Mədəniyyət

Flora Kərimova: "Parlamentdə mandatdansa, insanların ürəyində yuva salmaq daha önəmlidir" - FOTO

23 İyul 2015 12:31
8 Şərh     Baxış: 1 776
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycanın xalq artisti, yaşayan korifeyimiz Flora Kərimovanın 74 yaşı tamam olur. Flora xanımla bir neçə gün öncə Milli Mətbuat Günü ilə bağlı keçirilən tədbirlərdən birində rastlaşdıq. Xalq artistimiz jurnalistləri şəxsən təbrik etmək üçün tədbirə qatılmışdı. Məqamdan istifadə edərək görkəmli sənətkarı adı günü münasibəti ilə təbrik etdik və qısa müsahibə götürdük. Həmin müsahibəni təqdim edirik:

- Flora xanım, sizi ad günü münasibəti ilə təbrik edirik. Artıq 74 yaşınız tamam olur. Bu illəri necə keçirdiniz?

- Çox sağ olun. Təşəkkür edirəm. İnsanların təbiətləri də fərqlidir. Allah insanı dünyaya gətirərkən proqramlaşdırır, yaxşı və pis xüsusiyyətlərini müəyyənləşdirir. Mühitdən də çox şey asılıdır. Əgər insan yaxşı insanların əhatəsindədirsə, onların himayəsindədirsə, onda müsbət cəhətlər mənfi cəhətlərə qalib gəlir və qarşımızda sözün əsl mənasında İNSAN görürük. Elə də olur ki, dağıdıcı sosial mühit insanı məhvə sürükləyir. Həmin şəxs bir insan kimi xırdalaşır və cılızlaşır. İnsanın özünü qoruya bilməsi böyük bir qəhrəmanlıqdır.

Siz deyə bilməzsiniz ki, yaxşısınız, yoxsa pissiniz. Sizin xarakteriniz yaşadığınız mühitdə özünü büruzə verir. Ətrafdakıların reaksiyasından anlayırsınız ki, yaxşı, yoxsa pis davrandınız. Əgər insan özünə az da olsa hörmət qoyursa, ətraf mühitini bir qədər araşdırmalı, nəyi doğru, nəyi yanlış etdiyinin fərqinə varmalıdır. Mənim həyatımın belə prinsipləri var. Artıq 74 yaşım tamam olur və həmişə bu prinsiplərlə yaşamışam.

- Yaradıcılıqla bağlı vəziyyət necədir?

- Yaradıcılıqla bağlı vəziyyət çox yaxşıdır. Sevinc Tofiqqızının, Turalın çox mahnıları var və işləyirik. Yeni gənc müğənnilər var. Onlarla da imkan olsa, duet oxuyacam. Bacardığım qədər gənclərə dəstək verirəm. Mən artıq sənətdə sözümü demiş bir insanam. Artıq istəyirəm ki, kimlərinsə öz sözünü sənətdə deməsinə vasitə olum.

- Gənclər sizdən öyrənməyə çalışırlarmı?

- Xeyr, gənclər öyrənmək istəmirlər. İnsanın qabiliyyəti olanda, hər dəfə nəsə yaxşı bir şey öyrənmək istəyir. Elə gənclərimiz var. Ancaq fikri və təbiəti dağınıq insanlar heç nə öyrənməyə can atmırlar. Həm də onlar axı nəyi öyrənsinlər?

- Bu il Azərbaycanda seçki ilidir. Siz də bir zamanlar aktiv siyasətlə məşğul olurduz. Bu seçkilərdə namizədliyinizi irəli sürmək fikriniz varmı?

- Əvvəllər siyasətlə məşğul olmuşam, ancaq indi atmışam. Xalq məni onsuz bir dəfə millət vəkili olaraq seçib. Ancaq parlamentdəki mandatdansa, insanların ürəyində yuva salmaq daha önəmlidir. Hər mahnımla həm insanların ürəyinə yol açıram, həm insanları bir-birinə qovuşdururam. Həm də ki, kimlərinsə bəd niyyətindən insanlığı qoruya bilirəm.

- Biz jurnalistlərə dəyər verdiniz. Bayramımızda iştirak edib bizi təbrik etdiniz. Təşəkkür edirik...

- Bilirsiniz, divin canı şüşədə olduğu kimi, biz müğənnilərin də canı siz jurnalistlərin əlinizdədir. Ona görə necə istəsəniz, elə də münasibət yönəldə bilərsiniz bizə qarşı. Biz özümüzü sübuta yetirənə qədər çətin yollardan keçirik. Burada sizin münasibətiniz çox önəmlidir.

Çox qəribədir. Mənim ətrafımda nələrin baş verməsindən asılı olmayaraq, media həmişə məni qoruyub. Ailəmlə bağlı baş verən xoşagəlməz hadisədə də qorudu. Mənim analıq hisslərimi, qadınlıq hisslərimi və vətəndaşlıq hisslərini qorudular.

Siz mənə qarşı hər zaman insaniyyətlik göstərmisiniz. Hərdən acı həqiqətləri üzümə də vururdunuz, ancaq çox vaxt məni qoruyurdunuz. Hətta siyasətdə olanda da jurnalistlər məni qoruyurdular.
Mənim mediadan narazı olmağım üçün heç bir əsasım yoxdur. Bu səbəbdən də siz jurnalistlərə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun.

Teymur Hacıyev
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.