Dünya

Koronavirus pandemiyası dünyadakı sosial qeyri-bərabərliyi daha da dərinləşdirib

27 Yanvar 2021 21:17
Baxış: 493

Koronavirus pandemiyası dünyadakı sosial qeyri-bərabərliyi daha da dərinləşdirib. Dünyanın min ən zəngin insanı böhran zamanı onlara dəyən zərəri cəmi doqquz ay ərzində aradan qaldıra bilib. Lakin pandemiyadan əvvəlki iqtisadi vəziyyətə geri dönə bilmək üçün dünyanın yoxsul əhalisinə on ildən də artıq vaxt lazım olacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məlumat "Oxfam" beynəlxalq təşkilatının apardığı araşdırmada əksini tapıb. Dərc olunan araşdırmada qeyd edilib ki, son bir əsrlik dövrdə ilk dəfə olaraq dünyanın bütün ölkələrində eyni vaxtda iqtisadi qeyri-bərabərliyin güclənməsi təhlükəsi yaranıb. Hazırkı vəziyyət yaxın gələcəkdə iş yerlərinin qorunub saxlanması, əməkhaqqının səviyyəsi və insan haqları sahəsinə də mənfi təsir göstərə bilər. Ona görə də iri şirkətlərin və zəngin insanların ümumi rifahın maliyyələşdirilməsində yaxından iştirakı üçün yeni vergi siyasətinin tətbiqinə ehtiyac yaranacaq.

Araşdırmaya görə, dünyanın ən zəngin on şəxsi 2019-cu ilin fevral ayından indiyədək öz varidatlarını ümumilikdə yarım trilyon ABŞ dolları həcmində artırıb. Bu varidat dünyanın bütün əhalisinin COVID-19-a qarşı peyvənd edilməsinə yetə və pandemiyanın təsiri nəticəsində yaranmış yoxsullaşmanı aradan qaldıra bilər.

Həmçinin müəyyən edilib ki, pandemiya nəticəsində dünyada son 90 ildə ən ağır məşğulluq böhranı yaranıb, milyonlarla insan öz iş yerini və ya gəlir mənbəyini itirib. Pandemiya dövründə daha çox qadınlar işsizlik problemi ilə qarşılaşıblar, çünki qastronomiya və büro menecmenti kimi sahələr pandemiya dövründə ən çox işçi itirən sahələr sırasında yer alır və qadınların 49 faizi bu sektorlarda çalışır. Digər tərəfdən, dünyada səhiyyə və sosial təminat sahələrində işçi qüvvənin 70 faizini qadınlar təşkil edir və koronavirusa qarşı mübarizə də bu sahədə çalışanlar üçün əlavə risklər yaradır.

Araşdırma dünyanın 79 ölkəsindən təxminən 300 iqtisadçı arasında aparılan sorğu nəticəsində hazırlanıb və rəyi soruşulanların 87 faizi pandemiyanın əhalinin gəlir qeyri-bərabərliyini artıracağını bildirib.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.