Mədəniyyət

İordaniya şahzadəsinə Azərbaycan kələğayısı bağışlandı

19 Oktyabr 2014 14:38
Baxış: 1 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Şahzadə Basma bint Talal Əmmanda keçirilən "İllik diplomatik bazar" xeyriyyə tədbirində ölkəmizin İordaniyadakı səfirliyinin təşkil etdiyi Azərbaycan stendi ilə tanış olub.

Milli.Az AzərTac-a istinadən bildirir ki, bu beynəlxalq tədbirdə İordaniya Haşimilər Krallığında akkreditə olunmuş 50-dən çox ölkənin nümayəndəlikləri ilə yanaşı, Azərbaycan da iştirak edir.

"Əl-Hüseyn gənclər şəhərciyi"ndə keçirilmiş 50-ci yubiley tədbiri şahzadə Basma bint Talalın dəstəyi ilə təşkil olunub.

Xeyriyyə sərgi-yarmarkasının keçirilməsindən məqsəd "Mabarrat Um əl-Hüseyn" xeyriyyə təşkilatının himayə etdiyi yetimlərə və ehtiyacı olan uşaqlara yardım göstərməkdir.

Şahzadə Basma bint Talal rəsmi açılış mərasimində çıxış edərək xeyriyyəçilik missiyasının həyata keçirilməsində əməkdaşlığa və yardıma görə tədbir iştirakçılarına minnətdarlığını bildirib, ehtiyacı olan uşaqlara mərhəmət göstərilməsində dünyanın bir çox ölkələrinin səfirliklərinin xoş məramını yüksək qiymətləndirib.

Tədbirin rəsmi hissəsindən sonra şahzadə Basma bint Talal bütün diplomatik missiyaların stendləri ilə tanış olub. Azərbaycan stendinə böyük maraq göstərən şahzadə səfirliyin əməkdaşlarını, diasporun fəallarını və milli geyimli uşaqları salamlayıb. Stenddə milli sənət əşyaları, suvenirlər, müxtəlif əl işləri və digər xalq sənəti nümunələri, habelə Azərbaycan haqqında materiallar, kitablar satışa çıxarılıb. Səfirlik fürsətdən istifadə edərək, məşhur Azərbaycan rəmzini - ölkəmizin müraciətinə əsasən UNESCO-nun qeyri-maddi mədəni irs kimi nəzərdən keçirdiyi ipək kəlağayını da ziyarətçilərə nümayiş etdirib.

Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov şahzadəyə milli rəmzli hədiyyə dəsti, o cümlədən ipək kəlağayı təqdim edərək, Azərbaycan stendinə və ümumiyyətlə, ölkəmizin zəngin mədəniyyətinə göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.