Mədəniyyət

Aktrisa Gülnar Salmanova: "Həyat yoldaşımdan ayrılandan sonra..." - FOTO

27 Avqust 2015 00:15
5 Şərh     Baxış: 11 223
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Musiqili Teatrın aktrisası, əməkdar artist Gülnar Salmanovanın Milli.Az-a müsahibəsi.

- Gülnar xanım, bu günlərdə sizə qoyulan xərçəng diaqnozu özünü doğrultmadı. Sevincinizi yaxınlarınıza necə bildirdiniz?

- Xərçəng xəstəliyi olmadığımı eşidəndə, inanın, şok yaşadım. Həkim özü də bu sevincli xəbəri mənə verməyə tələsirdi. Çünki özü də çox sevinirdi. Elə bu gün də həmin həkimin yanına gedirəm. Dializ müalicə üsulu deyil ki, ölməmək üçün dializə gedirsən. Çünki insan susuz, çaysız yaşaya bilməz. Onu da bədənimə dializ vasitəsilə yeridirlər. Yadınızdadırsa Şabanın bir kinosu var idi. Həkimlər ona diaqnoz qoyub deyirlər ki, 6 aya öləcəksən. Onu da fikir götürür ki, nə vaxt öləcəyəm? Altı ayın hər gününü saya-saya fikir edir. Həkim qız gəlib deyir ki, məni bağışlayın, sizin diaqnozunuzun cavabını səhv salmışam. Şaban bu zaman böyük şok keçirir. Mənim də başıma bu cür hadisə gəlmişdi (gülür).

- Olubmu ki, siz də günləri sayasız?

- Xeyr, günləri saymırdım. Heç o barədə fikirləşmirdim də. Niyə ölüm haqda fikirləşib özümü pis günə qoymalıyam ki? Öləndə öləcəyəm də. İnsan bu dünyaya bir dəfə gəlir, bir dəfə də çıxıb gedir. Kim bu dünyanı tutub yaşayacaq ki?

- Maşallah, səsiniz çox yaxşı gəlir, deyəsən, yaxşı vaxtınıza düşmüşəm.

- Vallah, oğlum, sizlə danışıb-gülürəm, amma içimdə bir narahatlıq, bir sıxıntı var. Mən də kiminsə pis olmasını istəmirəm. Çünki səhnədə də, filmlərdə də həmişə tamaşaçılara pozitiv əhval-ruhiyyə bəxş etmişəm. Özümü pis hiss etsəm də gələn telefon zənglərinə həmişə xoş səslə cavab verirəm. Bu gün yaxşıyam, çünki dializə getməmişəm. Axı mən bu vəziyyətə düşməyimə görə kimlərisə günahkar görə bilmərəm. Buna haqqım da çatmır. Təkcə bir həkimdən başqa.

- Nə edib ki o həkim sizə?

- Bu xəstəlikdən bizim nəslimizdə heç kimdə olmayıb. Bir neçə il bundan əvvəl yüngül bir xəstəliyim var idi, həkim pula görə mənə səhv iynə vurdu. Xəstəlik də elə oradan başladı. Onu Allaha tapşırmışam. Səhv iynə ucbatından məni pis günə qoydu. Oradan 20 manat qabağa düşəcəkdisə, mən ona 100 manat verərdim. İndiki həkimimdən çox razıyam.

- Gülnar xanım, televiziya verilişlərinin birində övladınızdan gileylənmişdiniz.

- Bir çox televiziyalar və saytlar mənim xəstəliyimdən də istifadə edib reytinq qazandılar. Zəng edirdilər, öz aramızda olan danışığı götürüb yazırdılar. Mən çox səmimi və sadəlövh insanam, buna görə də jurnalistə hər sözü deyirdim. Onlar da xəstəliyimdən istifadə edib hər sualı mənə verirdilər, mən də danışandan sonra xahiş edirdim ki, o hissəni efirdə yaymayın. Özüm deyib, özüm də eşidirdim.

- Hazırda necə, oğlunuz gəlib sizə dəyir?

- Əlbəttə ki, hər həftə gəlib mənə dəyir. Səhər gəlib, axşam gedirlər. Oğlum işləyir, ona görə də iş yerini boş buraxa bilmir. Qız nəvəmə öz adımı qoymuşam, deyir ki, nənə, mən sənə oxşayıram. Mənim kimi dili də var, dilçəyi də (gülür)

- Bəs oğlunuz yanınıza gəlib-gedirdisə niyə bu cür söz-söhbətlər yayılmışdı?

- Yenə də deyirəm, jurnalistlər mənim xəstəliyimdən istifadə edib bu xəbəri yaymışdılar. Mən bütün valideynlərə oğlum Elçin kimi oğul arzu edirəm. O bir həftədə rayondan üç dəfə gəlib mənə dəyir. Bu həftə də gələcək. Oğlum sistem işçisidir, Zaqatalada işləyəndə çox gəlib-gedə bilmirdi. Sürücüsünü göndərirdi, nə lazımdırsa alıb gətirirdi. İndi Şamaxıdadır, onun üçün tez-tez gəlir. Bəzən deyirlər ki, məşhurlar övladlarını nəzarətsiz böyüdürlər və buna görə də onlar pis yola düşürlər. Amma mən deyərdim ki, uşağın özündən də çox şey asılıdır. Uşağın valideyni necədirsə övladı da o cür olur. Mən onu qız kimi saxlamışam, haraya gedibsə əlindən tutub aparıb-gətirmişəm. Amma kişi kimi böyütmüşəm. 7 il karateyə, taekvondoya və üzgüçülüyə gedib.

- Həyat yoldaşınızdan ayrılmağınıza səbəb nə oldu?

- Həyat yoldaşımdan xəyanət üstündə ayrıldım. O vaxt öz puluma özümə yeni ev də aldım. Teatrda çalışanda oğlumu qaynanam saxlayırdı, yoldaşımdan ayrılandan sonra ona anam baxdı. Altı yaşı olanda oğlumu məktəbə özüm aparıb-gətirirdim. Oradan da çıxıb gəlirdim teatra. Bəzən o da dəftər-kitabını götürüb mənimlə birlikdə teatra gəlirdi. Çox sakit uşaq idi, bir küncdə oturub dərsləri ilə məşğul olurdu. Anam rəhmətə gedəndən sonra övladımı tək böyüdüb, tək də yaşadım. Mənim ondan başqa bu dünyada kimim var ki?

- Teatr aktrisanın ikinci evidir. İkinci eviniz üçün heç darıxırsınızmı?

- Oğlum, əlbəttə ki, darıxıram. Teatrda sonuncu dəfə mövsüm sona çatanda olmuşam. Əliqismət müəllim zəng edib məni çağırmışdı. Onlar bilirlər ki, xəstəyəm, ona görə də hər dəfə məni teatra çağırmırlar. Böyrəyimi dəyişəndən sonra, inşallah, teatra qayıdacağam. İndi istəsəm də səhnəyə çıxa bilmərəm, səhnəyə çıxsam, elə yerimdə qalaram. Mənim tamaşalarım hamısı "böyrü üstə" qalıb. Çox adam risk edib bu tamaşaları oynaya bilmir. Musiqili Teatrda bir tamaşa mənsiz getməyib. Dializdən çıxandan sonra güclü ağrılarım olur, o dünyanı görüb gəlirəm. Çünki dializin hər dəqiqəsi ölümdür.

- Kişi aktyorlardan arzusunda olduğu obrazı soruşanda onlar Kral Liri oynamaq istədiklərini bildirirlər. Bəs qadın aktrisalar nəyin arzusundadırlar?

- Mən arzusunda olduğum bütün rolları oynamışam. Bizim teatrda ən böyük tamaşa "Arşın mal alan" tamaşasıdır ki, orada mən Gülçöhrəni oynamışam. Bəzən elə tamaşalar olub ki, orada üç rolda çıxış etmişəm. O tamaşa olmayıb ki, mən orada olmayım. Elə buna görə də teatrdan mənə o vaxt teatrın yaxınlığında ev də vermişdilər. Mən Nəsibə Zeynalova ilə qonşu idim. Allah ona rəhmət etsin, çox gözəl qadın idi.

- Bu gün xəstəlik sizi nələrdən və kimlərdən ayrı salıb?

- Mən yayda heç vaxt evdə oturmamışam. Dializ olmasaydı, Allah bilir, mən ya Bodrumda, ya da Nabrandaydım. 5 ildir ki, heç yana getmirəm, xəstəxana divarlarından bezmişəm. Xəstəlik məni 5 ildir həm istirahətimdən, həm də rəfiqələrimdən ayrı salıb. Amma sağ olsunlar, hamısı gəlib-gedir. Can sağlığını heç bir şey əvəz etmir. Bu günümə görə də Allahıma çox şükür edirəm.

Əli Novruzəliyev

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.