Mədəniyyət

"Səmadan bir damla": YARAT-ın pablik-art festivalı

11 İyun 2015 12:00
Baxış: 2 013
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Səmadan bir damla": YARAT-ın pablik-art festivalı

13 iyun - 5 oktyabr 2015-ci il

YARAT Müasir İncəsənət Məkanı tərəfindən hazırlanan "Səmadan bir damla" Bakıda keçirilən 3-cü pablik-art festivalıdır. Mühüm tədbir 13 iyun - 5 oktyabr 2015-ci il müddətində keçiriləcək. Festivalın başlanğıcı Birinci Avropa Oyunları ərəfəsinə təsadüf edir və həmin ərəfədə festivalı daha çox Bakı sakinləri və qonaqları ziyarət edə bilərlər. Vafaa Bilal, Ergin Çavuşoğlu, Fərhad Fərzəliyev və Nəzrin Məmmədova kimi rəssamlar festivalda iştirak edəcəklər. Əsərlər şəhərin müxtəlif yerlərində nümayiş etdiriləcək. Həmçinin eksponatların internet vasitəsilə onlayn nümayişi də nəzərdə tutulub, yəni festival çərçivəsində virtual pablik-art platforması hazırlanacaq. Festival tədris proqramının tədbirləri ilə müşayiət ediləcək, o cümlədən Kino Klubun toplantıları, sənətkarlarla görüşlər, ikihəftəlik praktiki məşğələ, bir də Londonda yerləşən AA Memarlar Birliyinin (AA - Architecture Association) əməkdaşlığı ilə, AA-nın müəllimləri olan memarlar Omid Kamvari və Kasper Əksin rəhbərliyi altında AA-Baku məktəbi təşkil olunacaq.

Guggenheim UBS MAP layihəsinin Yaxın Şərq və Şimali Afrika üzrə kuratoru, YARAT-ın tədris üzrə direktoru Sara Razanın kuratorluğu ilə hazırlanmış bu festival hazırda Bakı və onun ətrafında təbiət, elm və texnologiya ilə bağlı cərəyan edən sürətli dəyişikliklərin müasir sənətkarlar və seyrçilər tərəfindən necə qəbul olunduğunu araşdırır. Festival rus futuristi Velimir Xlebnikovun şeiriyyat və təfəkkür örnəklərindən ilhamlanaraq, poeziya, fəlsəfə, astronomiya, məntiq və qeyri-məntiqi təzahürlərlə bağlı ideyaları araşdırır. Böyük ticarət mərkəzi və liman olmuş şəhərin zəngin tarixinə, eləcə də onun son zamanların yeniləşmələrinə müraciət edərək, "Səmadan bir damla" həm keçmişə, həm də gələcəyə uzanan nostalji, bir də qədimlə müasirin kəsişdiyi nöqtəyə dair ideyalarla səsləşir.

Festival iyunun 13-də, türk əsilli bolqariyalı rəssam Ergin Çavuşoğlunun əsəri ilə açılır. 

İçərişəhərdə nümayiş etdiriləcək bu əsər 2015-ci ildə ərsəyə gətirilmişdi, "Mayenin yayılması" (Liquid Breeding) adlanır, sərgilənmə yerinə uyğun qurulmuş xüsusi anamorfik perspektivə malik döşəmə təşkil edir. Bu əsərin ideyası rəssamın konseptual sənət pioneri Marsel Düşamın yaradıcılığına illər boyu göstərdiyi marağından, eləcə də Bakının şaquli və üfqi istiqamətlərdə artmasından doğur. Çavuşoğlunun təqdim etdiyi rəsm həcmli memarlıq modeli (3D) kimi hazırlanmışdı və ziyarətçilər əsərin üstündən keçməyə dəvət olunurlar. Hər gün adamlar onu tapdalayıb keçirlər, bu da video-kameraya çəkilir, kameranın çəkdiyi kadrlar isə elə bir monitorda göstərilir ki, ona baxanda heykəlin içində gəzən adamlar təəssüratı yaranır. İyunun 13-də Çavuşoğlu YARAT Müasir İncəsənət Mərkəzində bu festival əsəri barədə məruzə ilə çıxış edəcək.

Gənc sənətkar Nəzrin Məmmədova Bakının memarlıq inkişafını daha çox sınağa çəkir. Onun hazırladığı "OUROBORUM" (2015) adlı videooyun bizə Bakının gələcək görünüşünü müxtəlif hallarda görməyə imkan yaradır. Oyunun iyulun 22-də keçiriləcək təqdimatına ələlxüsus kompüter oyunçuları dəvət olunurlar ki, bu maraqlı və həvəsləndirici oyuna qatılaraq şəhərimizin gələcək görünüşünü axtarsınlar. Oyunun adı qədim yunan əsatirlərindəki öz quyruğunu dişləyən ilan Oroborosa işarə vurur. O əfsanəvi ilan obrazı xeyli populyardır, təkrarlanan yeniləşmə rəmzidir, Azərbaycan mədəniyyətində də dəfələrlə öz əksini tapmışdır - ədəbiyyatdan tutmuş, həndəsi fiqurlar dilinə, futuristik memarlığa, ənənəvi və müasir musiqimizə qədər. Oyunun iPhone platformasına uyğun variantını internetdən pulsuz əldə etmək olacaq. "OUROBORUM" oyun proqramını onlayn yükləyə bilərsiniz.

Fərhad Fərzəliyevin "Göydə göy-göyərti göyərdi" (2015) adlı neon işıqlı bilbord layihəsinin açılışı iyunun 26-da keçiriləcək. Layihənin adı dil və lirika zərrələri ilə oynayan poetik bir yanıltmacdır. Reklam mətnlərinin dilini yamsılayaraq, neonla yazılmış sözlərdə eyni sait səslərin dəfələrlə təkrarlanması vasitəsilə Fərzəliyev ictimaiyyət qarşısına çıxarılan obyektlərin bəzən necə mənasız mətn, dil və alliterasiya ilə hazırlandığını araşdırır. Yerlə göy arasındakı əlaqəni tərs çevirərək, rəssam tamaşaçıları həm məntiq, həm dilçilik baxımından dolaşdırmaq, hər gün gözümüzə batan reklam yazılarına yumoristik şərhlə yanaşmaq istəyir.

Oktyabrın əvvəllərində İraq-Amerika mənşəli rəssam Vafaa Bilal özəl bir kamera-obskura heykəli hazırlayacaq. Heykəlin adı "Mövcudların iyerarxik düzümü"dür və ilk dəfə belə heykəl 2013-cü ildə Maraya Art Park (Birləşmiş Ərəb Əmirlikləri) üçün hazırlanmışdı. Bilalın layihəsi ilk islam alimlərindən ilham alır, ələlxüsus da ki, optika və kinetik hərəkət sahəsində iki mötəbər iraqlı alimin işlərindən. Bunlar, islamın Qızıl Əsrində, yəni təqribən 750-1258-ci illərdə fəaliyyət göstərmiş İbn Əl-Haytam və Əl-Cəzari adlı alimlərdir. Bakı kontekstində Bilal memarlığın əhali ilə əlaqəsinə nəzər salır - Bakının Xəzər sahilində qurulmuş möhtəşəm daimi installyasiya olduğunu, daim genişləndiyini və yalnız sahildən o yana addımlaya bilmədiyini qeyd edir.

Festivalla əlaqədar olaraq, iyun ayında sənətkar görüşləri şəklində maraqlı tədris proqramı da həyata keçiriləcək. İyuldan avqusta kimi YARATMüasir İncəsənət Mərkəzinin zalında və YAY Qalereyasının damında yerləşən açıq kinoteatrda fantastika və futurizm filmlərinin silsilə nümayişi keçiriləcək. Proqrama Larissa Sansur, Şezad Davud, Deniz Üster və Vahid Valikifar kimi müasir sənətkar və rejissorların əsərləri daxildir. Bunlardan əlavə, memar və AA-nın müəllimləri olan Omid Kamvari və Kasper Əksin rəhbərliyi altında London Memarlar Birliyinin əməkdaşlığı ilə təşkil olunmuş AA-Baku məktəbi əsasında ikihəftəlik xüsusi praktiki məşğələ də keçiriləcək. AA-Baku məktəbi Qafqaz regionunda bu qəbildən ilk məktəb olacaq. Burada memar, yazıçı, rəssam və filosoflara fikir mübadiləsi aparmaq üçün yer ayrılacaq, məkanı düşünən müasir ideyalara dair intensiv praktiki məşğələdə iştirak etməyə imkan yaradılacaq.

Pablik-art festivalının proqramı

13 iyun, saat 17:00-da Ergin Çavuşoğlu
"Mayenin yayılması" (Liquid Breeding), İçərişəhər, Kiçik Qala küçəsində açılışı

13 iyun, saat 19:00-da Ergin Çavuşoğlu
YARAT Müasir İncəsənət Mərkəzində rəssamla görüş

26 iyun, saat 21:00-da Fərhad Fərzəliyev
"Göydə göy-göyərti göyərdi", 28 May küçəsində açılışı

03 iyul, saat 19:30-da Vahid Valikifar 
Sənətkarın təqdimatı ilə "Taboor" filminin nümayişi, YARAT Müasir İncəsənət Mərkəzinin zalında

10 iyul, saat 19:30-da Larissa Sansur 
Sənətkarın təqdimatı ilə "Xalq sərvəti" filminin nümayişi, YARAT Müasir İncəsənət Mərkəzinin zalında

22 iyul, saat 19:00-da Nəzrin Məmmədova
"OUROBORUM", YARAT Mərkəzinin videosalonunda açılış

11 avqust, saat 21:00-da Deniz Üster
"Arxadakı öndədir" (Beyond is before) filminin nümayişi, YAY Qalereyasının damında - açıq havada kinoteatr

18 avqust, saat 21:00-da Şezad Davud
"Mümkün filmə doğru" (Towards of a possible film ) filminin nümayişi, YAY Qalereyasının damında - açıq havada kinoteatr

05 oktyabr, saat 19:00-da Vafaa Bilal 
"Mövcudların iyerarxik düzümü" (The Hierarchy of Being), yaxında elan olunacaq bir məkanda açılışı

Sərgi barədə məlumat:

Adı: Səmadan bir damla

Yeri: Müxtəlif məkanlar, Bakı
Tarixi: 13 İyun - 5 Oktyabr, 2015 
Vebsaythttp://www.yarat.az/en 
Twitter@yaratartspace Facebookfacebook.com/Yarat.Art 
Instagram: @yaratcontemporaryartspace

YARAT haqqında

YARAT Azərbaycanın paytaxtı Bakıda yerləşən qeyri-kommersiya təşkilatıdır, Aida Mahmudova ilə bir qrup rəssam tərəfindən 2011-ci ildə təsis edilmişdir. YARAT Azərbaycanda müasir incəsənətin dəstəklənməsi və geniş ictimaiyyət tərəfindən dərk olunması məqsədi ilə fəaliyyət göstərir, Azərbaycan incəsənətinin ölkə daxilində və beynəlxalq aləmdə təbliğ olunması ilə məşğuldur.

YARAT (azərbaycanca "yaratmaq" sözünün mənasında) tərəfindən indiyə qədər, əksəriyyəti Bakıda təşkil olunaraq, 120-dən artıq layihə həyata keçirilib. YARAT-ın fəaliyyətində əsas mahiyyət kəsb edən tədris-təlim işi art-rezident səfərlərindən, praktiki məşğələlərdən, mühazirələrdən və film nümayişlərindən ibarətdir. 2014-cü ildə yay məktəbi təşkil olunmuşdur, eləcə də yeni bir binası istifadəyə verilmişdi. Həmin binada rəssam emalatxanaları və "art-rezident" proqramı üçün mənzillər yerləşir. Təşkilatın ARTIM proqramı (azərbaycanca "artmaq" sözünün mənasında) incəsənətə meyl göstərən gəncləri dəstəkləyir, onların işlərini kuratorların diqqətinə çəkib sərgiləndirməyə imkan yaradır.

2015-ci ilin mart ayında YARAT Müasir İncəsənət Mərkəzi də açılıb. Bu mərkəz YARAT-ın ilk daimi sərgiləmə yeri olacaq. Üzü Xəzər dənizinə tərəf açılan və sovet dönəmində hərbi donanma qərargahı olmuş bu yeni mərkəz (sahəsi 2000 m2) müasir incəsənətə və incəsənətin tədrisinə xidmət edən regional miqyaslı bir qovşaq kimi istifadə olunacaq. Burada müəyyən müddət üçün gətirilən müvəqqəti sərgilərlə yanaşı, YARAT-a məxsus daimi kolleksiyanın əsərlərini təqdim edən sərgilər də nümayiş etdiriləcək. Daimi kolleksiya Qafqaz, Orta Asiya və qonşu ölkələri təmsil edən görkəmli sənətkarların, eləcə də Azərbaycanla səsləşən əsərlər yaratmış dünya şöhrətli rəssamların işlərindən ibarətdir.

2012-ci ildə YARAT tərəfindən YAY Qalereyası təsis edilmişdir. Bu ictimai əsaslı müəssisədə əsərlərin satışından əldə edilən qazanc müəlliflə YARAT arasında bölüşdürülür. Bunlardan əlavə, YARAT Bakıda, açıq havada düzənlənən iki Pablik-Art Festivalı keçirib, şəhərin muzeyləri ilə birlikdə sərgilər hazırlayıb. Beynəlxalq layihələrdən isə 55-ci Venesiya Biennalesinin müstəqil tədbirlər proqramına qatıldığını qeyd etmək lazımdır. 2015-ci ildə YARAT 56-cı Venesiya Biennalesinin müstəqil tədbirlər proqramında iştirak edir.

Kurator haqqında

Sara Raza 1979-cu ildə Surrey şəhərində (Birləşmiş Krallıq) anadan olub. Guggenheim UBS MAP layihəsinin Yaxın Şərq və Şimali Afrika üzrə kuratorudur; YARAT Müasir İncəsənət Mərkəzinin tədris və ictimai proqramlarına rəhbərlik edir; ArtAsiaPacific jurnalının Qərbi və Orta Asiya üzrə buraxılış redaktorudur. Son on il ərzində Raza bir sıra sərgi təşkil etmişdi. Həmin sərgilərin keçirildiyi yerlər arasında Şarjada yerləşən Maraya İncəsənət Mərkəzi də vardır ki, Raza burada Adel Abidin, Vafaa Bilal və Məhəmməd Kazım kimi rəssamlarla əməkdaşlıq etmişdi.Təşkil etdiyi sərgilərin başqa bir ünvanı Ər-Riyadda yerləşən Alaan İncəsənət Məkanıdır ki, Raza burada sərgi və tədris proqramlarının təməlçi-kuratoru olub, Səudiyyə Ərəbistanının üç qadın-rəssamının əsərlərini nümayiş etdirən "Zərif qüvvə" (2012) sərgisini təşkil edib. Həmçinin, Səudiyyə Ərəbistanının inkişaf edən gənc rəssamların 55-ci Venesiya Biennalesində (2013) "Edge of Arabia" tərəfindən sifariş olunmuş Rhizoma sərgisinin kuratorlarından biri olmuşdu.

Raza XX əsr incəsənətinin tarixi və nəzəriyyəsi üzrə London Universitetinin Goldsmiths Kollecini bitirərək, magistr dərəcəsini qazanmışdır. Fəlsəfə elmləri namizədidir, hazırda Royal İncəsənət Kollecində Orta Asiyanın müasir incəsənəti üzrə tədqiqat işi aparır və həmin tədqiqat mövzusunda "Punk Orientalism" adlı kitabının redaktə işi ilə məşğuldur.

Rəssamlar haqqında

Vafaa Bilal 1966-cı ildə İraqda anadan olub. Robotlar hazırlamaq, internetdən istifadə etmək və mobil foto-xəritə çəkmək kimi işlərə yönəlmiş yüksək texnologiyalara əsaslanan incəsənət layihələri vasitəsilə beynəlxalq siyasət və daxili dinamika mövzularında dialoq doğurduğu ilə məşhurdur. Bilalın əsərləri daim ondan xəbər verir ki, bu adam vətəni tərk edib və eyni vaxtda iki aləmdə yaşayır - həm ABŞ-ın "rahatlıq zonası"nda yerləşən evində, həm də yaddaşından silinməyən İraqın "münaqişə zonası"nda. Nyu-Mexiko Universitetini bitirib təsviri sənət üzrə bakalavr dərəcəsini qazanmışdır, bir də Çikaqo İncəsənət İnstitutunun Məktəbini bitirib təsviri sənət üzrə magistr dərəcəsini qazanmışdır. Hazırda Nyu-York Universitetinin Tisch incəsənət məktəbində təsviri sənət üzrə ştatdankənar professor vəzifəsində çalışır.

Ergin Çavuşoğlu 1968-ci ildə Bolqarıstanda anadan olub. 1980-ci illərin əvvəllərində Sofiya şəhərində "İliya Petrov" Milli Təsviri Sənət Məktəbində oxuyub. Öncə İstanbulun Mərmərə Universitetində bakalavr dərəcəsini, sonra Londonun Goldsmiths universitetində magistr dərəcəsini, daha sonra isə Portsmut universitetində elmlər doktoru dərəcəsini alıb.  Hazırda Londonda (Birləşmiş Krallıq) yaşayıb yaradır. Çavuşoğlunun konseptual incəsənət yaradıcılığının mərkəzində ev anlayışı, keçid dövründə yaşanan haçalanma halı (liminallıq), mədəniyyətin formalaşma şəraiti kimi mövzular dayanır. Bu mövzuları o, ən müxtəlif texnikalara müraciət edərək araşdırır, o cümlədən süjetli film, video və səs installyasiyaları, heykəltəraşlıq və rəsm vasitəsilə. Çavuşoğlu 2003-cü ildə 50-ci Venesiya Biennalesində Türkiyəni təmsil edib. Onun adı 2004-cü ildə "Beck's Futures" mükafatı, 2010-cu ildə isə Birləşmiş Krallığın ən böyük beynəlxalq müasir incəsənət mükafatı olan "Artes Mundi 4" mükafatı namizədlərinin yekun siyahısına düşmüşdü. 

Fərhad Fərzəliyev 1989-cu ildə Bakıda (Azərbaycan) anadan olub. Bakıda Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetini fərqlənmə diplomu ilə bitirib (2012) təsviri sənət üzrə magistr dərəcəsini qazanmışdır. Əsasən, installyasiya texnikasında çalışır, ancaq həmçinin rəngkarlıq, qrafika, fotoqrafiya və səs vasitəsilə də əsərlər yaradır. 2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2013-cü ildən isə YAY Qalereyasının və YARAT Müasir İncəsənət Mərkəzinin üzvüdür. Dünyanın müxtəlif yerlərində keçirilən bir çox qrup sərgilərində iştirak edib, o cümlədən: 16-cı Şarja İslam İncəsənət Festivalı, Şarja İncəsənət Muzeyi (Şarja, Birləşmiş Ərəb Əmirlikləri, 2014). Əsərləri Bakıdakı Müasir İncəsənət Muzeyinin kolleksiyasında saxlanılır. Fərhad Fərzəliyev hazırda Bakıda yaşayıb-yaradır.

Nəzrin Məmmədova 1989-cu ildə Kutaisi şəhərində (Gürcüstan) anadan olub. Azərbaycandakı Avrasiya Diplomatik Akademiyasının məzunudur. Moskvada (Rusiya) yerləşən Britaniya İncəsənət və Dizayn Məktəbini fərqlənmə diplomu ilə bitirib incəsənət üzrə bakalavr dərəcəsini qazanmışdır. 2012-ci ildən Azərbaycan Fotoqraflar İttifaqının üzvüdür. Elə 2012-ci ildən də YARAT-ın İdarə Heyətinin fəal üzvüdür. Son vaxtların sərgilərindən bunların adını çəkmək olar: "Xəyallar zamanıdır", IV Moskva Beynəlxalq Gənc İncəsənət Biennalesi, MMOMA, Moskva, Rusiya; GRID fotofestivalı, Vondel CS, Amsterdam, Niderland; XVI Şarja İslam İncəsənəti Festivalı, Şarja İncəsənət Müzeyi, Şarja, Birləşmiş Ərəb Əmirlikləri (hamısı 2014). 2014-cü ildə Məmmədova Delfina Fondunun art-rezident proqramı üzrə Londonda ezamiyyətdə olmuşdu. Hazırda Bakıda yaşayıb-yaradır.

Media mənsublarının məlumat və şəkil müraciətləri üçün əlaqə bilgiləri:

Cəmilə Orucova / PR Meneger / [email protected]

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.