Dünya

İran Ermənistanı işğal edə bilər: Tehran hücuma keçsə Türkiyə və Pakistan səssiz qalmayacaq - Plan masadadır

13 Oktyabr 2021 09:12
Baxış: 3 207

İranla Azərbaycan arasında yaranmış gərginlik iki ölkə arasında müharibə riskini xeyli artırıb. Hazırda beynəlxalq səviyyədə bu məsələ müxtəlif aspektlərdən təhlil olunur. Təqdim etdiyimiz yanaşma isə irəli sürülən ehtimallardan ciddi şəkildə fərqlənir.

Həmin yanaşmanın şərhinə keçməmişdən əvvəl önəmli bir məqama diqqət çəkmək gərəkir. Son bir ildə bölgədə İranın əleyhinə son dərəcə ciddi proseslər baş verib. Belə ki, 44 günlük müharibəni İranın ikiəlli dəstək verdiyi Ermənistan biabırçı şəkildə uduzub. Qarabağ müharibəsində Ermənistandan sonra ən çox itirən ölkə isə İrandır. Əfqanıstanda sünni fundamentalizmini təmsil edən "Taliban" Pakistanın əli ilə iqtidara gəlib. Pakistan Türkiyə-Azərbaycan Birliynə qoşulub. Belə bir fonda İran Azərbaycana, dolayısı ilə Türkiyəyə, birbaşa isə İsrailə qarşı hərbi cəbhə açmaq hədəsi ilə bölgədə gedən proseslərin məcrasını dəyişməyə can atır. Birmənalı olan odur ki, bu proseslərin hər biri ayrı-ayrılıqda və birlikdə İranın dövlət maraqlarının əleyhinə yönəlib.

İran öz əleyhinə olan prosesi necə durdura bilər? Aydındır ki, İranın Azərbaycana hərbi müdaxiləsi olsa, Türkiyə və Pakistan bu avantüraya seyrçi qalmayacaq. İsrail də strateji müttəfiqinin müdafiəsinə qalxacaq. Eyni zamanda, ABŞ başda olmaqla bütövlükdə Qərbin Azərbaycana dəstəyini təmin etməyə çalışacaq.

Bu gün Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri  keçiriləcək

Bəs, İran Azərbaycana qarşı hərbi müdaxilə etmədən bölgədə zərərinə cərəyan edən gedişatı durdura bilərmi? Məhz bu sualın cavabı kimi yuxarıda qeyd etdiyimiz fərqli yanaşma ortaya çıxıb. Söhbət ondan gedir ki, "The Middle East Eye" qəzetində çıxış edən Tehran Universitetinin Hüquq və Siyasi Elmlər üzrə alimi Fardin Eftekhari istisna etmir ki, İran Azərbaycana yox, Ermənistana hərbi müdaxilə edəcək. İlk baxışda absurd görünsə də, bu yanaşma məntiqlidir. Mütəxəssis deyir ki, İran Türkiyə və Azərbaycanın ələ keçirmək istədiyi Zəngəzura qoşun yeritməklə istəyinə nail ola bilər.

Bu arada isə İranın Ali dini rəhbəri Ayətullah Əli Xameneyiyə yaxınlığı ilə tanınan "The Keyhan Daily" yazıb ki, Ermənistanın Sünik bölgəsi Azərbaycana veriləcək, Ermənistanın Qərbpərəst administrasiyası bu məsələ ilə bağlı Azərbaycanla gizli şəkildə razılaşıb.

Amerikadakı Corctaun Universitetinin iranlı alimi Şirin Hunter yazır: "Əgər Türkiyə uzun müddət ərzində can atdığı ambisiyasına həyata keçirmək üçün Azərbaycanla birbaşa əlaqə yaratsa, bu, İranın Ermənistana girişini aradan qaldıracaq. Belə olduqda gərginliyin dərinləşməsi riski daha da artacaq".

Türkiyə Ordusu 14 terrorçunu məhv etdi | KONKRET

İranın baxışına görə, Türkiyə-Azərbaycan alyansının Süniki ələ keçirməsi, (fars-molla rejimi daha çox "xəritənin dəyişməsi" ifadəsindən istifadə edir) İranın geosiyasi baxımdan əlverişsiz vəziyyətə salacaq.

Fardin Eftekhari yazır: "Tehran Ermənistanla əlaqəni itirəcək, üstəlik bölgəyə girişi də qapanacaq. Eyni zamanda İranın əzəli düşməni İsrail tərəfindən ciddi şəkildə dəstəklənən yeni və güclənmiş bir regional güclə (Azərbaycan) üz-üzə durmaq məcburiyyətində qalacaq".

 

Bizə "əzələ nümayiş" etdirən İran hesab edir ki, Türkiyə ilə Azərbaycanın quru ərazi ilə birləşməsi təkcə Türk Dünyasının bir araya gəlməsi ilə məhdudlaşmır. Bu həm də Pakistan və Əfqanıstan kimi sünni ölkələrin İrana təzyiqlərinin güclənməsinə təkan verəcək. Bəllidir ki, İranın daxildəki sünni azlığın da ciddi problemləri var. Yəni, İranda etnik azlıqlarla yanaşı, dini azlıqlar da hazırkı durumlarından məmnun deyillər. Bundan başqa, Qafqaz bölgəsində yaşayan azsaylı sünni xalqların Türkiyəyə meyllənməsi prosesi gedir. Türkiyənin Azərbaycanla yaxınlaşması bu prosesə əlavə impuls verir. Bu amil də İranı ciddi şəkildə narahat edir.

İran başa düşür ki, Zəngəzur dəhlizi təkcə Türk Dünyasını gücləndirmir, eyni zamanda Türkiyə başda olmaqla sünni ölkələrin və xalqların bir araya gəlməsini təmin edir. Bu isə şiəliyi dövlət ideologiyasına çevirmiş İrana təhdid sayılır.

Arz Ira Branded .jpg (66 KB)

İranın Zəngəzuru işğal etməsinə dünyanın güc mərkəzləri necə baxacaq? Ermənistan özü necə, buna etiraz etməzmi? Rusiyanın mövqeyi necə olacaq? Qəliz suallardır.

İstisna deyil ki, hadisələrin belə bir ssenari üzrə inkişafı lokal hərbi müdaxilənin dünya miqyaslı müharibəyə də çevirə bilər. İran üçün də seçim etmək çətindir. Rəsmi Tehranın dəqiq bildiyi odur ki, proses onun əleyhinə işləyir. Prosesi dəyişmək də mümkünsüz görünür. Vəziyyətdən çıxmaq üçün ən ağlabatan variant "Altılıq palatforması"na bağlıdır. Yalnız qonşu dövlətlər arasında güclənən iqtisadi, siyasi əlaqələr bütövlükdə regiona, həm də "altılıq platforması"nda yer alan hər bir ölkəyə tərəqqi və təhlükəsizlik təminatı verə bilər. Ümid edirik ki, İran vəziyyətdən çıxmaq üçün ən məqbul görünən sonuncu variantı seçəcək.

Bir məsələyə də toxunmaq gərəkir. İranın ən qatı fars millətçiləri də etiraf edirlər ki, İranın Azərbaycana hərbi müdaxiləsi Güney Azərbaycanda ciddi etirazlara səbəb ola bilər. Prosesin nəzarətdən çıxmaq ehtimalı da son dərəcə yüksəkdir.

Təbriz ayağa qalxır: Ərk qalasında kütləvi etiraz - Video

Azərbaycan və ya Ermənistana hərbi müdaxilə heç bir halda İranın qarşılaşdığı problemlərin rasional həllinə gətirib çıxarmayacaq. Əlbəttə, qonşu ölkəyə hər hansı hərbi müdaxilə avantüradan başqa bir şey deyil. Bu, İranın özünün od içinə düşməsinə səbəb ola bilər. Şübhəsiz ki, İranın siyasi elitasında bu təhlükəni görən ağıllı başlar da var. Bəla orasındadır ki, onlar mühafizəkarlara böyük hesabla uduzurlar...

Yazının orijinalını buradan oxuya bilərsiniz: https://www.middleeasteye.net/news/iran-azerbaijan-tensions-explained (musavat.com)

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.