözünü, nənəsi canını belə verməyə hazırdır, təki İmran sağalsın. Amma onların gözlərini, canlarını verməsi belə, İmranın ayağını qaytaracaq gücə sahib deyil. Ayağın bərpası üçün isə ən azı 50 min avro lazımdır. Artıq prezident İlham Əliyev İmranın bütün xərclərinin dövlət hesabına qarşılanması üçün tapşırıq verib. Başqa İmranların ayaqlarını itirməmələri üçün isə bu mərkəzlərə qarşı diqqət artırılmalı, hadisədə günahkar tərəf cəzasını çəkməlidir.


----------
16:54

2 yaşlı İmranın anası uşağın səhhəti ilə bağlı məlumat verib

Anspress xəbər verir ki, 2 yaşlı İmranın anası Nuridə Baxşıyeva uşağın səhhəti ilə bağlı məlumat verib. O, onlara dəstək olanlara təşəkkürünü bildirib: "Reaksiya verir bizə. Amma narkozdan sonra bəzən oyanır, bəzən yatır. Soruşur ki, ayaqlarım hanı. Nə deyim, ayaqsız uşaq necə ola bilər? Mən prezidentimizə və onun xanımına böyük minnətdarlıq bildirmək istəyirəm. Sağ olsunlar ki, uşağı öz himayəsinə götürdülər. Kim ki, mənə dəstək olub hamıya minnnətdarlığımı bildirirəm".


Faktla bağlı cinayət işi də açılıb.

---------
12:24

İmranın xalası: "Nabrandakı istirahət zonasının sahibi hələ də ortaya çıxmayıb"
İmran Cəfərovun vəziyyəti stabil kimi qiymətləndirilir. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına açıqlamasında İmranın xalası Əzizə Baxşıyeva deyib.

Onun sözlərinə görə, uşağın səhhətində heç bir dəyişiklik yoxdur. Hər şey əvvəlki kimi qalır.

"Valideyinləri ümid edirlər ki, İmranın müalicəsi üçün lazımi məbləği toplaya biləcəklər. Bu gün İmranın müalicəsi üçün bank hesabında toplanmış pulun dəqiq məbləği barədə bizə informasiya verəcəklər", - o əlavə edib.

Əzizə Baxşıyeva onu da bildirib ki, istirahət zonasını icarəyə götürən şəxslər gəlmişdilər.

"Onlar cavan oğlanlardır. Ağlayırdılar ki, kasıb adamlardırlar, pulları yoxdur. Gələnlər arasında mühərriki işə salan şəxs də var idi. O deyir ki, qoruyucu barmaqlığın yoxluğundan xəbərsiz idi. İstirahət zonasının sahibi isə ortaya çıxmayıb. İşlə bağlı saxlanılan yoxdur", - o əlavə edib.

İmranın xalası deyib ki, ötən gün müstəntiq onlarla əlaqə saxlayıb və ifadə vermək üçün onları Xaçmaza çağırıb.

"O başa düşmür ki, uşağın anası şok vəziyyətindədir. Hələ də özünə gələ bilmir. Bir neçə addım atandan sonra ürəyi gedir. Uşaq özünə gələn kimi valideynlərini soruşur".

X X X 

Xəbər verildiyi kimi, İmran Cəfərzadə atası ilə birlikdə iyulun 21-də saat 12:30 radələrində istirahət etdikləri mərkəzin ərazisindəki hovuzun içərisində suda olarkən hovuzun yaxınlığında quraşdırılmış "Akvapark" adlanan qurğu işlək vəziyyətə gətirilib.

Publika.az yazır ki, bu zaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından yaxınlıqda olan azyaşlı İ.Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə daxil olaraq ağır bədən xəsarətləri alıb. 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb. Hazırda iş üzrə istintaq davam etdirilir.

Hadisə ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən verilən məlumata görə, İmran Cəfərzadə ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yerində araşdırma aparılır. Yaxın günlərdə bu barədə ictimaiyyətə açıqlama veriləcək.

Turizm şöbəsinin məlumatına görə, mütəmadi olaraq hər il nazirlik tərəfindən monitorinq keçirilir. Rayonlarda, bölgələrdə təlim-tədris kursları təşkil edilir. İşlərin sertifikasiyası barədə məlumat əldə olunur. Sadəcə olaraq sahibkarlar o kurslarda iştirak etməkdə maraqlı olmurlar.

Qeyd edək ki, hadisənin baş verdiyi "Nabran Holiday Village"in ulduzu yoxdur. Lakin lisenziyaların geri alınma ehtimalı var.

----------
12:08

Üç gün bundan əvvəl Nabranda baş vermiş hadisədə azyaşlı İmran Hacıyev iki ayağını itirib.

Bu hadisəylə bağlı APA-ya daha ətraflı fikir bildirən atası ürəksızladan kəlmələrlə danışıb.

Milli.Az


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.