Mədəniyyət

Yaşar Nuri: "60 yaşımda cavan qız mənə baxıb «ay Allah!» deyirsə, fikirləşirəm ki..."

22 İyul 2010 10:22
Baxış: 1 502
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Niyə gedib o verilişdə filan müğənninin boşanması ilə bağlı nağıla qulaq asmalıyam?!"


-
Yaşar müəllim, necəsiniz, istilərlə neynirsiniz, özünüzü necə hiss edirsiniz?

- Yaxşıyam, özümü də lap əla hiss edirəm. Yaydır da, istisi də olmalıdır, tənginəfəsliyi də. Hamı necə, mən də elə.

- Yorulmamısınız?

- Nədən?

- Kimlərinsə Yaşar Nurini suallarının cənginə alıb, cismindən tutmuş, ruhunu, fikirlərini, düşüncələrini öyrənməyə çalışmasından. Bəlkə də bu sizin üçün təbii hala çevrilib. Heç bir dəfə də olsun öz-özünüzlə baş-başa qalanda gileylənmisinizmi ki, Allah, bezdim!

- Yox, əvvəla "bezdim" sözünü demərəm. İkincisi də mən hələ özüm-özümü öyrənib qurtara bilməmişəm, o ki qaldı məni öyrənsinlər. Mən çox vaxt sorğu-sual məclislərinə getmək istəmirəm. Amma bəzən bizim sənətkarların televiziyada dayaz söhbətlərini görəndə fikirləşirəm ki, qoy gedim. Mən qarşımdakı insanı həmişə özümdən ağıllı hesab eləmişəm. Kimliyindən və nəçiliyindən asılı olmayaraq, onu dinləmişəm. Məsələn, bir qədər əvvəl "Milli metr" verilişində Mirşahinlə gözəl söhbətimiz oldu və buna görə mənə respublikanın hər yerindən zənglər gəldi. İndi nəyi öyrənmək istəyən öyrənir, sual verir, cavabını alır. "Milli metr"-də indiyə qədər bizim yaşlı sənətkarlarımız olub, mən də qonaq oldum və hər bir suala ağlımın bacardığı qədər cavab verdim. Hər halda cavabları olan belə verilişlər tamaşaçıları qane edir. Bu məni yormur, bezmirəm və bu gün də sizin verdiyiniz suallardan bezməyəcəm.

- Təşəkkür edirəm. Yaşar müəllim, həmişə səmimi olursunuz?

- Bilirsiniz, mən həmişə özüm olmuşam. Bilmirəm özüm-özüm üçün nə deyim? Bunu görənlər bilər ki, səmimiyəm, yoxsa qeyri-səmimiyəm. Qeyri-səmimilik kimə xeyir gətirib ki? Heç olmasa qoy səndən sonra desinlər ki, orta səviyyəli sənətkar olsa da, səmimi adam idi. Həmişə səmimi olmağa çalışmışam. Qanımda nə var oyam da. 60 yaşıma qədər belə olmuşamsa, 60-dan sonra dəyişməyəcəm ki.

- 60 oldu?

- Xeyr. 2011-ci il sentyabrın 12-də olacaq, ölməsəm qalsam.

- İnşaallah, qalacaqsız. Yaşar müəllim, amma bəzən deyirlər ki, səmimiyyət heç də insanı irəliyə aparmır. Bəlkə, səhnə ilə real hayatınızı ikiyə bölən səhnə pərdəsi sizi nələrdənsə mühafizə edə bilib?

- Yox. Bilirsiniz, hər bir mehribançılığın bir əks tərəfi də var. Əgər nə qədər xoşsifətsənsə, bir o qədər də əzazilsən. Mən özümdən danışıram. Mən nə qədər səmimiyəmsə, bir o qədər də qeyri-səmimi ola bilərəm. Bu bir, ikinci də ki, hər xalqın öz el misalı var: ruslar deyir ki, sadəlik oğurluqdan pisdir, bizdə isə sadəliyi gözəllik hesab edirlər. Yəni səmimiyyət heç vaxt mənə mane olmayıb. İstiyir pərdəarxası olsun, istəyir pərdəarası olsun. Bayaq mən danışdığım adam taksi sürücüsü idi. Mən onunla danışmaya da bilərdim, elə deyil? Amma mənim üçün tafotu yoxdur, o taksi sürücüsüdür, yoxsa zibil daşıyan. Məni görür və nəsə soruşur, mən də onun dünyagörüşünə uyğun olaraq cavab verirəm. Məsələn, deyir ki, filan yerdə yediyiniz peçenyə doğurdan idi, yoxsa yalandan. Mən də ona uyğun cavab verirəm.


"Sənətçilərimizin gedib elə müzakirələrdə iştirak etməsindən xoşum gəlmir"


- Siz bəzi sənətkarların cılız söhbətlərindən gileylənərkən nəyə işarə edirdiniz?

- Bəzi proqramlar var ki, bizim aktyorlarımız da orda iştirak edirlər. Müzakirə mövzusu da nə olur: məsələn, "filan oxuyan, filankəsdən niyə ayrıldı". Oturub bunu müzakirə edirlər və eləyirlər ümumazərbaycan mövzusu, aparıcı da deyir ki, Azərbaycan xalqı sizin boşanmalarınızdan, yaxud sizin küsməyinizdən çox narahatdır. Əşşi, bu xalqın işi-gücü, dərdi-səri yoxdur? Bunu şişirtmək nəyə lazımdır?! Əgər belə proqramlar xaricdən götürülmədirsə, heç orda da belə eləmirlər. Götürək elə Türkiyəni. Orda belə halları çox ötəri xəbər kimi təqdim edirlər. Özü də obyektdə məhşur adamlar olur. O adamlar ki, artıq milli metrdir. Bizdə elə adamlar var ki, beş dənə əl çalanı var, amma onun həyatını elə şişirdirlər ki, gəl görəsən. Belə şeylər cılız görünür. Sənətçilərimiz gedib elə müzakirələrdə iştirak edəndə xoşum gəlmir, narahat oluram.


"Görəsən Qarabağın hansı kəndini aldılar ki, belə səslə məni təlatümə gətirmək istəyirlər?!"


- Son vaxtlar sənət adamları çəkildikləri hansısa film və tamaşalarla deyil, daha çox bir-biri ilə yaşadıqları məişət qalmaqallarıyla ekranlara çıxırlar. Sizcə, bunu sənətin "kökdən düşməsinin" nəticəsi kimi dəyərləndirmək olar?

- Yox, sənət kökdən düşmür. Pianino elə pianinodur. Biri də var mən oynadığım "Kökdən düşmüş pianino". Hər şeyin öz adı var da. Elə verilişlərdə ömrüm boyu iştirak etmərəm. Siz məni elə verilişlərdə görmüsünüz? Guya mənim başımda təlatüm yoxdur, mənim dərdim yoxdur? Axı o kimdir ki, gedib onun qarşısında hesabat verim? Baxırsan ki, anons verilir: filan müğənninin qızı ərindən ayrılıb. At boyda bir sual işarəsini də çırpırlar ekrana və "da-aa-nq" musiqi verilir, səs beynini deşir. Mən də deyirəm görəsən nə oldu. Görəsən Qarabağın hansı kəndindən birini aldılar ki, belə səslə məni təlatümə gətirmək istəyirlər?! Ümumiyyətlə, mən o verlişlərin əleyhinəyəm. Bununla bağlı çox hörmətli Ramiz Mehdiyev gözəl bir məqalə yazdı. O məqalə mənim ürəyimdən bir tikan çıxardı. Çox ürəyimizcə oldu və biz özümüz də o yazını müzakirə elədik. Hanı?.. 5-10 gün əməl elədilər, sonra da "köhnə hamam, köhnə tas". Görürsən ki, yaşlı kişiləri gətirib otuzdururlar orda, yazığı məcbur edirlər ki, caz musiqisinə əl çalsın. Azərbaycanda aktyor, sənətçi-filan çoxdur. Özünə hörmət edən 5-6 akytor-aktrisa varsa, onlar elə verilişlərə getmirlər. O cümlədən də mən. Mən nəyə görə gedib o verilişdə filan müğənninin boşanması ilə bağlı nağıla qulaq asmalıyam? Biri gəlir ki, filankəsdən küsmüşəm, məni barışdırın. Bağışlayın məni, deyən gərək, bəyəm onunla oturub-duranda məndən soruşmuşdun?


"Tibb texnikomunun mamaçalıq fakultəsini bitirib, cibindən 8 jurnalist vəsiqəsi çıxır"


- Müğənni Əli Mirəliyevdən soruşanda ki, nəyə görə cılız şou arxasınca gedirsən, deyir ki, "mən belə olmasaydım, məni efirə buraxmazdılar" və sairə. Bəlkə indi sənətdə olan adamların çoxu bu "azarın" daşıyıcılarına çevrildikləri üçün vəziyyəti çıxılmaz həddə gətiriblər?

- Onun haqqında danışmaq istəmirəm, yaxşı oğlandı. Neynəsin, vaxtında oxudu yazıq, bir köpüklük qiymət vermədilər, indi də "toylar kralı", nə bilim nə verilişlərdə, elə yerlərdə iştirak edir. Kral krallığını Sarayda sübüt edir, 10 nəfər adamın yanında yox! O düzünü deyir, gözəl söhbətlər edir, camaat da soruşur ki, bu kimdi, olur Əli Mirəliyev. Amma vaxtında onun gözəl oxumağı var idi. Bilirsiniz, indi ekrandan düz söz eşitmək camaata təəccüblü gəlir. Yaxud, biri gedir "naçalnikin" yanına, qayıdanda soruşursan ki, nə oldu, deyir, o saat möhür vurdu, nə gözəl adamdı. Elə olmalıdır da. İndiki zamanda düz danışmaq, həqiqəti demək insanları təəccübləndirir.

- Siz nədən təəccüblənirsiniz?

- Təəccüblənirəm. Kimsə düzünü danışanda. Bayaq bura gələndə mənə bir oğlan rast gəldi. İki gündür onu bizim məhəllədə görürəm. Axır dedim ki, sən niyə gündə bu dükanın qabağında oturursan? Bir az da sərt soruşdum. Durdu ayağa, dedi ki, Şəhidlər Xiyabanında ona balaca yer veriblər, orda yaşayır, indiyə kimi 2-3 uşaq evi dəyişib - Gəncə-Bakı. Deyir, orduya getmək istəyir, amma indiyə kimi ona bir sənəd düzəldib verə bilmirlər. Gördüm düzünü dedi, xoşum gəldi. Kişi elədiyini deməz, bir az bazarlıq eləyib verdim ona. İndi zəmanə o qədər pis olub ki, heç kəsə inanmaq olmur. Küçədə səndən çörək pulu istəyir, deyirsən gedim 10 dənə çörək alım, deyir yox, pul ver. Ona görə də düz danışan görəndə adama təəccüblü gəlir.


"Mən teatra gələndə sən heç anadan olmamışdın, heç bilmirsən ki, ..."


- Yaşar müəllim, deyəsən öz yerində olmayanlar, ünvanına düzgün çatmayanlar yaman çoxalıb. Son vaxtlar həmin o "çoxluq" kütləvi şəkildə dəyərlərin mühafizəçisinə çevrilməklə insanları yaman çaşdırırlar. Deyəsən, "şap elə bilir, şupdadır, şup elə bilir şapdadır"...

- Gəlin, etiraf edək ki, belə şeylər aktyorlar arasında az olur. Belə müzakirələr daha çox müğənnilərə aiddir. Aktyorlar buna görə ora çıxmaz. Aktyor yazğın başı o qədər bəlalar çəkir ki. Müğənniyə nə var, gəldi üç dənə mahnı oxudu pulunu aldı getdi. İndiki oxuyan heç bilmir nə oxuyur, mahnının notu nədir. Axı mənəvi dəyər deyəndə, təkcə aktyorluq, müğənnilik nəzərdə tutulmur. Mənəvi dəyər yazıçılarımızdır, ziyalılarımızdır, rəssamlarımızdır və sair. Mənəvi dəyər Zeynəb Xanlarovadırsa, o, elə verilişlərə gedər? Belə mövzuları qoyurlur və baxır onu kim müzakirə edir. Və yaxud filan aktyor ora gedər, getməz. Çünki mən bayaq dedim, qarşımda oturanı ağıllı hesab edirəm. Onun dırnaqarası mənası da var. Çünki mənə zəng eləyib, deyəndə ki, sizdən müsahibə götürmək istəyirəm, məcbur olub soruşuram ki, haranı qurtarmısan. Deyir ki, tibb texnikomunun üzr istəyirəm, mamaçalıq fakultəsini. Mən bunu başqa yerdə də demişəm, bu qızın cibindən 8 dənə jurnalist vəsiqəsi çıxır. Elə şeylər çoxdur. Mənəvi dəyər çox şeyi ifadə edir. Bu insanın özünü necə aparmasından, nə danışmasından ibarət deyil. Mənəvi dəyər təpədən dırnağa qədər sənin şəxsiyyətindir, varlığındır.
Qarşımda dayanan adam, bir proqramda oturub, 3 nəfər də adamı ətrafına yığıb teatrdan danışır. Əşşi mən teatra gələndə sən heç anadan olmamışdın, heç bilmirsən ki, Milli Akademik Teatrının tarixi nədir, 3 nəfər cavan aktrisanın başını aldadırsan, başlayırsan teatrı tənqid eləməyə. Milli Akademik Dram Teatrı Azərbaycanın mənəvi dəyəri olub. Cavandı da nə deyəsən. Elə bilir ki, belə danışmaqla populyar olacaq.

- Yaşar müəllim, teatrdakı durğunluğu nə ilə əlaqələndirərdiniz?

- Teatr kollektiv sənətdir. Onun hansısa sahəsində balaca bir zəiflik olanda, bütün işə öz təsirini göstərir. Təsəvvür edin ki, bədənin bir hissəsi ağrıyanda necə hər yana metastaz verirsə, teatrda da elədir. Ona görə də bütün sənətlərdə olduğu kimi teatr aləmində də durğunluq var. Amma düşünürəm hələ ki, teatr zalımızda adam var, hələ ki, tanınırıq teatr yaşayacaq.


"Hərdən biz də çaşırıq, pula şirniklənirik"


- Yaşar müəllim, əvvəl bir aktyor kimi gözəl tamaşlarda böyük obrazlar yaratmısınız və bu gün də onlar yaddaşlardadır, sevilir. Bəs indi niyə o cür tamaşalar çəkilmir?

- Bilirsiniz, hər şey yenə də bazar iqtisadiyyatının üzərinə düşür. Kinoya çəkilmək üçün təbii ki, qonarar verilməldir. Bir neçə kanala deyiblər ki, biz istiyirik çəkək, mən demişəm, bunun qonararını kim verəcək. Deyirəm sən mənim qonararımı ver, mən orda oynamasam kişi deyiləm. Amma atam demişkən, söhbət sosikadan getmir ey, "vnimatelni" olmaqdadır. Başqa yerdə aktyoru çağıranda, artıq konvert hazır olur ki, onun qonorarını verməlidir. Bizdə elə bilirlər ki, gəlməlisən, oxumalısan, oynamalısan. Əşşi, o dövr keçdi. Heç sovet dövründə elə şey yox idi. Necə yənı, əgər aktyoru çağırmısansa, pulunu verməlisən. Gedib qəbiristanlıqda havayı yasin oxutdura bilərsən? Gedək köhnə qəbiristanlığa, deyim atama havayı yasin oxusunlar. Oxuyar? Oxumaz!

- Yaşar müəllim, yaratdığınız gözəl, tutumlu obrazlardan sonra kommerisya filimlərinə çəkilmək sizin üçün ürəkaçandır?

- Mən bircə "Adam ol" da çəkilmişəm, bir hansında?

- "Bacanaqlar" hansına aiddir?

- Mən ondan zövq alıram. Talantlı uşaqlardı, mənimlə Firəngizi köməyə çağırıblar. Getmişik. Tərbiyə, qanacaq, bir-birini saymaq, fantaziyaları var. Mən onlardan Vaqif Mustafayev olmağı, Eldar Quliyev olmağı tələb eləyə bilmərəm axı. "Yoxlama" filmi də kommersiya filmidir. Bütün dünyada göstərilib və dünya kataloquna düşüb. Yəni, yaxşı pulum var, gedim film çəkim, olmaz. Hərdən görürsən biz də çaşırıq da, pula şirniklənirik.

- Qonararınız nə qədər olur?

- Onu heç evdə bilmirlər, siz hardan biləsiniz?

- Əgər sizə təklif olunan pul şirnikləndiricidirsə, deməli, böyük məbləğdən söhbət gedir?

- Yox. Böyük məbləğ olsa birində oturarsan, gününə 5000 demirəm ha, 1000 manat alarsan, deyərsən hə, buna gedirəm. Olmur axı, ondan da aşağıdır.


"Rafaellə Coşğun mənim çəkimi də bilirlər, öz çəkilərini də"


- Bu gün aktyorlar, aktrisalar sponsor axtarışı ilə hər cür verilişlərdə çıxış edirlər. Çox vaxt da gənc aktyorlar yaşlı sənətkarlardan şikayətçi olurlar. Belə deyirlər ki, qocaman sənətkarlar öz sənətlərinin sirlərini öyrətmək istəmirlər. Məsələn, Coşqunla Rafaelin belə bir çıxışı ilə rastlaşmışdıq, səhv etmirəmsə, Coşğun demişdi. Doğurdanmı qocamanlar gəncləri qısqanırlar?


- Hansı sənətkar hansı gənc aktyorun inkişafına mane olur? Coşqun onun adını deyəydi də. Mən onların bütün konsertlərində oluram. Yaxşı oğlandılar, öz janrları var. Onların kiminləsə konfliktləri olub, mən onu sizə deyə bilmərəm, özlərindən soruşun. Amma mənimlə ömründə ola bilməz. Onlar mənim də çəkimi bilirlər, öz çəkilərini də bilirlər. Heç kəs mənimlə çəkişə bilməz. Məni bircə Allah imtahana çəkə bilər, o da çəkib.

- Deyirsiniz ki, onların öz janrı var, o nədir?

- O, teatr deyil. Estradanın müəyyən növləri var. Tutaq ki, arvad paltarı geynib kimisə təqlid edirəm. Amma bunu camaatın qarşısında edib, sonra bir-birini söymək, bu, mənlik deyil. Bunu o Sarayı onlara verənlərə demək lazımdır. Nəinki onlara, hətta bəzi oxuyanlara da demək lazımıdır ki, siz o Sarayda nə göstərirsiniz? Saraydı ey bu, Heydər Əliyev Sarayı! Ona görə də bunu müzakirə etmək mənlik deyil. Mən kiminsə janrına mane ola bilmərəm. Hələ ki, mənim janrım işə gedir. Hər halda "Qatarda" tamaşası 30 ildir baxılır, baxılacaq, "Səni axtarıram" 30 ildir baxılır, baxılacaq, "Kökdən düşümüş pionino" baxılıb, baxılacaq, "Göz həkimi"nə dəfələrlə baxılıb, yenə də baxılacaq, "Alov" da onun kimi, "Evləri köndələn yar", "Bəyin oğurlanması" da həmçinin, 100 dəfələrlə baxılıb, hələ çox baxılacaq.. Yenə sayım, yoxsa bəsdir?..

- Bu, sizin işiniz deyilsə və hamı desə ki, "mənlik deyil" onda kimlikdir?

- Məni, bir başqasını çağırıb məşvərət eləsələr ki, bu işə necə baxırsınız, o zaman öz sözümüzü deyərik. Əgər nəsə desək, müsəlmanın bir sözü var, deyəcəklər mənə paxıllıq edir. Axı mən onlara paxıllıq edə bilmərəm...

- Yaşar müəllim, sənətkarların çoxu bu sözü deyir: "soruşsunlar". Əgər ictimaiyyətin sizin kimi sənətkarların sözünə ehtiyacı varsa və sizin sözünüz hardasa keçirsə, bu sizə bəs etmir?

- Axı keçmir...

- Keçər.

- Sizə elə gəlir. Keçmir. Cəfər Cabbarlının "Aydın" pyesində Aydın çox danışır, axırı Surxay deyir ki, heç olmasa bizim toyuğun qaqqıltısı, bir dənə yumurta ilə qurtarır... Danışmaqla deyil ki, gərək insanı eşitsinlər və bunun bir nəticəsi olsun. Görürsən gəlib oturub konsertdə, gedəndə söyür. Soruşursan ki, onda nöş gəlirdin. Deyir, neyniyim ey, qızım məcbur elədi, deyir, nişanlım beynimi yedi... Məsələ budur. Heç kəsə demək olmaz ki, sən buna getmə, yaxud pisdir. Sən bunu kimə izah eliyə bilərsən. Belə görünür ki, biznes maraqları mənəvi maraqları üstəliyir. Əgər bir söz desən, deyəcək ki, sən baxma, səni konsertimsə güclə gətirirəm. Milli-mənəvi dəyəri dəyərləndirən millət vəkillərinin komissiyası var, buyursunlar araşdırsınlar. İkincisi də bir çağırıb soruşsunlar da. Mən də deyim ki, danışığımın nəticəsi olacaqsa, danışım, olmayacaqsa danışmayım. İndi xəstəliyin kökünü tapmayanda ona başqa ad qoyurlar. Bu xəstəliyin kökünü tapmaq lazımdır.


"Efirdə deyir dilin tərbiyəsi ailədən başlayır, sonra da qayıdır ki, "nu kak tam, sınoçik..."


- Yaşar müəllim, dünənki tamaşaçı ilə indiki tamaşaçının zövqləri çox dəyişib?

- İndi Amerika ilə müqaisə olunmaq istəyirlər. Əşşi Amerika 98 ildir müstəqil dövlətdir. Sən dünən "dınq" edib yumurtadan çıxmısan, Cəfər Cabbarlı, Mirzə Səməndər demişkən. Yəni, sən 2 yaşında uşağı 18 yaşlı uşağın ağlı ilə müqaisə edirsən, bu, düz deyil. Demokratiyanın özünün qanunları var. Demokratiya "atam mənə kor deyib, gəl gedəni vur deyib" demək deyil. Budur məsələ. Guya mən görmürəm, guya mən hiss etmirəm? Bu gün Həsəni, Hüseyni qoyub, Yaşarı görəndə 10 dənə cavan ayağa durursa, deyirəm Allaha şükür, hələ qalıb, hələ var, biz dünyada olmayacağıq, amma bu tərbiyə qalacaq. Bu da kökdən irəli gəlir. Hər şey ailədən başlayır. Bəziləri var ki, televiziyada deyir ki, dilin tərbiyəsi ailədən başlayır. Sonra da qayıdır ki, "nu kak tam, sınoçik..." Buna nə deyəsən. Cəmiyyəti idarə edən ailədir də, qurban olum sizə. Hər şey bağçadan gəlir. Mən o qədər də patriot deyiləm. Türkiyədə axırıncı dəfə 9 ay olmuşam. Orda qaldığım müddətdə mən onlarla Azərbaycan dilində danışmışam, deyir, "anlamıyorum", deyirəm onda ingilis dilində danışaq, deyir bilmirəm, deyirəm, "ay ləv yu", baxıram gülür. Öz dilini sevməsən, mümkün deyil. Yazıq Bəxtiyar elə "Azərbaycan dili" deyirdi. O gün də deyirəm: Allahtəalaya qurban olum, niyə insana iki qulaq verir, bir qulaq verəydi, burdan deyəndə o tərəfdən çıxmayaydı.

- Onda iki qulaqdan biri necə qapanmalıdır ki, deyilənlər orda qalsın?

- İki qulaqdı da, birindən alanda o birindən buraxır.

- Hər şey cüt yaranıb.

- Bu, başqa şeydir. Sən ona görə dünyaya gəlmisən ki, ədalət də görəsən, ədalətsizlik də. Hər halda, deyilən sözü bir az oturub fikirləşəmək lazımdır. Görürsən ki, iclasdan, müşavirədən çıxanda həmin məsələni gedib müzakirə eləmək əvəzinə başqa şeydən danışırlar. Bilirsiniz, bunlar bir söhbətin mövzusu deyil...

- Yaşar müəllim, müsahibələrinzdə belə bir fikr işlətmisiniz: "Məni görəni görürəm, görməyən üçün kor oluram".

- Demişəm. Olur da, müəyyən yerlərdə olursan, görürsən ki, dünən səni görəndə deyir, salam, necəsən. Bir başqa məclisə düşəndə guya səni görmür. Bu da tərbiyənin bir növüdür. Bu, içdən gəlmə şeydir. Mən çıxıram həyətə, uşaqları görəndə deyirəm salaməleyküm... Artıq öyrəniblər. Məni görən kimi qaçıb düzülürlər hasarın dibinə, çünki bilirlər ki, birinci salamı mən verəcəyəm. Bu insanın şəxsi tərbiyəsidir.

- Belə şeylərlə çox rastlaşmısınız?

- Çox... Hələ də rastlaşacağam. Bu, sənət adamları tərəfindən də olub, adi dost-tanışlar arasında da.

- Çox təsir edir?

- Təsir etmir mənə. Mənim onun insani keyfiyyəti, dünənki halı ilə bugünkü vəziyyəti, onun özü ola bilməməyinə görə ona yazığım gəlir. Salam Allahın adıdır. İkincisi də heç verməsin. Başqasını aldatmaq olar. Vay o gündən özün-özünü aldadasan. Deyəsən ki, mənim iki metr boyum var, "krasavçik"əm... Necə ki, bizim bəzi sənət adamları deyir ki, onu dünya tanıyır. Əslində onları heç Mərdəkan da tanımır. Bəziləri deyir ki, gedib Norveçdə konsert verdim, sən demə toya gedibmiş.

- Yaşar müəllim, sizin təkcə "Qatarda" tamaşasının böyük bir sambalı var. İndi elə tamaşalar üçün darıxmırsınız?

- Darıxıram, bəs necə. Hərdən görürsən ki, sənətə olan ehtiyacımı soyutmaq üçün kitab oxuyuram. Sabirdən, Ramiz Rövşəndən... Təbii ki, darıxıram.
Türkiyədə neçə saatlıq əməliyyatdan sonra məndən soruşanda ki, kimdən ötrü darıxmısan. Dedim ki, mən səhnəyə çıxıb sonra evlənmişəm. O bir fəlsəfədir. Ömür gedir. Ömür vəfa etsə, gələn il 60 olacaq. Amma arxada 30 il durur axı, oynadığım "Bəyin oğurlanması", "Səni axtarıram" və sairə tamaşalar var.

- Yaşar müəllim, "Evləri köndələn yar"da, yaxşı "hopstop" oynamağınız var, indi də elə oynaya bilirsiniz?

- Oynayıram, niyə də yox. Yəqin ki, bu, gendən gəlmədir. Mənim atam da yaxşı rəqs edirdi.


"Biz Firəngizlə bir-birimizi sevirdik"



- Yaşar müəllim, nədənsə sizdə şirin bir "sevən adam" obrazı formalaşıb. Nəyə görə sizə baxan insan, düşünür ki, "o hələ də sevir"?

- Çünki sevmək azdır, sevilməyi bacarmaq lazımdır. Nə üçün sevdiyini bilməz, sevənlər. Siz mənim boynuma qoyursunuz, mən də boynuma götürürəm. Nə bilim, beləyəm də. Nə qədər ki, sevilirsən, nə qədər ki, səni sevirlər yaşamağa dəyər.

- Sizcə, formalaşan bu "sevgi" obrazı Elçinin Gülnara olan məhəbbətinin təsirindən qaynaqlanıb fikirlərə belə təsir edə bilər?

- Təbii ki, biz Firəngizlə bir-birimizi sevdik. O məndən cavan idi. Amma biz bunu çıxıb televiziyada müzakirə etmədik. Ona görə də öz şirinliyini, gözəlliyini saxladı. O vaxt söz də çıxardılar. Bəlkə mənim içimdə sevgi olub. Kişi elədiyini danmaz. Sevgi olub ki, bu şaiyə yaranıb da. Mən demirəm ki, bu saat ailəmi dağıdıb Firəngizi alacam. Onda da o sevgi olub mənə. Məndə də ona qarşı sevgi olub ki, elə alınıb da. İkincisi də, adam onda yaradıcılıqla məşğul olur ki, hər mənada sevilirsən. Bu yaşda cavan qız sənə baxıb "ay Allah!" deyirsə, sən də fikirləşirsən ki, nə olsun 60 yaşım var? Yaşamaq istəyirsən. Vay o adamın halına ki, sevir, sevilə bilmir, bax, bədbəxtçilik ondadır. Sevilə bilmir də bədbəxt. Neyçün sevilə bilmir, bilmirəm.

- "Dədə Qorqud"da Beyrəyin nişanlısına dediyi söz olmasın, barmağınızdakı altun yox, bu əqrəb nişanlı üzüyün mənası nədir?

- Mənası nədir?.. Bilmirəm, əlimə bu keçdi, taxdım.

- Bəlkə o "əqrəb"lə kimlərəsə göstərmək istəyirsiniz ki, bax, mən sancsam pis olar, ehtiyatlı olun?

- Nə bilim, vallah. Mənasını bilmirəm. Neyçün sevdiyini, bilməz sevənlər. Mənə hədiyyə elədilər, dedilər barmağına yaraşır, mən də taxdım.

- Kim bağışladı?

- Dostum.


"Ciyərim bədənimlə, xasiyyətimlə, iştahımla barışıb"



- Yaşar müəllim, ciyəriniz necədir?

- Hər halda, mən heç vaxt ağciyər olmamışam. Ciyərdi də, yerində durub. Heç nə hiss eləmirəm. Heç orda da hiss eləməmişəm ki, mən ölümə gedirəm, ya qalmağa. Ciyərdi də qoyublar, çətin əməliyyat idi. Yəni, məndə birləşəmə deyil, bütöv götürüb, bütöv qoyublar. Ciyərdi, bədənimlə barışıb, xasiyyətimlə barışıb, iştahımla barışıb. Mən o gün də dedim, ciyərimi dəyişmirlər, istəyir qolumu dəyişsinlər, əqidəmi dəyişməyiblər ki...

- Deyirsiniz fikirləriniz dəyişib...

- Dəyişiklik olmuyub ey, bilirsiniz, yaşın elə dövrü olur ki, insan görürsən, hər şeyə tez reaksiya verir. Həyatın yazılmamış qanunları ilə razı olmalısan. Bu mənim yaşımla bağlıdır, rus demişkən "priçyom zdes" qaraciyər. Yaşdandır ki, deyirəm hayıf cavan öldü. Amma indi deyirəm ki, bu günlər mənim üçün də var da, həyatdır. Hər şeyə açıq gözlə baxmaq lazımdır. Həyata da, ölümə də, davaya da, nə bilim bu keçməkeşlərə də, ayağından dartmalara da, bu gün üzündən gülüb, sabah ayağından dartanlara da...

- Dünən belə deyildiniz?

- Dünən də belə idi. Sadəcə olaraq başım başqa şeyə qarışmışdı. İndi oturub boş vaxtlardı da, belə baxıram.

- Deməli, Yaşar müəllim, məsələ heç yaşda da deyil, boşluqdadır?

- Yox. Əgər mənim üçün boşluq mənalıdırsa, o doluluqdan daha üstündür. Məsələn, siz çıxmısınız, mən oturmuşam. Mən oturub burda sizi gözləmirəm ki. Sizə elə gəlir ki, Yaşar Nuri orda darıxır. Amma mən həmin o vaxt ərzində nəsə başqa şeylər haqqında düşünürdüm. Sizin öz fəlsəfəniz var. Mənim dünyaya öz baxışlarım var. Adam var ki, artıq öz həyat tərzinə öyrənib. O gün baxıram evim muzey kimi bəzənib. 50 illiyimdən 10 il keçib fikirləşirəm ki, bu illər ərzində həyatımda bir dəyişiklik olmayıbsa, ya müsbət, ya mənfi, onda mən nə üçün yaşamışam. Bu fikir də məndə təzə yaranıb. Əvvəl bir qab sınanda deyirdim axı, bu, niyə belə oldu. Amma indi belə deyil. Deyirəm ki, görünür qismət belə imiş, sınıb, cəhənnəmə sınsın. Qabaq fikirləşmirdim ki, nə vaxtsa gəlib, 60 olacaq. Axı cibdə çox pul olanda saymırsan, qəpik-quruş qalanda başlayırsan onları saymağa, qorumağa. 60 - qəpikləri sayan yaşdır.

- Yaşar müəllim, 60 yaş çoxdur?

- İndiki zəmanə, indiki zırhazır üçün yaxşıdır. Gündə bir infarktedici xəbər eşidirsən. Evdə xəbər, məhlədə xəbər, televizorda xəbər...

- Xəbərlərə çox baxırsınız?

- Baxmıram ey, dünyanın gərdişindən danışıram.

- Nədən xoşunuz gəlmir?

- Yalandan, yalandan, yalandan!


"Anamın 86 yaşı var, deyir ki, ölməyəydim o günü görəydim"


- Siyasi prosesləri necə, izləyirsiniz?

- Ağcaqanad da ifraz edir, amma görünmür. Siyasət də elədir. Mən siyasət adamı deyiləm. Mənə bir partkom obrazını versələr oynayaram və mənim siyasətim bu olar. Amma durum deyim ki, siyasi proseslər belə gəldi, bu mənlik deyil.

- Qarabağ danışıqları barədə nə düşünürsünüz?

- Mən nə deyim, bütün Azərbaycanın fikri nədir? Mənim anamın 86 yaşı var, deyir ki, ölməyəydim o günü görəydim. Deyirəm, övladlarının toyunu görmüsən, deyir yox, Qarabağı alaydılar, mən o günü görəydim. Artıq "torpaqlarımızı qaytaraydılar" termini yoxdur. İndi deyirəm ki, ölməyəydim o günü görəydim. Hər dəfə bir xəbər deyəndə, hər dəfə atəşkəsdə bir əsgər öləndə insan necə olar? Mən demirəm ki, hər şey mənim üçün adidir. Hər şey üzdə nə qədər adidirsə, içdə o qədər ağırdır. Mən fikirləşirəm ki, bu nə qədər olacaq. Maşallah, bizim ordumuzun gücü var. Hərbi hissə evimizə yaxın olduğu üçün hər gün onlarla görüşürəm. Onlar deyirlər ki, Yaşar müəllim, bu saat elə vəziyyətdəyik ki, bu dəqiqə Ali Baş Komandan əmr versə, problemi iki günlük edirik. Mən başqa heç nə bilmirəm. Bir onu bilirəm ki, Qarabağ bizimdir, bizim də olmalıdır. Mən qızı istəyirəm almalıyam, istəyir xalam elçi getsin, istəyir bibim.


"Vaqif Mustafayevlə çox vaxt küsürdük"


- Yaşar müəllim, bəzi müsahibələrdən görünür ki, "Bəxt üzüyü" filmində böyük əməkləri olan rejissor Ramiz Əzizbəyli və aktrisa Afaq Bəşirqızı arasında bir gərginlik yaşanıb. Mübahisənin mövzusu da filmin daha çox kimə görə ərsəyə gəlməsi, baxılmasıdır. Teatrda, kinoda rejissor-aktyor arasında yaranan belə hallara necə baxırsınız, haqlı tərəf kim olur?

- Bu, düzgün deyil. Əgər mən bu filimdə bir şey eləmişəmsə, onda deməliyəm ki, Vaqif Mustafayev mənə heç nə eləməyib? Hər halda, rejissor odur. Rejissor tapıntısı var. Təbii ki, sənin də orda tapıntın var. Amma əsas rolun ifası mənə tapşırılıbsa, bu da rejissorun işidir, bunu danmaq olmaz. Mən özüm "Muzkomediya"da rejissor kimi tamaşa da qoymuşam - palçığa bir dəfə batarlar. Bir dəfə filim çəkmişəm, hansı ki, bu mənə bəs eləyib.
İndi mən Vaqif Mustayayevi necə dana bilərəm? Lap çəkiliş vaxtı 5 dəfə küsürdük. Səhər gəlirdik, heç barışmırdıq, bir həftə keçirdi. Filmin çoxunu küsülü-küsülü çəkmişik. Hamısı işin xatirinə idi. Deyir, çıx, mən də çıxmaq istəmirəm. Amma sonra da deyirəm ki, "malades", gör məni harda çəkib. Filmdə 5 dubl yernən sürünürəm. Dava edirdim ki, bəsdir də iki dubl. Bəs gözəl film belə yaranır da. Sonra da çıxıb efirdə deyim ki, bu Vaqiflik deyil, elə şey olmaz!


"Oğlan olsaydınız başqa söz işlədərdim, deyərdim "nə kimi" ...


- Yaşar müəllim, yeyib-içməklə bağlı olan verilişlərə münasibətiniz necədir?

- "Yağ kimi"dir, nə bilim "bal" kimidir nədir, oğlan olsaydınız başqa söz işlədərdim, deyərdim "nə" kimi, "nə" kimi... O verilişə, gözüm ilişib bir dəfə baxmışam, məyus olmuşam. Elə verilişlərə baxmıram və inanmıram da ki, siz məni belə verilişə maraq göstərəcək səviyyənin adamı hesab edəsiniz.


"Ya gərək mən döyüləm, ya da məni döyələr"


- Yaşar müəllim, tələbələriniz arasında yetirmələriniz varmı?

- Yüzdən beşi. Buda çox azdır. Gələn istəyir ki, tez populyarlaşıb ortaya çıxsın, müğənni olusun, pul qazansın. Pula görə adam hər şeyə getməz. Getsəydim, gedərdim də, yaxşı tamada olardım, eləmədim ki.

- Heç getməmisiniz?

- Camaatdan soruşun. Bu hövsələ ilə tamada getmək olar? Ya gərək mən döyüləm, ya da məni döyələr.
Mən "sovetski" uşağıyam. Uşaqlığım da elə bu cür olub, heç nə dəyişməyib. Bir az saçım tökülüb, bir az da...

Tahirə Qafarlı
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.