Mədəniyyət

Vaqif Səmədoğlu: "Zərrə qədər də ölümdən qorxmuram, çünki..." - FOTO

17 Sentyabr 2014 12:17
2 Şərh     Baxış: 1 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tədbir çərçivəsində, həmçinin yubilyarın ingilis dilində nəşr edilmiş seçmə şeirlərindən ibarət toplusunun da təqdimat mərasimi keçirilib

Böyük şair və dramaturq Vaqif Səmədoğlunun 75 illik yubileyi keçirildi.

Bu dəfə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində.

Tədbirə tanınmış elm və mədəniyyət xadimləri də qatılıblar.

Tədbir çərçivəsində, həmçinin yubilyarın ingilis dilində nəşr edilmiş seçmə şeirlərindən ibarət kitabının da təqdimat mərasimi keçirilib. Şairin sözlərinə yazılan mahnılar səslənib.

Vaqif Səmədoğlunun tədbirdə çıxışından:

- İndi 75 yaşındayam. Mən yaşda çox az şair qalıb. Mən indi çox yaşamaq, çox yazmaq istəyirəm və həyat yoldaşım Nüşabə xanımı günbəgün daha çox görmək istəyirəm. Həyatım elə gətirdi ki, dünyanın bir çox tanınmış insanlarını görmək mənə qismət oldu. Hələ uşaqkən, 51-ci ildə Moskvada olanda Stalini görmüşəm.

Azərbaycanda mən yaşda nadir adam olar ki, "Boris Pasternakla araq içdiyini", Fadeyevlə, İlya Erenburqla görüşdüyünü desin. İndiki klassiklərin əksəriyyəti bizim evə gəlib-gedib, çoxuna əmi demişəm. Mənim həyatımın ən parlaq səhifələrindən biri Moskva konservatoriyasında keçib. Təsəvvür edin, dəhlizlərlə gedirsən və içindən keçirirsən ki, burdan Çaykovski, Raxmaninov keçib.

Son vaxtlar əlim nə fortepianonu tutur, nə də qələmi. Yazmaq mənə çətindir. Bir neçə dəfə cəhd etdim ki, xatirələrimi diktafona danışım, o da alınmadı. Get-gedə xatirələr elə qəlizləşir, elə qəddarlaşır ki, ha çalışırsan bir yaxşı, səni sevindirən bir xatirə yada salasan, mümkün olmur. Xatirələrin belə qəddarlığı, sualların artması, cavabların tükənməyi məni incidir. Daha heç bir suala cavabım yoxdur.

Bu yaxınlarda Parisdən dostum, məşhur gürcü kinorejissoru Otari İoseliani mənə zəng etdi, o ağlaya-ağlaya dedi ki, Vaqif, istəmirəm Gürcüstanda kapitalizm olsun və dəstəyi asdı. Kapitalizm uğrunda milli azadlıq hərəkatı oldu, meydanlara çıxdıq, mübarizə apardıq, amma indi görürəm ki, kapitalizmin bizə verdiyi azad ticarət, demokratiya da dəhşətli, cavabsız sual imiş. Deməyə sözlər çoxdur, ancaq o sözlərin qarşısını "xərçəng" adlanan bir açar bağlayıb, yaxşı ki, düşünməyə mane ola bilmir, arzulara mane olmur. Ölümdən qətiyyən qorxmuram, səmimiyyətimə inanın, zərrə qədər də ölümdən qorxmuram, çünki mən onu tanımıram.

"Azadlıq" radiosu

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.