Maraqlı

Jül Vernin “Sirli ada”sı: utopiya, yoxsa gerçəklik?

9 May 2015 20:50
0 Şərh     Baxış: 6 708
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Jül Vern dünya ədəbiyyatının ən görkəmli yazıçılarından biridir. O, dünya ədəbiyyatı xəzinəsinə "Kapitan Qrantın uşaqları", "İyirmi min lye su altında", "Sirli ada" kimi dəyərli əsərlər bəxş etmişdir. Bunlar, əlbəttə, zaman ayırıb oxuduğum əsərlərdir. Əslində isə o, müxtəlif mövzularda yazılmış 100-ə qədər romanın müəllifidir. 

Onun yaradıcılığında "Sirli ada" romanı xüsusi bir yer tutur. Əsər qasırğa nəticəsində qəzaya uğrayıb Sakit okeanın kimsəsiz bir adasına düşən 5 nəfərin yaşamaq uğrunda mübarizəsindən bəhs edir. Yazıçının kolonistlər adlandırdığı bu insanlar adadakı həyatlarından razıdırlar. Bu azad insanlar (azad yaşamağa layiq insanlar) Riçmondda quldarların əhatəsində qalmaqdansa adada yaşamağı üstün tuturlar. Bu isə Amerikada vətandaş müharibəsinin böyük dəhşətlərindən xəbər verirdi.

Həmin namuslu insanlar vəhşi təbiəti ram edib, adanı sivil ölkələrin kəndlərindən birinə çevirirlər. Təsadüfən Herbertin cibindən tapılan bir buğda dənəsindən yüz kiloqramlarla taxıl yetişdirirlər. Adada xariqələr yarada-yarada vətənə qayıtmaq ümidlərini bir an olsa belə itirmirlər.

Lakin həyat həmişə uğur gətirmir, nə vaxtsa verdiklərini geri alır. Piratların adaya gəlişi onları məyus edir, amma ruhdan sala bilmir. Min əziyyətlə abad etdikləri adanı onların əlindən almağa çalışan piratlara qarşı mübarizə aparırlar. Çox işdə olduğu kimi, bu işdə də adanın sirli hamisi onların köməyinə gəlir, piratları məhv edir.

Kolonistlər adada özlərini xoşbəxt hesab edirlər. İti düşüncələri ilə adada baş verən hər bir hadisəni təhlil edir, buna uyğun qərar qəbul edirlər. Müəllif yazır: "Kolonistlər, doğrudan da, çox şeyi bilirdilər, təcrübəli adamlar isə başqalarının pis gün keçirib, nəhayət, tələf olduqları yerdə müvəffəqiyyət qazanırlar".

Əzmkar və mübarizə ruhu ilə silahlı olan kolonistlər vəhşi meymunu belə əhliləşdirib etibarlı bir nökər rütbəsinə qaldırırlar. Əsl vətənpərvər olan kolonistlər yaşadıqları sirli adanı öz ölkələrindəki adlarla adlandırırlar.

Sirli adanın sakinlərini yazıçı ayrı-ayrı xüsusiyyətlərini qeyd etsə də, bütövlükdə onları mərdlik, mübarizlik, gözütoxluq, ən əsası isə etibarlılıq birləşdirir. Kolonistlər, onlara çoxlu yaxşılıqlar etmiş, dəfələrlə onları böyük təhlükələrdən qoruyan sirli adamı tapıb ona təşəkkür etmək üçün heç bir fədakarlıqdan çəkinmirlər, onu tapmaq üçün adanı ələk-vələk edirlər. Herbert öz hamisini tapmaq üçün hər çətinliyə hazır olduğunu, Penqrof isə bir gözünü belə verməyə hazırdır. "Bu sirli adam kim olursa olsun, istər bizim kimi qəzaya uğramış bir adam, istərsə də sürgün edilmiş bir kimsə, fərqi yoxdur, biz özümüzü sonsuz dərəcədə ona borclu hesab etməsəydik, dünyada ən nankor bir insan olardıq".

Kolonistlər, xüsusilə də Penqrofla Nab sirli adama, adanın hamisi kapitan Nemoya sarsılmaz bir inam bəsləyirdilər. Onu hər şeyə, hətta vulkanın qarşısını kəsməyə belə qadir hesab edirdilər. "Krater cınqırını çıxarmağa cəsarət etsə hamimiz onun da ağzını yumar".

Yazıçı insanlığın əsl nümunəsi olan bu insanların hər birinin xarakteristikasını verir.Herbert qabiliyyətli, zəhmətsevər, Nab təvazökarlıq, gözütoxluq, igidlik və sədaqət nümunəsi, Gedeon Spilet bacarıqlı, ümumi işdən öz payını görən, Penqrof namuslu, zəhmətkeş, tez-tez şirin xəyallar quran, bir əkinçi ruhuna malik insan kimi təsvir olunur. Sayrus Smit, Gedeon Spilet, Penqrof, Herbert və Nab insanlardan üz döndərən, əsl azadlığı cəmiyyətdən kənarda, okeanların dərinliklərində axtaran Kapitan Nemonun belə qəlbində insanlara qarşı mərhəmət və şəfqət hissi oyatmağı bacarırlar.

Onların hər biri öz işlərinin ustasıdır. Sayrus Smit mükəmməl bir ixtiraçı, Herbert intizamlı, nümunəvi bir şagirddir. O, məktəbdə aldığı bilgi vasitəsilə bir çox heyvan və bitki növlərini asanlıqla bir-birindən ayıra bilir.

Gedeon Spilet ən yaxşı jurnalist, Nab isə ağasına heç bir vəchlə sarsıdıla bilməyən bir sədaqətli nökərdir. Quldarlığa nifrət edən edən Sayrus onu azad etsə də, o bir an da olsa ağasından ayrılmır, ağası üçün özünü hətta oda belə atmağa hazırdır.

Jül Vernin böyük məhəbbətlə təsvir etdiyi Sayrus Smit öz ixtisasını və bununla bağlı olan bir çox sahələri dərindən bilən bir mühəndisdir. Kolonistlər bütün işlərdə mühəndisə arxalanır, onunla fəxr edirdilər. Bu təvazökar insan isə "Sən özün də bu işi bacarardın", -deyərək özünü yoldaşlarından heç vəchlə üstün olmadığını deyir. O, ən sadə bir alətlə belə özlərinin adada, yoxsa qitədə olduqlarını təyin edə bilir. Bu isə Jül Vernin böyük istedadından və humanizmindən irəli gəlir. Məhz bu biliklər ona dünya şöhrəti gətirir.

Sayrus Smit yüksək təhsil görmüşdüsə də, bir çox müşkülləri həll edə bilirsə də, bəzən təbiət qüvvələri qarşısında öz acizliyini etiraf edir. O, Penqrofa "Dostum Penqorf, adamlar nə qədər alim və qüdrətli olsalar belə burada heç bir şeyi dəyişdirməyi bacarmazlar", - deyir.

Əsərin baş qəhrəmanı olan Sayrus Smitdən sonra adı ən çox hallanan Penqrofdur. "Odun və suyun içindən çıxmış", "bütün dəniz işlərində ən mötəbər adam" olan Penqrof yoldaşlarına nisbətən çılğın və hövsələsizdir. Kolonistlər adaya gəlmiş 5 piratın islah olacaqlarına inandıqları halda, Penqrof onları məhv etməyi israr edir. Və zaman onun haqlı olduğunu təsdiq edir. Yalnız Herbert yaralanandan sonra kolonistlər onun haqlı olduğunu qəbul edir. Görünür, "insanları məhv etmək deyil, bir insan kimi yaşatmaq lazımdır" kəlamına bəzən əməl etməmək gərəkir.

İlk dövrlərdə qarşılaşdığı çətinliklər onu qətiyyən qorxuzmur. Özünə əminliklə "Biz düzəltdikləri hər bir sarsaq şeyi möcüzə hesab edən köhnə Robinzonlardan yüz qat yüksəyik",-deyir.

Quldurluq hərəkətlərinə görə bir müddət tənha adada yaşamağa təhkim olunmuş və bu adada 12 il sakin olduqdan sonra vəhşiləşmiş Ayrtonun həyat hekayəti daha kədərlidir. Əsəri oxuduqca onu əvvəlki halına qaytarmaq, ideal bir insan etmək üçün kolonistlərin nə qədər çalışdıqları təsvir olunur. Ayrton uzun zaman bu fədakar insanlara uyuşa bilmir, onlardan kənar qaçır, daha doğrusu, özünü kolonistlərə layiq bilmir. Amma elə bu insanların köməyi ilə də namuslu həyat yoluna qayıdır. Sayrus Smit onları xilas edən "Dunkan" gəmisinin kapitanı Robert Qranta deyir: "Kapitan, siz adada bir cani buraxıb getmişsiniz, indi isə geri qayıdarkan tapdığınız elə bir adamdır ki, onun əlini sıxmağı mən özümçün bir şərəf hesab edirəm".

Jül Vern öz romanlarında hadisələri məharətlə bir-birinə bağlamağı bacarır. Bu onun çox böyük üstünlüyüdür. Belə ki, müəllif "İyirmi min lye su altında" əsərində əsas qəhrəman kapitan Nemonun kimliyi haqqında heç bir məlumat vermir, oxucunu axtarmağa, düşündürməyə vadar edir. Nəhayət, "Sirli ada"da onun bir Hindistan şahzadəsi olduğu anlaşılır.

"Sirli ada" kimi bir əsərin bir neçə vərəqlik yazıda təhlili mümkünsüzdür. Bu səbəbdən biz də bundan vaz keçdik. Sadəcə, məqsədimiz əsəri utopiya hesab edən müəlliflərin fikrinə münasibət bildirməkdir. Əsərin Azərbaycan dilindəki nəşrinə ön söz yazan Cəlil Nağıyevin əksinə olaraq belə düşünürəm ki, əsəri utopiya kimi qəbul etmək heç də düzgün deyildir.

Jül Vernin "Sirli ada" əsərində utopik meyillərə çox az rast gəlinir. Roman daha çox gerçək həyat hadisələrinə söykənir. Əgər ibtidai insanlar dəmir almağı, saxsı qablar hazırlamağı, silahlar qayırmağı bacarırdılarsa, niyə biz kolonistlərin əməyini utopiya adlandırmalıyıq?

Bir hava balonunun qasırğa nəticəsində tənha okean adasına düşməsi utopiya sayıla bilməz. Bu, o zamanlar baş verən yüzlərlə hadisənin yalnız biri idi. Və yaxud Sayrus Smitin xilas edilməsi, Topun (kolonistlərin itinin) kolonistləri tapıb mühəndisin yanına gətirməsi, qayığın axın üzrə buraxılması, okeanda azan dənizçilər üçün mayak rolunu oynayan ocaq yandırılması və onlarla bu kimi hadisələr qeyri-adi deyil, baş verə biləcək adi hadisələr kimi qəbul edilməlidir. Piratların gəmisini anlaşılmaz şəkildə məhv edən torpeda belə qeyri-adi sayıla bilməz. Çünki bu silah artıq Avropada çoxdan bəlli idi. Məlum olduğu kimi, bu silahdan ilk dəfə 1855-ci ildə Krım müharibəsində Finlandiya körfəzində ruslar ingilislərə qarşı istifadə etmişlər.

Jül Vernin böyüklüyü onda idi ki, o, zamanında mövcud olmayan, bəşəriyyəti heyran qoya biləcək bir çox texniki nailiyyətlərin təsvirini verir. Sualtı qayıq, "Nautilus"da utopiya sayılmamalıdır. Utopiya heç zaman həyata keçməyən arzulardır. Zira yazıçının istər sualtı qayıq, istərsə də gəmini gur işıqlandıran elektrik və ya rezin güllələr haqqında söylədikləri bu gün bir reallıqdır, yəni insan əli ilə yaradıla bilən işlərdir. Jül Vernin böyük elmi uzaqgörənliklə təsvir etdiyi bu gəmi, həqiqətən də, o zaman elm aləminə və hərb tarixinə məlum deyildi. Dahi yazıçının bu uzaqgörənliyi yalnız 1917-ci ildə həqiqətə çevrildi və bu gəmi onun şərəfinə "Nautilus" adlandırıldı.

Jül Vern əsərin qəhrəmanları arasında elə bir ciddi fərq qoymasa da, Gedeon Spileti, Sayrus Smiti "mister" adlandırsa da, digər kolonistləri adları ilə ifadə edir. Bunu isə varlı vəkil ailəsində böyüyən yazıçının kübar təbiəti ilə bağlamaq lazımdır.

Onu da qeyd edim ki, fantastik və utopik janrlarda yazılmış əsərlər öz tarixi keçmişi ilə fəxr edən, bunun üçün də daha çox tarixi romanlara meyil edən Azərbaycan oxucusunun zövqünü bir o qədər də oxşamır. Bəlkə də elə bu səbəbdəndir ki, bu səpkidə yazılmış əsərlər ədəbiyyatımızda, demək olar ki, barmaqla sayıla biləcək qədərdir.Bu gün biz "Sirli ada"nı təhlil edərkən öz yazıçılarımızı dünya ədəbiyyatının bu nəhəngi ilə müqayisə edə bilmirik. Təəssüf hissi ilə qeyd edək ki, yazıçılarımız yalnız "tarixçi olmaq"dan bir addım irəli sıçraya bilmirlər.

Əsəri diqqətlə oxuduqda bir çox nöqsanlar üzə çıxır. Belə ki, müəllif sualtı qayığın bir qaya çıxıntısına ilişərək tərpənməz olduğunu qeyd etsə də, sonra isə onun kapitan Nemonun istəyi ilə suyun dibinə oturdulmasından bəhs edilir. Bundan başqa romanın Azərbaycan nəşrində bira sıra tərcümə və çap qüsurları var. Əsərin növbəti nəşrlərində bu səhvlərin nəzərə alınacağı şübhəsizdir.

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.