Dünya

Dünyada kişilər qadınlardan daha çox intihar edirlər - Araşdırma

11 Sentyabr 2019 18:39
0 Şərh     Baxış: 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10 sentyabr Dünya İntiharların Qarşısını Alma günüdür. Statistikaya görə, hər 40 saniyədə bir insan öz həyatına son verir. Ümumdünya Səhiyyə Təşkilatına görə, hər il 1 milyona yaxın insan intihar edərək, həyatını itirir, eyni zamanda intihar 15-29 yaş arası gənclərdə yol qəzalarından sonra ən çox görülən ikinci ölüm səbəbidir.

Keçən il ABŞ-da yayımlanan bir araşdırmaya görə, intihar edən tək bir nəfər 135 nəfər üzərində sarsıdıcı bir təsir yaradır. Ancaq bu statistikalara baxmayaraq, intihar lazım olduğu qədər ələ alınan və diqqət çəkilən bir mövzu deyil.

Kentucky Universitetindən həkim Culia Cerel deyir ki,  intihar edən insana özünü yaxın hiss edənlər üzərində bu hadisənin yaratdığı psixiatrik təsir daha ağırdır.

BBC Türkcə, Dünya İntiharının Qarşısını Alma Günündə intiharla bağlı düşüncələri olan biri ilə necə danışmaq lazım gəldiyini araşdırıb. Milli.Az "Yeni Müsavat"a istinadən bu araşdırmaların nəticəsini təqdim edir.

Hansısa formada danışmağa başlayın

Əqli sağlamlıq məsələləri üzərində çalışan sosial yardım qurumu olan "Rethink"in sözçüsü Emma Kerrinqton intiharla bağlı danışıqların doğru və ya yanlış bir yolu olmadığını, vacib məsələnin bu mövzu ilə bağlı danışmaq olduğunu vurğulayır.

Kerrinqton deyib ki, ilk növbədə bunun çətin bir danışıq olduğunun fərqinə varmalıyıq: "Bunlar hər gün etdiyimiz söhbətlər deyil. Bu səbəbdən də təbii ki, gərgin olacaqsınız və bunda da bir problem yoxdur. Vəziyyəti daha pis həddə çatdıra bilməzsiniz. Çünki onsuz da bu, pis bir durumdur. Vacib olan odur ki, ittiham etmədən dinləyəsiniz".

İngiltərədə intihara qarşı mübarizə aparan "Samaritans" təşkilatı intihar etməyə meylli biri ilə danışarkən aşağıdakılara diqqət edilməsinin vacibliyini deyir:

- Danışacağınız şəxsin rahat edəcəyi səssiz bir yer seçin.

- İkinizin də danışmaq üçün lazımi qədər vaxtı olduğundan əmin olun.

- Yanlış bir şey desəniz, panikaya düşməyin, özünüzə çox yüklənməyin.

- Qarşınızdakı şəxsə fokuslanın, göz əlaqəsi qurun, telefonunuzu kənara qoyun və bütün diqqətinizi verin.

- Səbirli olun. Bir insanın öz dərdini sizə deməsi vaxt ala bilər.

- Hə və ya yox cavablarına ehtiyac duyan suallardan daha çox uzun cavab tələb edən suallar verin. Qarşı tərəfin sizi anladığını yoxlayın.

- Danışan adamın sözünü kəsməyin və ya bir çıxış yolu təklif etməyin. Digər insanın necə hiss etməsi ilə bağlı öz fikirlərinizi irəli sürməyin.

- Professional bir dəstək aldıqlarından əmin olun.

Ümumdünya Səhiyyə Təşkilarının 2016-cı il rəqəmlərinə görə, kişilər arasında intihar faizi daha yüksəkdir.

Hər 100 min kişidən 13.5 faizi, hər 100 min qadınlar 7.7-si dünya miqyasında intihar edir.

Türkiyədə bənzər statistikaya görə, kişilərdə intihar faizi hər 100 min kişidə 11,3 ikən qadınlarda 3,2-dir.

Meqapolislərdə intihar faizi yüksək olduğu halda, cəmiyyətin əsasən ayrı-seçkiliyə məruz qalan kəsimləri - qaçqın, LGBT və məhkumlar daha meylli ola bilir.

Ümumdünya Səhiyyə Təşkilatına görə, çatışma sahələrində yaşayan, fəlakətlərə, şiddətə, təcavüzə, itkiyə məruz qalan insanlar da riskli qruplar arasında sayılır.

Karrington bildirib ki, bir insanın çevrəsində insanlar olsa da, özünü yalnız hiss edə bilər. Bu insanlar dəstək görə bilmədikləri zaman özlərini saxlaya bilmirlər.

Cəmiyyət nə edə bilir?

Ümumdünya Səhiyyə Təşkilatına görə, intiharların qarşısının alınması üçün hökumətin üzərinə düşən vəzifələr də var:

- Tabuları aradan qaldırıb, mövzu ilə bağlı danışmaq.

- Gənclərin həyatın gətirdiyi stress qaynaqları ilə mübarizə apara bilməsi üçün xüsusən məktəblərdə tədris vermək.

- Səhiyyə işçilərinin intihara meylli hərəkətləri müəyyən etməsi və hərəkətə keçməsi üçün təhsil vermək.

- Riskli olan insanları müəyyənləşdirərək, uzun bir müddət boyunca onlarla ünsiyyətdə olmaq.

- Ölümcül vasitələrə çatımlılığı məhdudlaşdırmaq. 

İntihar etmək istəyənə kim yardım etməlidir?

Avstraliyanın keçmiş baş naziri Culia Gillardın rəhbərlik etdiyi "Beyond Blue" təşkilatının 3 min avstraliyalı ilə həyata keçirdiyi araşdırmaya görə, insanların yüzdə 30-u biri ilə intihar haqqında danışarsa, bu mövzu ilə bağlı yanlış fikirlər meydana gələ bilər.

Eyni zamanda  sorğuda iştirak edənlərin yarıdan çoxu intiharla bağlı düşüncələri olanlara, sadəcə, peşəkarların yardım edə biləcəyinə inanır.

Keçmiş siyasətçi Gillard isə "Təhlükədə olan birinə dəstək verməsi üçün səhiyyə mütəxəssisi olmanız lazım deyil. Sadəcə, bu danışığı aparmağa hazır olmanız lazımdır", - deyir.

Kerrington da peşəkar yardımın dərman və müalicəyə çatımlılığın təmin edilməsi üçün lazım olduğunu deyib, eyni zamanda intihar haqqında açıq şəkildə danışmağın bu mövzuda qərəzli olmadığınızı göstərəcəyini ifadə edir.

Kerrinqton eyni zamanda vurğulayır ki, haqqında qayğılandığınız şəxsə "bu gün özünü necə hiss etməsi ilə bağlı" sual vermək çox faydalıdır. Onun fikrincə, "bu gün" sözündəki vurğu sayəsində böyük bir sualla qarşılaşmış olmayacaqlar.

Kerrinqtonun fikrincə, intiharı düşünən bir şəxs bu mövzu barədə özünü ifadə etmək üçün bununla bağlı bir neçə dəfə danışmalıdır.

Fransa isə  "Ümumdünya intihara qarşı mübarizə günü"nün qeyd edilməsinə qarşıdır. Ölkənin elm adamları hesab edirlər ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təsis etdiyi bu aksiya mahiyyətcə intihar hallarının qarşısının alınmasına yönəlsə də, əks-effekt verir,  "intihar yolunun mövcudluğunu" insanlara xatırlatmaqla ona  meyl yaradır. İntiharı dolayısı ilə təşviq edən vasitələr çox olduqca, özünəqəsd  hallarının sayı da artır.

Təhlillər göstərir ki, özünəqəsd insan həyatını bitirən vasitələr sırasında  avtomobil qəzaları ilə yanaşı gəlir.  İnsanlığın ən böyük problemlərindən birinə çevrilən bu bəla xüsusilə gənclər arasında qlobal miqyasda ölümün əsas səbəblərindəndir. Monitorinq təşkilatları intihar edənlərin orta yaş həddi kimi 43-ü göstərirlər. 

Ümumdünya Səhiyyə Təşkilatının hesabatında qeyd edilir ki, yaşadığımız günlərdə hər 40 saniyədə bir insan özünə qəsd edir.

Hər il Yer kürəsində 1 milyon adam intihar edir, Ümumdünya Səhiyyə Təşkilatı məlumat verir. Azərbaycanda intiharların rəsmi statistikası yoxdur, ancaq DİN-in bəyanatlarına görə, Azərbaycanda hər il 450-500-ə yaxın intihar baş verir.

İntiharlar müharibələrdən və qətllərdən daha çox insan tələfatına səbəb olur. Bunu Dünya Səhiyyə Təşkilatının ekspertləri bildirib.

Dünya statistikasında bildirilir ki, ən yüksək intihar halları narkomanlar, əlillər, ruhi xəstələr, həmçinin xroniki alkoqolizmdən əziyyət çəkənlər arasında müşahidə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.