Dünya

ABŞ-Rusiya-Çin "geosiyasi üçbucağı": risklər və təhlükələr

19 Sentyabr 2020 18:18
Baxış: 596

Koronavirus pandemiyasının tüğyan etdiyi hazırkı tarixi mərhələdə dünyanın üç böyük gücü - Amerika, Rusiya və Çin arasında münasibətlərin daha da pisləşdiyi barədə ekspert fikirlərinə tez-tez rast gəlirik. Həqiqət naminə demək lazımdır ki, həmin ölkələrin hər biri digərini kəskin tənqid edir. ABŞ Çin-i insan haqlarını tapdalamaqda, sivil dünyaya təhlükə törətməkdə qınayır. Rusiyanı silahlanmanın məhdudlaşdırılması ilə bağlı müqaviləni pozmaqda suçlayır. Moskvanı dünyanın müxtəlif regionlarında geosiyasi proseslərə qarışmaqda ittiham edir. Kremlin Yaxın Şərqdə və Avropada atdığı addımları tənqid edir. Pekin isə Amerikanı özünün daxili işlərinə qarışmaqda günahlandırır. Bunların beynəlxalq hüquqa ciddi zərər vurduğunu ifadə edir. Rusiya da Amerikanı beynəlxalq arenada qanunların aliliyinə məhəl qoymamaqda, dövlətlərin daxili işlərinə müdaxilə etməkdə suçlayır. Bu sırada NATO-nun London sammitində Rusiyanın Çinlə bərabər təhlükə kimi xarakterizə edilməsini qərəzli sayır. Yekun olaraq bu cür qarşılıqlı ittihamlar üç böyük dövlət arasında münasibətlərə xeyli risklər gətirir və qlobal geosiyasi vəziyyətin daha həssas səviyyəyə yüksəlməsinə təkan verir. Bu kimi faktorların prizmasından ABŞ-Rusiya-Çin münasibətlərinin geosiyasi aspekti üzərində geniş dayanmağa ehtiyac görürük.

Vaşinqtonun ittihamları: Moskva və Pekinin cavabı

Milli.Az newtimes.az-a istinadən xəbər verir ki, Şimali Atlantika Alyansı London sammitində Rusiya və Çini başlıca təhlükə elan edəndən sonra Moskva və Pekinin cavabı özünü çox gözlətmədi. NATO hər iki böyük dövləti iqtisadi, hərbi və təhlükəsizlik faktorlarına görə özünə təhdid hesab edirdi. Burada konkret detallar fərqli ola bilər. Lakin ümumi istiqamət aydındır: Qərb Rusiya ilə Çinin dünya miqyasında güclü rəqib olmasını qəbul etmək istəmir. O cümlədən bu iki dövlətin zəifləməsi üçün müxtəlif bəhanələrə əl atır. Bu fakt London sammitində öz təsdiqini tapdıqdan sonra uyğun cavabın necə olacağı geniş diskussiyalar doğururdu.

London sammitindən cəmi iki gün sonra Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin bəyan etdi: "NATO Rusiyaya qarşı ikili standartlardan imtina etməyib". Bu siyasətin tarixçəsi uzundur. NATO, eyni zamanda, hərbi təzyiq və dialoqa dəstəyi yeritməyə çalışır. Lakin təcrübə göstərir ki, dialoq payı çox az, təzyiq payı isə çoxdur.

Məsələn, qısa və ortamənzilli raketlərlə bağlı müqavilə ətrafında Rusiyanın dialoq təklifinə NATO mənfi cavab verib. Arqument belədir ki, Rusiya ortamənzilli raketlərini artıq yerləşdirib, bundan sonra hansı dialoqdan danışmaq olar.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə daha faciəvi mənzərə təsvir edir. Onun sözlərinə görə, Rusiya ilə NATO arasında nəinki dialoq dayandırılıb, hətta getdikcə daha gərgin vəziyyət yaranır. O cümlədən təhlükəsizlik aspekti xeyli pisləşib.

Ekspertlər hesab edirlər ki, Vaşinqton üçün başlıca təhlükə Çindir. Bu, Avropa İttifaqı məsələsində də özünü göstərir. Həmin səbəbdən Pekinlə bağlı uyğun siyasət hazırlanmalıdır. Praktikada isə buna nail olmaq çox çətin görünür. Hələlik Qərbin Çinlə bağlı başlıca tezisi belədir: Çinin yüksəlişi təhlükə yaratmaqla yanaşı, yeni imkanlar da açır. Rusiyaya qarşı isə daha sərt mövqe vardır. Ona məlum iradlar saxlanılır. Bununla yanaşı, dialoq və qarşılıqlı əlaqələri qoruyub saxlamaq da arzu edilir. Lakin Moskva və Vaşinqton silahlanmaya nəzarət mexanizmi üzərində yenidən işləməlidirlər. Əks təqdirdə, ekspertlər getdikcə daha təhlükəli qarşıdurmanın meydana gələcəyini ehtimal edirlər. Çin məsələsində isə daha həssas bir məqam özünü göstərir. Pekin dalbadal ABŞ-ı qınayan bəyanatlarla çıxış edir. Son hadisələrdən biri Çinin xarici işlər naziri Van İnin Amerikanı ittiham etməsidir.

Çin Xarici İşlər Nazirliyi rəhbərinin fikrinə görə, ABŞ müasir dünyada "sabitliyi pozmaqda davam edir". Bunu əsaslandırmaq üçün o, faktlar da gətirir. Məsələn, son iki il müddətində Vaşinqton Trans-Sakit okean Tərəfdaşlığı üzrə razılaşmadan çıxıb. İqlimlə bağlı Paris sazişini imzalamaqdan imtina edib. Qısa və ortamənzilli raketlərlə bağlı məlum sazişdən çıxıb. BMT-də insan haqları şurasını tərk edib. Diplomatik təmaslarla bağlı Vyana konvensiyasından çıxıb... Bütün bunlar beynəlxalq ictimaiyyət üçün çox böyük problemlər yaradır və dünyanı xaosa sürükləyir.

Amerika dünyanın ən qüdrətli dövləti kimi belə birtərəfli addımlar atdıqca vəziyyət faciəviliyə doğru sürüklənir. Van İ hesab edir ki, ABŞ Çinin dövlət suverenliyinə aid məsələlər ətrafında spekulyasiya yaratmağa çalışır. Ölkənin milli ləyaqətini aşağılamaq istəyir. Misal kimi Van İ Honkonq, Tayvan, Sincan-Uyğur muxtar bölgəsi, Tibet məsələlərini göstərib, insan haqlarına işarə edib. Çinin mövqeyinə görə, bütün bunlar Çinin daxili işləridir və həmin səbəbdən kənardan müdaxilə doğru deyil. İnsan haqları sahəsində Pekinə edilən iradların əsası yoxdur.

Bütün bunların fonunda Vaşinqton, nazirin sözünə görə, müxtəlif beynəlxalq meydanlardan Çinin inkişaf xəttini mənfi obrazda təqdim etməyə çalışır, onun bir sıra ölkələrlə əməkdaşlığına zərər vurmaq istəyir. Bütövlükdə Çin XİN rəhbəri hesab edir ki, hazırda ABŞ-Çin münasibətləri son 40 ilin ən mürəkkəb mərhələsini yaşayır.

Çinin Dövlət Şurasının üzvü Yan Çzeçi ABŞ dövlət katibi Mayk Pompeo ilə telefon danışığında Amerikanın hərəkətlərinə etirazını bildirib. O, Vaşinqtonu Honkonq və Uyğur məsələlərində qərəzlilikdə ittiham edib. ABŞ Konqresində hər iki məsələ ilə bağlı xüsusi qanun layihəsi hazırlanıb. Bu, həm Çinin daxili işlərinə qarışmaqdır, həm də beynəlxalq hüquq normalarını kobud surətdə pozmaqdır.

Rəqabətin dinamikası: dağıdıcı tendensiyaların fonunda

Vurğulanan faktlar göstərir ki, ABŞ-Rusiya-Çin "geosiyasi üçbucağı"nda vəziyyət getdikcə daha gərgin xarakter alır. Burada təhlükəsizlik, silahlanma, insan haqları kimi aktual sferalarda münasibətlərdə uçurum dərinləşir. Maraqlıdır ki, ABŞ başda olmaqla Qərb açıq bəyan edir ki, Çinin inkişafı ona təhlükə törədir. Və bundan sonra, deyək ki, insan haqlarından danışılır. Əlbəttə, uyğurların hüquqları təmin olunmalıdır. Ancaq bu məsələdən Çini qarışdırmaq üçün istifadə etmək daha təhlükəli vəziyyət yaradır. Belə olan halda böyük bir geosiyasi məkanda çoxlu sayda xalqların haqqı tapdanır, dövlətlərin suverenliyi zərər görür. Ekspertlər hesab edirlər ki, Amerikanın bu addımları dünya üçün təhlükəlidir.

Əslində, burada bir məntiq vardır. Amerika son dövrlərdə xeyli radikalıq nümayiş etdirir. Demək olar ki, dünyanın bütün böyük gücləri ilə ziddiyyət içindədir. Məsələn, Almaniya da o sıraya qatılır. İndi Amerika onunla qaz savaşı aparır. Tələb edir ki, Berlin Rusiya qazından imtina etsin, əvəzində, ABŞ-dan sıxılmış qaz alsın. Bu kimi təzyiqlərə dövlətlər cavab verirlər və beynəlxalq böhran yaranır.

Bəs ABŞ hansı səbəbdən daha radikal olur? Vaşinqton görür ki, dünyaya ağalıq edə bilmir. Mövcud vəziyyəti öz xeyrinə dəyişmək üçün isə bir sıra hallarda çılğın hərəkətlər edir. İndi Rusiya və Çin istiqamətlərində situasiyanın daha həssas hala gəlməsi daha ciddi təhlükələri ortaya qoyur. Çünki bu böyük dövlətlər çox güclü hərbi potensiala malikdirlər və onların qarşıdurması dünyanı məhvə apara bilər.

Belə bir vəziyyətdə proseslərin nəticəsi nə ola bilər? Ümumi prizmadan baxdıqda, bir sıra regionlarda vəziyyətin kritik həddə gəldiyini görürük. Yaxın Şərq, Qafqaz, Mərkəzi Asiya kimi məkanlarda risklər daha da artır. Həmin məkanlar həm də ABŞ-la Rusiyanın ciddi rəqabət apardığı yerlərdir. Belə çıxır ki, onlar arasında münasibətlərin daha da kəskinləşməsi faktiki olaraq böyük bir geosiyasi məkanda ümumi durumu təhlükəyə ata bilər. Geosiyasi aspektdə riskli proseslər vüsət ala bilər.

Hər şeydən öncə, beynəlxalq enerji layihələrinin reallaşması təhlükə altına düşür. Sözsüz ki, bunda məlum dairələr maraqlıdır. Məsələn, Azərbaycanın təşəbbüskarı olduğu beynəlxalq enerji və nəqliyyat layihələrinin pozulmasına çalışanlar çoxdan məlumdur. Onlar Rusiya-ABŞ ziddiyyətindən istifadə edib, həmin istiqamətdə daha təhlükəli situasiya yarada bilərlər.

Digər riskli məqam beynəlxalq terrordan istifadə etmək cəhdləri ilə əlaqəlidir. Rusiya xüsusi xidmət orqanlarının informasiyasına görə, Mərkəzi Asiya dövlətlərinə terror təşkilatları can atır ki, onların da son məqsədləri Çin və Rusiyaya yayılmaqdır.

Cənubi Qafqaz heç də bundan yaxşı vəziyyətdə deyil. Burada erməni terroru bütün region üçün təhlükə olaraq qalır. Qəribədir ki, Ermənistan hakimiyyəti terrordan imtina etmək istiqamətində bir addım belə atmır və buna böyük dövlətlər sükutla reaksiya verirlər. Əksinə, qondarma "erməni soyqırımı" mifini tanımaqla bir sıra ölkələr vassal koloniyanın qonşulara ərazi iddiasını körükləmiş olurlar. Bu da təbii ki, cavabsız qalmaz. Deməli, savaş riski artmış olur.

Bütün bunların fonunda Ukraynada qeyri-müəyyənliyin davam etməsi ABŞ-Rusiya münasibətlərini daha da həssaslaşdırır. Ümumiyyətlə, Qərb Kiyevlə Moskvanın dialoqunu məhdudlaşdırmaqda maraqlıdır. Təsadüfi deyil ki, Zelenski ilə Putinin təkbətək görüşünü qısa müddətdə məhz Makron pozub. Bir tərəfdən dialoqdan danışırlar, digər tərəfdən isə dialoqu pozurlar.

Belə görünür ki, ABŞ-Rusiya-Çin münasibətləri şəbəkəsində vəziyyətin daha da həssaslaşması avtomatik olaraq dünya siyasətində problemləri və riskləri artırır. Bu cür gedişat isə qlobal geosiyasi proseslərin böhran mərhələsinə yaxınlaşdığını göstərir. Nəticənin necə olacağını indidən demək çətindir. Ancaq ortaya xaosun çıxması ehtimalı az deyil. Və təəssüf ki, bu proses Şərqə doğru getdikcə daha intensiv formada irəliləyir. Buna cavab olaraq Şərq dövlətlərinin ortaq iradə nümayiş etdirməsinə ehtiyac artır. Deyəsən, hələ bu barədə ciddi düşünən yoxdur...

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.