Tortları bəzəməyin üsulları çoxdur. Əvvəlki buraxılışlarımızda da bunu müzakirə etmişik. Bu dəfə bəzək işində çox böyük imkanlar yaradan aysinqdən danışacaq, həmçinin tortların bəzədilməsinin digər üsullarını (kremlə, marşmellou ilə), bəzi detalları videolar vasitəsilə çatdırmağa çalışacağıq.
Aysinq (Royal İcing) - yumurta ağı və şəkər pudrasından hazırlanan kütlədir. O, həm ağappaq, həm də boyalar əlavə etməklə rəngbərəng ola bilər.
Bu, qatı plastik kütləyə bənzəyir. Yumurta ağını ələnmiş şəkər pudrası ilə qarışdırıb, plastiklik üçün hansısa bir turş maddə, məsələn, limon şirəsi, quru limon turşusu, kremortartar və s. əlavə edirlər. Bəzən onun plastikliyini artırmaq üçün bu kütləyə qlükoza siropu və ya bir qədər qliserin qarışdırırlar. Ancaq qliserin aysinqi çox yapışqan edir. Bu isə hazır fiquru polietilen altlıqdan qoparmaqda çətinliklər yaradır. Ancaq məsələn, aysinqi birbaşa pryanik əsaslı məhsulun üzərinə çəkirsinizsə, o zaman onun tərkibindəki qliserin işi çox asanlaşdırır.
Aysinqin qatılığı
Aysinq bəzəklərin hazırlanmasında başqa tərkibdən də istifadə olunur, məsələn albumin əsaslı (1 kq albumin = 316 yumurta ağı) və s. Ancaq bunlar ev şəraitində deyil, qida sənayesində daha əlverişlidir.
Hər şeyi bilmək həvəsində olan oxucularımız üçün: kremortartar kalium turşusunun C4N5O6K tartarat duzudur (şərab daşı: latıncadan cremor - qatı şirə və tartarum - şərab daşı). Şərabı uzun müddət çəlləkdə saxlayanda bərk kristallik qabıq formasında yaranır. Böyük miqdarda isə kimyəvi sintez vasitəsilə alınır. Su, süd və bitki mənşəli şirələrlə qarışdırıldıqda (xəmirə əlavə etmək üçün) kremortartar şərab turşusunun məhluluna çevrilir və xəmirin gəlməsinə rəvac verir. Bu səbəbdən kremortartar qida tozunun (bakpulver) əsasını təşkil edir. Həmçinin onu təklikdə də işlədirlər, məsələn, yağlı qat-qat xəmirin hazırlanmasında. Kremortartarı digər qida turşuları ilə də əvəz edirlər: limon, alma, sirkə və s.
Aysinqlə iş qaydası
Aysinqlə ya birbaşa qənnadı məhsulunun üzərində naxışlar çəkir, yaxud hazır şablonları təkrar edirlər.
Üzərinə şablon çəkilmiş kağızın üstünə polietilen plyonka qoyur və naxışları təkrarlayırlar. Kalka, perqament və yaxud yağlı kağızın üzərində aysinqlə nə isə çəkmək məsləhət deyil: qopara bilməyəcəksiniz. Hazır naxışı plyonkadan asan ayırmaq üçün isə plyonkanın üzərinə napnazik zeytun yağı qatı çəkmək lazımdır (digər bitki yağlarından fərqli olaraq zeytun yağı polimerləşib qatılaşmır və əgər naxışı uzun müddət qurutmaq lazımdırsa, onu səthə bərkitmir).
Təzə hazırlanmış aysinqi qənnadı şprisinə, torbasına yerləşdirir və uyğun ucluq taxaraq istifadə edirlər. Yaxud da onu sənədlər üçün polietilen faylın içinə töküb bir ucunu çox nazik kəsmək olar. Hər dəfə nə qədər istifadə edəcəksinizsə, o qədər aysinq hazırlayın. Onu saxlayanda plastikliyi dəyişir, normal işləmək üçün hər dəfə ya şəkər pudrası, ya da su əlavə edərək ciddi-cəhdlə qarışdırmaq lazım gəlir.
Aysinq çox duru olmamalıdır - naxış çəkərkən formasını itirib yayılar bilər; çox bərk aysinq də iş prosesini pozur - onu torbadan basıb çıxarmaq çətin olur, əl yorulur, həmçinin xətlər də qırıla bilər.
Aysinqi qatı hazırlamaqla ondan plastilin kimi istifadə edərək fiqurlar düzəltmək olar (marşmellou kimi). Ancaq çox qalın fiqurlar hazırlamağınız məsləhət deyil, çünki qurutmaq çox vaxt aparacaq.
Fiqurlar çəkərkən aysinqi bir neçə yerə bölüb qida boyaları qatmaqla fərqli və daha gözəl nəticələr əldə etmək olar.
Aysinqi soyuducuda saxlamayacağınız hazır və soyumuş, quru qənnadı məhsulunun birbaşa üzərinə çəkə bilərsiniz - pryanikin, qlazurlu pryanikin, şəkərli xəmirdən peçenyenin, həmçinin şokoladın və s.
Onu qənnadı kreminin, biskvitin və digər nəm səthin, həmçinin yalnız soyuducuda saxlanılmalı məhsulun üzərinə qətiyyən çəkmək olmaz. Əgər biskvit tortu hazırlamısınız və onu aysinqlə bəzəmək fikriniz varsa, tortu əvvəlcədən soyuducuda saxlayın, aysindən fiqurları hazırlayın, tortu süfrəyə verərkən isə bəzəkləri üzərinə düzün.
Üzərində aysinqdən bəzəklər olan plyonkanı (yaxud da hazır məhsulu) otaq temperaturunda (40 dərəcə Selsidən artıq olmaz) 1-2-3 gün (tam bərkiyənədək) qurudurlar. Aysinq detalın böyüklüyündən, otaqdakı nəmişlikdən asılı olaraq müxtəlif müddətlərə quruyur. Məsələn, xırda çiçək üçün 1-2 gün kifayət edir, daha böyükləri üçün isə 5-6 gün gərəkdir. Qurutma müddətini artırmaq üçün 40 dərəcə Selsidən yüksək olmayan temperaturlu, isti, quru yerdə saxlamaq olar.
Əgər qabarıq səthli fiqurlar almaq istəyirsinizsə, üzərinə aysinq çəkilmiş plyonkanı qabarıq səthin üzərinə yerləşdirin (məsələn, yarıaçılmış kitabın arasına, böyrü üstə qoyulmuş stəkanın, qazanın üstünə və s.).
Düzgün hazırlanmış aysinq maili səthlərin üzərindən axmır. Əgər aysinq bir az duru alınıbsa, bir qədər plyonkanın üzərində bir az qurudun (amma sınacaq dərəcədə yox), sonra isə plyonkanı qabarıq, maili səthin üzərinə yerləşdirin.
Krujevalı kürə hazırlamaq istəyirsinizsə, aysinqi üfürülmüş hava şarının üzərinə çəkin (böyüklüyünə özünüz qərar verin). Quruyandan sonra şarı iynə ilə deşib boşaldın, kürənin içindən çıxarın.
Qurumuş aysinq bəzəklərini plyonkadan ehtiyatla ayırmaq lazımdır. Bunun üçün onu masanın kənarına gətirib bir hissəsini açıqda (səthdən kənarda) saxlayaraq bir kənarından plyonkanı tutaraq səliqə ilə aşağı çəkin.
Aysinqdən hazırlanan bəzəklər zərif, kövrək olduğundan bir detaldan bir neçəsini hazırlayın (biri qırılsa, digəriylə əvəzləyə biləsiniz).
Aysinq bəzəklərini şəkər pudrası ilə çalınmış yumurta ağı ilə, yaxud da elə aysinqin özüylə (normal qatılıqlı) məhsulun üzərinə bərkitmək olar. Bundan sonra onu qurutmaq lazımdır.
İrihəcmli aysinq bəzəklərini hazırlamaq üçün əvvəlcə onların çertyoj üzrə detallarını hazırlayır, tam quruyandan sonra bir-birlərinə birləşdirirlər (məsələn, aşağıdakı Eyfel qülləsi kimi).
Qırılmış bəzəkləri atmağa tələsməyin. Onlar çox dadlıdır və çayla içmək olar.
Hazır aysinq bəzəkləri uzun müddət, ancaq nəmişlik olmayan yerdə, otaq temperaturunda qutuda saxlamaq mümkündür.
Aysinqdən olan fiqurları soyuducuda saxlamayın, onlar yumşalır və dağılır.
Royal İcing
Tərkibi:
1 təzə yumurtanın ağı (sarıdan tamamilə ayırın)
250 q şəkər pudrası (ələmək mütləqdir)
0,5 ç.q. limon şirəsi və ya bıçağın ucunda quru limon turşusu
(Əgər aysinqin dadının daha turş olmasını istəyirsinizsə, quru limon turşusunun miqdarını artıra bilərsiniz. Limon şirəsini isə lap axırda əlavə etmək lazımdır, əks halda aysinq bəzəklər tez qırılır)
1 ç.q. qatı qlükoza şirəsi (yapışqan və daha plastik olmasını istəyirsinizsə)
Yumurtanın ağını sarıdan tərtəmiz ayırın, sarının 0,1 mq-nın da ağa qarışmasına imkan verməyin.
Yumurtanın ağını çəngəllə yüngül köpük alınanadək çalın. Burada əsas məqsəd yumurtanı çalmaq deyil, onun quruluşunu dağıtmaqdır, hava qabarcıqlarının aysinqdə yeri yoxdur.
Sonra tədricən şəkər pudrası əlavə edərək yaxşıca qarışdırın.
Prosesin ortasında quru limon turşusu əlavə edin. Limon şirəsini isə lap axırda əlavə edin. Qida boyasını da sonda əlavə etmək lazımdır.
Şəkər pudrasını hissə-hissə əlavə etməklə, lazımi qatılığa gəlincə qarışdırın. Konditer torbasına tökəcəksinizsə, aysinqi normal qatılıqlı, əlinizlə fiqurlar hazırlayacaqsınızsa, qatı edin.
Qar dənələri
Aysinqi konditer torbasına doldurub nazik ucluq taxın. Nazik zeytun yağı qatı çəkilmiş polietilen klyonkanı şablonun üstünə qoyun, torbanı basaraq aysinqlə şablonu təkrarlayın.
Biri artıq hazırdır.
Plyonkanı bir qədər kənara çəkib yeni bir qar dənəsi çəkin.
Otaq temperaturunda 1-2 gün saxlayın.
Qurumuş qar dənəsi kifayət qədər möhkəmdir.
Rəngli aysinq
Əvvəlcə ağ aysinqlə kontur çəkin, sonra isə içini rəngli aysinqlə doldurun.
Aysinqdən olan fiqurların düz və maili, qabarıq səthlər üzərində qurudulması
Tacın üzərindəki muncuqları aysinqi plyonkanın üstünə sıxan kimi düzün, "brilyantları" isə tortu süfrəyə verməzdən əvvəl şəffaf qatı jele hazırlayaraq tacın üstünə damızdırmaqla qoyun.
Yeni evlənənlər üçün fujerlər aysinqlə bəzədilib. Tərtəmiz yuyulub qurudulmuş fujerlərin üzərinə aysinqlə naxışlar çəkin. Qurudun. Toy tortunun üstünə yerləşdirin. Bəylə gəlin bu fujerlərdən istifadə etdiklən sonra fujerlərin üstündəki aysinqi sadəcə su ilə yuyun.
Aysinqdən düzəldilmiş fiqurları ayrıca desert kimi də süfrəyə vermək olar:
Aysinqdən yolka
Konditer torbasında belə formalı detallar çıxarın. Bir sutka qurudun.
Sonra aysinqlə onları yolka formasında birləşdirin. Hazır olandan sonra yolkanı da bir sutka qurudun.
Yaşıl yolka
Konus formalı pryanikin üzərinə yaşıl boyalı aysinqlə budaqlar çəkin.
Qar adamını üç ayrı boya qatılmış qatı aysinqdən şəkər pudrası əlavə etməklə əlinizlə düzəldin.
Yolkanın üzərindəki ulduzu da əlinizlə hazırlayın.
Qırmızı bantlı konfetlər üzərinə aysinq çəkilmiş şokoladdandır. 1 sutka qurudulub.
Aysinq kürələr
Ləvazimat:
aysinq
xırda hava şarları
azca zeytun yatı
şarı bağlamaq üçün sap
1, yaxud 2 nömrəli konditer ucluğu
Əvvəlcədən kürələri qurutmaq üçün haradan asacağınız yeri müəyyənləşdirin.
Hava şarlarını istədiyiniz böyüklükdə üfürün. Sonra isə uzun sapla bağlayın (qurutmaq üçün asanda asan olsun).
Hər bir şarın üzərinə azacıq zeytun yağı çəkin ki, sonra aysinqdən aralamaq asan olsun. Bunun üçün fırça ilə doldurulmuş şarın üstünə zeytun yağı damızdırın, sonra isə əlinizlə bütün səthinə yayın.
Şarı bağladığınız hissədən tutaraq fırlada-fırlada 1 nömrəli ucluq (bununla daha zərif alınır) taxılmış konditer torbasından aysinqlə üzərinə naxışlar çəkin.
Aysinqli hava şarını bir yerdə asıb 10-24 saat qurudun.
Qurumuş aysinqli şarı əlinizdə saxlayın, ucu küt bir alətlə (məsələn, fırçanın arxası ilə) şarı aysinqdən ehtiyatla aralayın. Aysinqli kürə şardan asan aralansın deyə şarı çox doldurmamaq lazımdır. Sonra şarı deşin və kürənin içindən çıxarın. Əgər aysinqi əvvəlcədən şardan aralamasanız, şarı partladarkən kürə dağıla bilər.
Böyük bir şarın üzərinə aysinqlə naxışlar çəkməklə belə bir gözəllik yarada bilərsiniz.
Yastı aysinqdən həcmli fiqurlar
Uşaq arabası
Şablon üçün CD-diskdən istifadə edin.
Hər ehtimala qarşı bir detaldan bir neçə ədəd hazırlayın.
Gərəkli detallar:
arabanın 2 böyrü (dairənin 3/4-ü) - konturu çəkin, içini isə tor kimi çəkin;
dairənin 3/4-ü qədər 1 şərid (iki böyrün arasında qalacaq, yəni arabanın oturacağı və üstü olacaq), plyonkanın üstünə çəkəndən sonra CD-nin konturunu təkrarlayan qabarıq səth üzərində qurudun;
4 təkər - şəklini zövqünüzə uyğun dəyişə bilərsiniz;
1 düzbucaqlı - buraya təkərlər bitişdiriləcək (təxminən 4x6 sm);
2 qəşəng bəzək - bunlar böyürlərin bəzəyi olacaq;
2 tutacaq yeri;
1 "tül" pərdəcik (üst hissəyə bərkidiləcək);
1 krujevalı dairə - diametri təxminən 8 sm, onun üstünə kolyaska bütövlükdə yerləşdiriləcək.
Şəkillərdə göstərilən kimi detalları hazırlayın. Yastı detalları düzgün səth, böyürləri birləşdirən qabarıq şəridi isə uyğun qabarıq səth üzərində yaxşı qurudun.
Böyürlərin və qabarıq şəridin kənarlarına nazik qat aysinq və ya yumurta ağı ilə şəkər pudrasını çalaraq çəkib birləşdirin. Qurudun. (əvvəlcə bir böyrü yapışdırıb qurudun, sonra isə digərini).
Hamısı quruyandan sonra arabanın bir böyrünə naxışı aysinqlə bərkidin, arabanın altına isə düzbucaqlını bərkidin, qurudun.
Arabanı çevirin, o biri böyrünə də naxış yapışdırın. Təkərləri isə dördbucaqlıya bərkidin. Əlavə vasitələrlə bunların yerində qalıb yaxşı bərkiməsini təmin edin. Tam bərkiyəndən sonra arabanı iri krujevalı dairənin üstünə qoyub bərkidin. Qurudun.
Sonra tutacaqları və "tülü" bərkidin. Hazır tortun üzərinə yerləşdirin (soyuducuda saxlamayın).
Eyfel qülləsi
Sxemdə göründüyü kimi detallar hazırlayın. 1-2 gün saxlayın, sonra isə birləşdirin.
Aysinqdən şəkillər
Aysinqlə işləmək qaydası artıq müəyyən qədər aydın oldu. Bundan şəkillər hazırlamaq üçün müxtəlif ucluqlardan, rəngli aysinqdən, barmaqlarınızdan, müxtəlif steklərdən və fırçalardan istifadə edə bilərsiniz.
Qabarıq güllər
Aysinqdən yapma
Aysinqi qatı hazırlayıb ondan plastilin kimi istifadə edərək fiqurlar hazırlamaq olar. O, ələ yapışmasın deyə əlinizə zeytun yağı çəkin, aysinqin üzərinə isə şəkər pudrası səpin.
Tortların bəzədilməsi üçün ideyalar:
Bu videolarda isə tortların bəzədilməsi üçün məhsulun ilkin formasının
hazırlanması, krem, marşmellou, aysinq, şokoladdan istifadə olunaraq
bəzədilməsi qaydaları göstərilir.
Aysinqlə krujeva, kremlə çiçəklər, yazı
Aysinqlə şəkil:
Hamar qlazur, krem və meyvə ilə bəzək:
Tortun rənglənməsi, jele və kremlə güllər:
"Barbi" tortu (marşmellou):
Şokoladlı-meyvəli bəzək:
Şokoladlı qızılgüllər:
Kremdən səbət hörgüsü:
Şokoladlı "əbru":
Şokoladlı "mərmər" lövhələr:
Marşmelloudan qızılgüllər:
Tortun üzərinin hamarlanıb kremlə bəzədilməsi:
Kremlə qızılgüllər, səhləb çiçəyi, qırçınlar: