Milli.Az bildirir ki, Milli Məclisin yəhidi əsilli deputatı Yevda Abramov modern.az saytına müsahibə verib. O, söhbət zamanı bir sıra maraqlı məqamlardan danışıb.
- Yevda müəllim, Bakının Xətai rayonundakı "Xabad-Or-Avner" yəhudi orta məktəbi barədə məlumat istərdik...
- "Xabad-Or-Avner" yəhudi orta məktəbi 2010-cu ildə Heydər Əliyev Fondu və "Or-Avner" Fondu tərəfindən inşa edilmiş 450 yerlik təhsil mərkəzidir. Ora dünyəvi məktəbdir, dini təhsil ocağı deyil. Adı yəhudi orta məktəbi olsa da, bizim ümumtəhsil orta məktəblərində keçirilən dünyəvi fənlər tədris olunur.
Amma əlavə olaraq iudaizm tarixi, yəhudi adət-ənənələri öyrədilir. Sinifdənxaric dərslərində yəhudi xalqının milli bayramları barədə mövzular origijinal şəkildə tədris olunur.
Uşaqları millətçi kimi yox, yəhudi milli adət-ənənlərinə hörmət, tarixi kökə bağlılıq, tarixi vətənin unudulmaması ruhunda tərbiyə edirlər. Adi qaydada təhsilin sonunda digər orta məktəblərdə olduğu kimi, oranı bitirənlərə də atesstat verilir.
- Qarşıdakı ildə Xocalı soyqırımının 25-ci ili tamam olacaq. Xocalı soyqrımı İsrail Knessetində (parlament) tanına bilərmi?
- Bu məsələ tərəfimdən dəfələrlə Azərbaycan mətbuatına çıxarılıb. Xocalı soyqırımı ilə bağlı İsrail Knessetində bir dəfə dinləmə olub. Mən İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun Azərbaycan tərəfindən olan üzvlərini də həmin dinləməyə göndərmişdim.
Özüm getməmişdim ki, bizim deputatlar gedib İsraildəki vəziyyəti, ab-havanı, həyatı, Fələstin xalqına olan münasibəti gözləri ilə görsünlər.
Çünki Azərbaycan mətbuatı İsrail haqqında heç də hər şeyi olduğu kimi yazmır.
Hələ ki Xocalı soyqırımı ilə bağlı İsrail dövləti, hökuməti, Xarici İşlər Nazirliyi səviyyəsində hansısa addımlar yoxdur. Amma ilk növbədə Xocalı soyqırımı məhz hökumətlər səviyyəsində İsraildə qaldırılmaqla ciddi şəkildə müzakirə olunmalıdır. Xocalı soyqırımının İsrail Knessetində müzakirə olunması elə-belə başa gəlmir.
Çünki İsrail demokratik dövlətdir və az da olsa, Ermənisrtanla diplomatik əlaqələri var. Hər bir dövlətin xarici siyasətdə, iqtisadi münasibətlərdə öz maraqları var.
Xocalı soyqırımını İsrail Knessetində tanıtmaq və İsrail əhalisinə daha effektli şəkildə çatdırmaq üçün mütləq İsraildə Azərbaycanın səfirliyi açılmalıdır.
Diplomatik heyət, səfirliyin işçiləri yerli xalq içərisində, siyasətçilər, diplomatlar, politoloqlar və kütlə arasında ciddi iş aparılmalıdır. Aşağıdan Knessetə təsir olmalıdır.
Azərbaycandan bu gün təsir yoxdur. İsrail cəmiyyətinin aşağı hissəsindən təsirlər olmalıdır ki, seçkdikləri deputatlar tərəfindən Xocalı soyqırımına ədalətli münasibət bildirilsin.
Azərbaycandan mənim zəngimlə, yaxud Bakıdan ildə bir dəfə İsrailə bir-iki nəfərin getməsi ilə məsələni həll etmək olmaz.
- Bəs Azərbaycanın İsraildəki diasporu bu işlərə təsir edə bilmirmi?
- Bilirsiniz, axı Azərbaycanın İsraildəki diasporu necə işləyir ki?.. İsraildə "Azərbaycan-İsrail" adlı bir cəmiyyət var. Bu AZİZ kimi də tanınır. Bu təşkilatın da İsrail miqyasında məhdud sayda şöbələri var. Üzvlərinin çoxu da yaşlı, qoca insanlardır. Onların arasında vaxtilə Azərbaycandan gedən bir sıra yəhudi əsilli alimlər var. O insanlar orada daha çox dəfdərxana işləri görürlər.
Amma əllərinə imkan düşən kimi arada Knessetin kluarlarında tədbirlər keçirir, ayrı-ayrı partiya liderləri ilə görüşlər təşkil edirlər.
Bütövlükdə, Knesset səviyyəsində Xocalı və yaxud hər hansısa bir məsələni qaldırmaq, qəbul etdirmək üçün dövlət dövlətlə işləməlidir. Bizim Xarici İşlər Nazirliyimiz İsrail Xarici İşlər Nazirliyi ilə, administrasiya səviyyəsində bu işlərə başlamalıdırlar.
Deputatlar səviyyəsində iş gedir, bu məsələ bir-iki dəfə qaldırılıb, cəhd olunub. Amma İsrail Knesseti çoxpartiyalı parlamentdir. Orada hər məsələ plenar iclaslara gəlib çıxa bilmir. Biz ancaq dostluq qrupları səviyyəsində, komitələrdə qısa vaxtda məsələləri müzakirə edirik. Sonradan isə plenar iclaslara çıxmaqla bağlı rəy, səs ala bilmir.
- Dediniz ki, Azərbaycan İsraildə səfirlik açmalıdır. Sizcə, nəyə görə bu günə qədər Azərbaycan İsraildə səfirlik aça bilmir?
- Bilirsiniz, Azərbaycanın İsraildə səfirliyini açıb-açmaması deputatın işi deyil. Bu mənim səlahiyyətimdə deyil.
Mən qanunverici orqanın deputatıyam. Bu, zaman tələb edən məsələdir. Bu gün cənab prezident regionda balanslaşdırılmış xarici siyasət aparır.
Bu gün Dağlıq Qarabağ problemi Azərbaycanın xarici siyasətində əsas piroritet məsələdir. İndiki dövrdə Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya biləcək qonşu və güc dövlətlərini özümüzdən küsdürə, uzaqlaşdıra bilmərik. Yəni birinci növbədə Qarabağ, ikinci növbədə isə Azərbaycanın İsraildə səfirliyinin açılması önəmlidir.
- Son zamanlar Azərbaycan diaspor üzvləri İsrailin keçmiç nazirləri, hökumət üzvləri və deputatları ilə görüşlər keçirirlər. Məsələn, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tez-tez İsrailin keçmiş müdafiə naziri Ehud Barak və digər şəxslərlə görüşür. Bəs bu görüşlərin təsiri nəticəsində Xocalı soyqırımının Knessetə çıxarılması mümkün ola bilərmi?
- Həmin şəxslərin əli ilə hansısa prosesləri sürətləndirmək, irəliyə aparmaq olar. Amma birbaşa olaraq Knessetə çıxarmaq mümkün deyil.
Buna görə dövlət dövlət qarşısında xahiş etməlidir. Əl əli yuyur, əl də üzü... Bir dövlətin bir dövlətə müəyyən bir mesajı, jesti, xoş məramı olur. Ona görə də dövlət də qarşısındakına bunun əvəzini verir.
Dövlətlər xarici siyasətdə bu formada işlər görürlər. Amma Ehud Barak bu işi yalnız məcraya düşəndə sürətləndirə, kömək edə bilər. Azərbaycanın Diaspor Komitəsinin İsraildə görüşdüyü, ünsiyyət saxladığı insanların çoxu, o cümlədən də Ehud Barak siyasətdən, hökumətdən getmiş adamlardır.
Ona görə də İsrail Knessetin keçmiş deputatlarına, nazirlərinə hansısa işlərdə tam da ümid etmək düzgün olmaz. Çünki bu gün onların əvvəlki qədər səlahiyyətləri yoxdur. Düzdür, o insanlar zamanla deputat, nazir olanda Azərbaycana səfərlər ediblər. Onlar bizim mentalitetimizi, inkişaf məqsədlərimizi bilirlər. Bu baxımdan müəyyən məsələlərdə bizə dəstək ola bilərlər. Amma yenə də bu əlaqələr Xocalı soyqırımını, Azərbaycan həqiqətlərini, haqq səsini effektli şəkildə İsraildə Knesset və digər dövlət qurumlarında qaldırmaq üçün bəs etmir. Mütəmadi olaraq İsrail kütləsi və ictimaiyyəti ilə ciddi iş aparmaq lazımdır.
Azərbaycanın İsraildə dostlarının saylarını artırmaq lazımdır ki, Xocalı soyqırımını Knessetdə müzakirəyə, səs verməyə çıxaranda uğursuzluğa düçar olmayasan. Tam qalib olacağına əmin olandan sonra bu məsələ Knessetdə müzakirəyə çıxarılmalıdır.
- Yevda müəllim, İsrail kimi supergücə iddialı bir dövlət haqqında sizcə Azərbaycan cəmiyyətində hansı təsəvvürlər yaranıb?
- Mən tam açıq və səmimi deyirəm ki, bu gün İsrail cəmiyyəti ilk növbədə Azərbaycan mediası və KİV-i ilə razılaşmır. Vallah, adam deməyə də utanır. Bizim bəzi KİV nümayəndələri, jurnalistlərimiz ancaq sifarişlər yerinə yetirirlər, haralarasa işləyirlər. Onlar kənar lobbilərin mənafelərinə xidmət edirlər. Mən bunları deyəndə bizim bəzi insanlarımız irad tuturlar. Amma Azərbaycandakı belə şeylərə görə İsraildə bir narazılıq, narahatlıq var.
Mən 3 məsələni qeyd edəcəm: 2009-cu ildə rəhmətlik Şimon Peresin Bakıya gəlməsi Azərbaycanda qum fırtınası ilə eyni vaxta təsadüf etdi. Şimon Peres Azərbaycana gəlməzdən 2 gün qabaq mən Dağıstandan, Azərbaycan-Rusiya keçid məntəqəsindən keçəndə gördüm ki, tozanaq qalxıb, fırtına var. Mən Şimon Peresin Azərbaycana gəlməsinə görə Rusiyadan Bakıya qayıdırdım. Çünki Peresin qarşılanmasına cənab prezident məni də dəvət etmişdi.
Azərbaycanın bəzi KİV-ləri həmin vaxt, Şimon Peres Bakıya səfərini başa vurub Qazaxıstana gedəndə yazmağa başladılar ki, "İsrail Azərbaycanda yeratlı, tektonik silahdan istifadə edərək qum fırtınası yaradıb". Yazırdılar ki, "Şimon Peresin həyatına sui-qəsd edilməməsi üçün xüsusi olaraq hansısa yaxın səhraların qumunu Azərbaycan üzərinə gətiriblər ki, təyyarəni vurmaq mümkün olmasın". Bu sözdürmü, analizdirmi? Bunu jurnalist hansı ağılla, düşüncə tərzi ilə, məntiqlə yazır? Öz qələminə hörmət edən jurnalist bunu yazarmı? Dövlətlər bir birinin ərazisində tektonik hadisələr törətməyi rəva görərmi?
İkinci məsələ: Qaradağ rayonunda Yeni il ərəfəsində böyük kilovatlıq yarımstansiyada partlayış oldu. Bunu da məbtuatda yazdılar ki, "parlayışı "Mossad" işçiləri edib". "Mossad" işçisinin o qədər vaxtı və imkanı varmı ki, Qaradağ rayonuna gəlib, bizim yarımkeçirici transformatorumuzu partlatsın?
Üçüncü hadisə: Lənkəranda ev partladı. Bunu da "Mossad"ın adına yazdılar. Güya Lənkərandakı həmin evdə İranın hansısa dinləmə qurğusu olub, buna görə də "Mossad" o evi partladıb. İsrail cəmiyyəti bütün bunlara gülür. Azərbaycanın bəzi KİV-ləri yazır ki, "Fələstin müharibəsində İsrail balaca uşaqları öldürdü". Heç bir jurnalist yazmır ki, "həmin balaca uşaqların öldürüldüyü bağçanın damından ən qorxulu raketlər İsrailə atılırdı. İsrail ordusu da həmin bağçanı hədəfə almışdı".
Ona görə də bizim bəzi KİV-lərdəki bu kimi arzuolunmaz, qərəzli, tərəfli yanaşmalara görə hələ də İsraildə Azərbaycana qarşı münasibət heç də birmənalı deyil.
- Dediniz ki, Azərbaycanda bəzi antiİsrail media orqanları var. Bəs həmin KİV-lər sifarişləri, impulsları haradan alırlar?
- Bütün jurnalistləri özünüz kimi bilməyin. Azərbaycanda İranın təsiri altında olan saytlar, digər KİV orqanları var. Onlar mütəmadi olaraq İran səfirliyindən və hakim dairələrindən paketlər alırlar.
Bizim İrana qızınan, isinən jurnalistlərimiz var. Oların ailələri və özləri İrana pulsuz səfərlər edirlər. Onlar da İranın xüsusi xidmət orqanlarının sifarişlərini yerinə yetirirlər. Görünən kəndə nə bələdçi lazımdır ki...
Universitetin Jurnalistika fakültəsini bitirən, jurnalist etikasından xəbəri olanlar, özünə, ailəsinə, ata-anasına, vətəndaşına, Azərbaycanına, dini inancına hörmət edən jurnalist ağzına gələni yazmaz. İsrail Azərbaycana və Azərbaycan da İsrailə çox gərəkli, lazımlı dövlətlərdir.
Ona görə də məkrli ideyalar buraxıb kimlərəsə xidmət etməklə, xalqın beynini zəhərləməklə pul qazanıb ailə saxlamaq düzgün deyil.
Azərbaycanın həmin bəzi KİV-lərində yayımlanan antiİsrail yazılar Azərbaycana xeyir gətirməyib və gətirməyəcək də. Bunlar İsrail-Azərbaycan münasibətlərinə heç də müsbət təsirlər etmir. Ona görə də Azərbaycan da bununla bağlı ciddi addım atmalı və bu kimi halların qarşısını mütləq almalıdır.
Hər şeyi qərəzssiz, yalansız yazmaq lazımdır. Mən niyə qərəzssiz deyirəm? Çünki bu gün mən birbaşa olaraq hadisələrin içindəyəm. Mən həmin jurnalistlərdən daha tez və operativ məlumat alıram.
Çünki Bakıdakı İsrail səfirliyi ilə mən mütəmadi olaraq əlaqədəyəm. İsraildə baş verən hadisərlərlə bağlı hamıdan qabaq mən məlumat ala bilirəm. İsrail dövləti uşaqların ölməsi üçün çox təəssüflənir. İsrail Silahlı Qüvvələri bilmir axı, ora bağçadır. Radara, cihaza məlumat daxil olur ki, filan binanın üzərindən raket atılır.
- Azərbaycan və İsrail xüsusi xidmət orqanları arasındakı əməkdaşlıq varmı və hansı səviyyədədir?
- Bəli, əlbəttə var. İsrail bu gün müttəfiq və dost olduğu ölkələrə özünün təhlükəsizlik xidmətlərini təklif edir. Əgər müvafiq olaraq razılıqlar əldə olunursa, işlər də həyata keçirilir. Bu gün "Mossad" Azərbaycanın xüsusi xidmət orqanları ilə çox yüksək səviyyədə əməkdaşlıq edir. Bu əvvəl də belə olub, indi də belədir.
Bu gün Azərbaycanı İsraildə ən yüksək dairələrdə qəbul edirlər. Ən yaxşı dostlarımız İsraildə ən yüksək vəzifələrdə təmsil olunurlar. Məsələn, Aviqdor Liberman. Mənim dostum, vaxtilə Knessetin deputatı, sonra xarici işlər naziri olmuş Liberman bu gün ən strateji və mühüm post olan müdafiə naziri vəzifəsindədir. Aviqdor Liberman Azərbaycanı çox sevir. O deputat, xarici işlər naziri olanda dəfələrlə Azərbaycana səfər edib. Cənab prezident İlham Əliyevlə, parlamentin spikeri Oqtay Əsədovla da görüşüb.
- Bu yaxınlarda Azərbaycan mediasına Ermənistanın Rusiyadan aldığı "İsgəndər-E" uazqvuran raketi ilə bağlı verdiyiniz açıqlama Ermənistan cəmiyyətində, rəsmilər arasında, hətta Müdafiə Nazirliyində təşviş yaratdı...
- Bəli... (gülür). Elə onu deyəcəkdim. Azərbaycan mediasına açıqlama vermişdim ki, Ermənistanın "İsgəndər-E" raketinə sahib olması hələ heç nəyi dəyişə bilməz. Azərbaycan İsraildən "İsgəndər-E" raketindən də güclü raketlər, komplekslər alacaq.
Ermənistanın müdafiə naziri dedi ki, Azərbaycanda yəhudi əsilli deputat bütün Ermənistanı lərzəyə saldı. Bircə cümlə demişdim e...
Bunu deməyə mənim haqqım var. Çünki İsrailin indiki müdafiə naziri, vaxtı ilə parlamentlərarası dostluq qurupunda işləmiş, keçmiş sovet vətəndaşı, rusdilli yəhudi Aviqdor Libermandır. O bizim dostumuzdur. Mən İsraildə Libermanla çox sərbəst danışıram. Aramız da açıqdır.
Azərbaycanın apardığı siyasətin özü də ona imkan verir ki, İsrail dövləti ona daha yaxın olsun.
Çünki regionda dövlətlərimizin oxşar maraqları və cəhətləri var. 25 ildir ki, bizim Dağlıq Qarabağ məısələsi, 40 ildən də çoxdur ki, Fələtsin problemi öz həllini tapmır. Bu münaqişələrin həll olunmamasına əsas səbəb odur ki, kənardan ciddi müdaxilə edənlər var. Çünki münaqişələrin həllinə yaxınlaşdıqca, böyük supergüc dövlətlər bu prosesə maneçilik törədirlər.
- Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı yazılar, təhlillər, Ermənistanın işğalçılıq siyasəti İsrail mediasında necə işıqlandırılır?
- Bizim bir sıra yerli KİV-lərimiz İsrailin "The Jerusalem Post", "Yediot Ahronot" və bir neçə qəzet-jurnallarla işləyir.
Artıq bir neçə ildir ki, İsrailin siyasi eksperti Arye Qut Azərbaycanın maraqlarını mötəbər məclislərdə təmsil edir və problemlərini Amerika, İsrail mətbuatında işıqlandırır.
Biz, şəxsən mən İsrailə hər dəfə səfərimiz zamanı bu işləri qabardırıq. Amma hələ ki bu sahədə də əməkdaşlıq heç də ürək açan səviyyədə deyil. Çünki ilk növbədə bu işə dövlət tərəfindən ciddi maliyyə ayrılmalıdır. Bu gün kapitalizm, bazar iqtisadiyyatı dövründə istənilən media qurumunda çap olunmaq, yayımlanmaq üçün pul lazımdır.
Ola bilsin ki, KİV-lər arasında müəyyən əlaqələr gücləndikcə, bu məsələlər həllini tapa bilər. İlk növbədə hər iki dövlətin informasiya nazirlikləri işlərə başlamalıdır. AZƏRTAC-ın bu gün daha böyük imkanları var və bu işdə daha böyük moderator ola bilər.
- İsrail-Türkiyə münasibətlərinin bugünkü vəziyyətini necə dəyərləndirirsiniz?
- Türkiyə-İsrail münasibətləri çoxəsrlik əlaqələrə dayanır. Mən şəxsən bunu dəfələrlə Türkiyədə də demişəm. Hələ 1492-ci ildə Sultan Bəyazid yəhudiləri İspaniyadan alaraq, onlara Osmanlı vətəndaşlığı verib. Yəhudilərlə türklərin hər zaman bölgədə iqtisadi və siyasi maraqları olub, bu gün də var.
Amma çox təəssüflər olsun ki, Davos Forumundakı məlum hadisədən sonra bu münasibətlər səngidi. Mən elə o zaman da demişdim ki, bu səngimə çox çəkməyəcək. Çox çəkməsi mümkün deyildi. Çünki türk xalqı ilə yəhudi xalqı bir-birinə elə bir formada pərçimlənib, qaynaq olunub ki, bunu heç bir formada ayırmaq olmaz. Davos hadisəsini tarix, zaman özü müalicə etdi. Region və dünya ölkələri gördü ki, Türkiyənin İsrailin olduğu oyunlardan çıxması bölgədə bir sıra bəlalara səbəb olacaq. Elə belə də oldu. Türkiyə ilə İsrail arasında o zaman münasbətlər pisləşməsəydi, İŞİD və PKK-nın bugünkü qədər Türkiyəyə təsir etməsi mümkün deyildi. Çünki İsrail heç vaxt Türkiyə kimi yaxın dostunun dırnağına belə, tikan batmasına imkan verməzdi. Boşluq yarandı və terrorçu kürdlərlə İŞİD bundan çox gözəl istifadə etdilər. Ona görə də Rusiya və Azərbaycan da istəyir və çalışırdı ki, nə olursa olsun İsraillə Türkiyə bir-birinə yaxınlaşsın.
Bu məsələdə diplomatik bir etiket və protokol qaydaları da var. Bir-birindən üzr istəmək, pul konpensasiyaları ödəməklə münasibətləri bərpa etmək olur. Hər iki tərəfin ayıqbaşlı və soyuqqanlı diplomatları bu işə töhfələrini verdilər.
- "Mavi Mərmərə" gəmisindəki hadisələrdə əsas günahkar Türkiyə idimi?
- Allah o gəmidə həyatını itirənlərə rəhmət eləsin. Amma bu, o demək deyildi ki, "Mavi Mərmərə" gəmisində olanların, Türkiyənin heç bir günahı yox idi.
Mən o gəminin bütün problemlərini bilirdim. O gəmi hümanitar yardımlarla yanaşı, Fələstin və "Hizbullah" terrorçularına strateji məhsullar da aparırdı. Gəminin qabaq cərgələri dəftərxana ləvazimatları, velosiped idi, amma arxa tərəfi sement idi. Sement isə strateji baxımdan ən qorxulu vasitədir. Çünki yeraltı lağımları bərkitmək üçün sement Fələstin terrorçularına və "Hizbullah"a lazım idi. Gəmidə eyni zamanda silahlar və külli miqdarda pul var idi. Terrorçular üçün pul aparılırdı. Bunu Türkiyənin xüsusi xidmət orqanları da, "Mossad" da çox gözəl bilirdi. Artıq olan oldu və bitdi. Yaxşı oldu ki, hər iki dövlət başçısı biri-birinə əl verdi və barışdılar. Bu gün onlar dostdurlar. Bu dostluğun bəhrəsini Türkiyə və İsraillə yanaşı, Rusiya və Azərbaycan da görəcək. Burada itirmək yox, ancaq qazanmaq olacaq. "One minute" hadisəsi hər iki dövlətin xalqına müəyyən mənfi təsirlər də göstərdi.
- Amma Türkiyədəki 15 iyul tarixli hərbi çevrilişə cəhdlər zamanı İsrail sanki susdu və Türkiyəyə açıq siyasi dəstək vermədi...
- Əslində bunu belə formullaşdırmaq olmaz ki, Türkiyədə 15 iyul hadisələri zamanı İsrail susdu.
İsrail hər zaman bütün dövlətlərə müraciət edir ki, terror və təhlükəsizlik məsələlərində mənim köməyim lazımdırsa, dövlət rəhbəri səviyyəsində müraciət olunsun.
Amma üumiyyətlə, İsrail dövləti münasibətini bu cür ifadə etdi ki, demokratik cəmiyyətdə dövləti terrorla, silahla devirmək antikonstitusion aktdır. İsrail də bunu qəbul etmir.
İsrail Fətullah Güləni terrorçu adlandıra bilməzdi. Çünki buna görə əlində kifayət qədər faktlar, dəqiq sübutlar olmalıdır. İsrail dövləti əlində olmayan faktlarla hər hansı nüfuzlu insanı və onun mənsub olduğu dövləti alçalda bilməz. Bunun üçün təhqiqat, istintaq aparmaq lazımdır. Bu Türkiyə dövlətinin işidir. Əgər kömək lazım olarsa, dövlətin rəhbərliyi, xüsusi xidmət orqanları müraciət etməlidir. Təbii ki, bu məsələdə İsrail, Rusiya və İngiltərənin "Mİ-6" təşkilatı öz sözünü deyə bilər.
- Bir müddət öncə Azərbaycan parlamentində vətəndaşların kommunal xidmətlərin bahalığından əziyyət çəkməsi ilə bağlı kəskin fikirlərinizi bildirmişdiniz. Artıq yaxın günlərdə qazın da qiymətinin qalxacağı deyilir. Sizcə, bu nə dərəcədə düzgün addım olacaq?
- Təbii ki, kommunal xidmətlərin qiymətlərinin qalxması devalvasiya ilə bağlıdır. İnsanlar da düşünürlər ki, yaxın günlərdə ərzaq səbəti, kommunal xərclər və yemək bahalaşacaq. Bu bütün dünyada qəbul olunmuş təbii hissdir.
Konvertasiya olunan milli valyuta, manat bu günə düşübsə, belə ehtimalların sayı daha çoxdur.
Dövlətin rəsmi məlumatına qədər bunların hamısı ehtimal olaraq qalır. Buna Tarif Şurası baxmalıdır və qərar verməlidir. Qalxa da bilər. Amma qalxmasının da çox böyük qorxusu var. Onsuz da bu gün ölkədə aylıq istehak səbəti çox zəifdir. Yeni bahalaşma onu daha da zəiflədəcək.
- Milli Məclisdə üzvü olduğunuz İnsan hüquqları komitəsinin sonuncu iclasında Azərbaycandakı məhkəmələrin insanların hüquqlarını pozması ilə bağlı sərt və kəskin çıxış etdiniz. İcra xidmətlərini yarıtmaz adlandırdınız. Sizcə, məhkəmələr niyə bu gündədir?
- İnsan hüquqları komitəsində bu gün əsasən bank kreditləri, qaçqın və məcburi köçkünlərin mülk məsələləri ilə bağlı müraciətləri var. Bütün bu məsələlərə məhkəmələrdə baxılır.
Məhkəmələr bəzən bu məsələlərə düzgün yanaşmır. Mən istəyirəm ki, Azərbaycanda bu cür qanunsuz hərəkətlərə son qoyulsun. Bir vaxtlar Azərbaycanda bütün məhkəmələrin qapısının üstünə və zalına "Ədalət məhkəməsi" sözü yazılmışdı. Sonradan "ədalət" sözünü götürdülər. Mən bilmirəm niyə belə etdilər.
Demək "ədalət" sözünü götürmüşüksə, artıq ədalətsizliklər var. "Ədalət" sözünü saxlamaq lazım idi ki, məhkəmələr vətəndaşların işlərinə ədalətlə baxsınlar.
Məhkəmə qərar çıxarıbsa və bu illərlə icra oluna bilmirsə, bunun üçün də mexanizm var. Mexanizm odur ki, bu fəaliyyətsizliyin özündən yenidən məhkəməyə müraciət edilsin.
- Qubada dağ yəhudilərinin məskunlaşdığı və sizin də yurdunuz olan Qırmızı Qəsəbədən çıxan gənclər orta, məktəbi, ya da universiteti bitirən kimi Amerikaya, Avropaya, İsrailə gedirlər. Oradan çıxan gənclərin əksəriyyəti Azərbaycanda qalmır, bizneslərini burada qurmur, dövlət işlərində də çox az təmsil olunurlar. Sizdən sonra Qırmızı Qəsəbədən başqa yəhudi əsilli deputat ola bilərmi?
- İlk növbədə Azərbaycan dövlətinin Konstitusiuyası heç bir millətin başqa millət üzərində üstünlüyünü qəbul etmir. Yəni hansısa bölgədən "mütləq bir Abramov, ya da Zabelin seçilməlidir" deyə, bir şey yoxdur.
Azlıqda olan digər millətlərin nümayəndələrikimi talış da, kürd də, yəhudi də siyasi partiyalar xətti ilə öz namizədliklərini irəli sürə bilər.
Amma onun deputat seçilib-seçilməyəcəyi xalqdan asılıdır. Bunu bilin ki, mənim seçildiyim dairədə bir nəfər də olsun yəhudi seçicim yoxdur.
- Yəni sizin seçildiyiniz dairədə artıq yəhudilər qalmayıb?
- Xeyr, qalıblar...(gülür). Sadəcə olaraq Qubadakı yəhudilər Vahid Əhmədova səs veriblər. Qırmızı Qəsəbənin seçiciləri Vahid Əhmədovun seçildiyi dairəyə düşüblər. Mənim seçicilərim isə azərbaycanlılar, ləzgilərdir.
- Bəs niyə Qırmızı Qəsəbədən çıxan yəhudilərin çoxu Azərbaycanda qalmırlar?
- Yox, mən belə deməzdim. Azərbaycanda tanınmış, məhşur yəhudi biznesmenlər var. Gön-dəri Zavodunun direktoru İliyev məhşur milyonçu yəhudidir. Sonda o zavod Bakıda Avropa oyunlarına görə tikilən stadionun yoluna düşdüyünə görə söküldü və İliyev də Rusiyaya getdi. Bakıda indi də xırda biznesmen yəhudilər də var.
- Telman İsmayılov və Azərbaycandan çıxmış digər yəhudilərn öz rayonlarına yardımları olurmu?
- Bəli, əlbəttə olur. Onlar rayonların abadlaşmasına yardımlar edirlər.
Azərbaycan dövlətinin, Silahlı Qüvvələrə Yardım Fonduna da pul köçürürlər. Amma bu gün bazar iqtisadiyyatı dövürüdür. Nə olsun ki, mən Azərbaycanda doğulmuşam. Biznesimi Türkiyədə, Gürcüstanda da qura bilərəm.
Harda mənim üçün yaşıl işıq varsa, asan və münasibdirsə, orda da biznesimi yarada bilərəm. Amma əsas məsələ odur ki, başqa dövlətdə qazandığım puldan öz vətənimə də xərcləyim.
Hər bir Azərbaycanda doğumlu, Qırmızı Qəsəbədə boya-başa çatan, hərfləri burda öyrənən, attestatı bu vətəndə alan, amma milyardları Fransada qazanan yəhudi Azərbaycana yardım etməlidir. Amma bu o demək deyil ki, yəhudilər Azərbaycanda dövlət işlərində işləmirlər.
Yəni belə bir şey də yoxdur ki, mənim yerimdə mütləq bir yəhudi , Mixael Zabelinin yerində də Andrey Zaxarov oturmalıdır.
Milli.Az