Kulinariya

Günün təamı - jele, meyvəli tortlar və mastika

1 İyul 2012 07:00
52 Şərh     Baxış: 85 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Jelenin hazırlanma qaydası, adətən, onun içində olduğu paketin üstündə yazılır. Jelatinin növləri müxtəlif olur. Bəziləri dənəvər, bəziləri toz, bəziləri isə plastinka kimi olur. Bəs yaxşı, paket cırılıbsa, yaxud heç əvvəldən olmayıbsa?

İdealda plastinka jelatini düzgün hazırlamaq qaydası belədir: konditer məhsulunun üstündə əriyib axıb getməməsi üçün jelatini soyuq suda yuyun. Qaynadılmış soyuq suda 2 saat saxlayın. Jelatin şişəcək. Buna şəkər tozu və limon turşusu əlavə edin. Sonra ocağın üstünə qoyun. Qaynara düşəndə üstünün köpüyünü yığın, vam odda daha 5 dəqiqə dayanmadan qarışdıra-qarışdıra bişirin, 40-60 dərəcəyədək soyudun.  
Sonra istədiyiniz qida boyasını, sirop və ya aromatizator (vanil essensiyası və s.), həmçinin azca likör əlavə edə bilərsiniz.

Donmamış jeleni nəlbəkilərə tökün (maksimum 1 sm qalınlıqda). Donandan sonra müxtəlif fiqurlar kəsib konditer məhsullarının üstünə yerləşdirə bilərsiniz. Yaxud bütöv bir tortun üzərini jele ilə örtmək istəyirsinizsə, korju bişirdiyiniz formanın içinə qida plyonkası çəkin, jeleni içinə tökün. Qalınlığı 3 mm-dən çox olmamalıdır. Bərkiyəndən sonra qida plyonkasının kənarlarından tutaraq jeleni formadan çıxarın. Tortun üzərinə yerləşdirin. (Bu zaman çalışın, jelenin donarkən üstdə olan tərəfi tortun da üzərində yuxarıda olsun. Çünki qida plyonkasına yapışan səthi qırışıqlar səbəbindən hamar olmur). Və təbii ki, jeleni tam donmamış da tortun üzərinə tökmək, sonra soyuducuda dondurmaq olar. Belə tortları isə aşağıdakı qayda ilə hazırlamaq olar.

Jeleli-şaftalılı tort



Tərkibi:

xəmir:
2/3 st. un
3 yumurta
1/2 st. şəkər tozu
1 ç.q. qabartma tozu
vanil
kərə yağı (yağlamaq üçün)

jele:
1 banka şaftalı konservi
300 ml şaftalı şirəsi (siropu)
20 q jelatin
1 ç.q. limon şirəsi
2 ç.q. şəkər tozu

Xəmiri hazırlamaq üçün yumurta, şəkər tozu və vanili qatı köpük alınıb həcmi artana qədər çalın. Sonra tədricən ələnmiş unu və qabartma tozunu əlavə edərək çalın.
Yağlanmış siniyə töküb üzərinə folqa çəkin və 180 dərəcə qızdırılmış sobada təxminən 30 dəqiqə bişirin. Sonra korju sobadan çıxarıb soyudun. Üst hissəsini kəsin. Divarlarını və dibini zədələmədən içini oyub çıxarın.

Jele hazırlamaq üçün şaftalı şirəsinin içinə jelatin töküb qarışdırın, 30 dəqiqə saxlayın. Şaftalı konservini blenderdə əzin (bir-ikisini bəzək üçün saxlayın). Sonra buraya şəkər tozu, limon şirəsi əlavə edib yenə blenderdə qarışdırın.  

Jelatinli məhlulu ocağın üstünə qoyub jelatin tam əriyənədək qızdırın, sonra blenderdəki pürenin içinə töküb yaxşıca çalın.

Hazır jeleni içi oyulmuş korjun içinə tökün, kəsdiyiniz "qapağı" üstünə qoyun. Qalan jeleli püreni üstünə çəkin. Şaftalı dilimləri ilə bəzəyin.

Soyuducuda üç saat saxlayın.

Çiyələkli tort



Tərkibi:

xəmir:
100 q kərə yağı
100 q şəkər tozu
1 yumurta
100 q un
1/2 ç.q. qabartma tozu
vanil
1 çimdik duz

krem:
18 q jelatin
600 ml yoqurt
150 q şəkər tozu
1/2 limon şirəsi
400 q çiyələk

jele:
150 q çiyələk
50 q şəkər tozu
1 ç.q. jelatin

Yumurtanı şəkər tozu və duzla çalın. Yumşaldılmış kərə yağı, vanil əlavə edərək yenə çalın. Qabartma tozu ilə qatıb yaxşıca qarışdırın.
Kərə yağı ilə yağlanmış siniyə töküb 20-30 dəqiqə 180 dərəcə qızdırılmış sobada bişirin. Soyudun.
Çiyələyi blenderdə şəkər tozu əlavə etməklə əzin. Sonra bir qaba tökün. Suda əridilmiş jeleni nazik axınla əlavə edib çalın. Korjun üzərinə çəkin. Soyuducuya qoyun.

Krem hazırlamaq üçün stəkana azca su töküb içində jelatini əridin. Yoqurtu şəkər tozu, limon şirəsi ilə çalın. Sonra suda həll edilmiş jelatini əlavə edib yaxşıca qarışdırın və soyuducuya qoyun.
Yuyulub qurudulmuş çiyələkləri yarı bölün.
Korju soyuducudan çıxarın, çiyələkləri üstünə düzün. Çiyələyin üstünə krem çəkin. Tortun üstünü çiyələyin qalanı ilə bəzəyin.

Sitrus meyvəli tort



Tərkibi:

2 st. un
1,5 st. şəkər tozu
4 yumurta
3 paçka müxtəlif rəngli jele
1 banan
2 kivi
1 portağal
1 alma
100 q qoz
qatılaşdırılmış süd (zövqə görə)
vanil
kərə yağı (yağlamq üçün)

Yumurta və şəkər tozunu mikserlə qatı köpük alınanadək çalın. Çalmağı dayandırmadan un və vanil əlavə edin.
Kərə yağı ilə yağlanmış, kənarları açılan formaya töküb 200 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin. Sonra korju formanın içindən çıxarın.

Meyvələri yuyun, təmizləyib nazik dilimləyin. Formanı yuyub qurudun, içinə qida plyonkası döşəyin. Ayrı-ayrı qablarda jele hazırlayın. Bu zaman suyu jele paketinin üstündə yazılmış miqdardan az götürün ki, jele bir az qatı alınsın. İki cür jeleni soyuducuya qoyun, birini isə otaq temperaturunda saxlayın. Diqqət edin ki, soyuducuya qoyduğunuz jele çox bərkiməsin.

Soyumuş korju ortadan iki bölün. Bu korjlardan birinin üstüunə otaq temperaturunda saxladığınız jelenin bir hissəsini çəkin. Üzərinə qatılaşdırılmış süd çəkib qoz səpin. İkinci korju üstünə qoyun. Otaq temperaturunda olan maye jele hopdurun, qatılaşdırılmış süd çəkin. Banan, portağal, kivi və alma dilimlərini düzün. soyuducudakı jelenin hamısını bərabər surətdə üstünə yayın. 15 dəqiqə soyuducuda saxlayın. Sonra soyuducudan çıxarıb maye jelenin hamısını üstünə bərabər gəzdirin. 6-8 saat soyuducuda saxlayın.

Südlü mastika



Emma təxəllüslü oxucumuz, həmçinin bizdən tortun üzərini karamellə bəzəmək qaydasını da istəmişdi. Marşmellou ilə bəzək "plastin"lərini hazırlamaq üsulunu burada yazmışdıq. Bunu başqa cür də hazırlamaq olar. Bunun üçün 1:1:1 ölçüdə quru süd, şəkər pudrası və qatılaşdırılmış südü plastilin konsistensiyasına gələnədək qarışdırın. Buna müxtəlif qida boyaları da əlavə edə bilərsiniz. Sonra isə ürəyiniz istəyən fiqurlar düzəldərək tortunuzu bəzəyin.

Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.