Dünya

Misir prezidenti 30 ildir boş qalan vitse-prezident postuna kəşfiyyatın rəhbərini təyin edib

29 Yanvar 2011 20:27
Baxış: 240
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, toplantıdan sonra Mübarəkin yeni açıqlama ilə çıxış edəcəyi gözlənilir. Onun istefa vermiş hökumətin yerinə yeni hökumət formalaşdıracağı, yoxsa xalqın tələbini qəbul edərək istefaya gedəcəyi maraq doğurur.

Davam etməkdə olan toplantıda qəbul olunan qərarlardan yalnız biri məlumdur ki, bu da sensasiya sayıla bilər. Hüsnü Mübarək Misir kəşfiyyatının rəhbəri Ömər Süleymanı ölkənin vitse-prezidenti təyin edib.

Qeyd edək ki, Misirdə vitse-prezident vəzifəsi Hüsnü Mübarək hakimiyyətə gələndən - düz 30 ildir ki, boş qalıb. 1981-ci ildə Misir prezidenti Ənvər Sadatın öldürülməsindən sonra onun yerinə keçən vitse-prezident Hüsnü Mübarək o vaxtdan bəri özünün boşalmış kreslosunda heç kimin oturmasına imkan verməyib.

Qahirədə baş verən iğtişaşlar zamanı qarətçilər Misir Muzeyindəki iki mumiyanı məhv ediblər.

Bu barədə Misirin baş arxeoloqu Zahi Xəvas açıqlama verib.

Onun sözlərinə görə, bu hadisə ordu və ağıllı nümayişçilər muzeyi nəzarət altına almamışdan öncə baş verib. Qarətçilər muzeyin kassasını da soyublar.

Qeyd edək ki, Misir Muzeyi mərkəzi Təhrir meydanı yaxınlığında, hakim partiyanın yandırılmış qərargahı ilə yanaşı yerləşir. Burada 27 fironun və ailə üzvlərinin mumiyaları yerləşir.

İğtişaşlarla əlaqədar ordu təhlükəsizlik məqsədilə turistlərin Misir piramidalarına girişinə də qadağa qoyub.

Bu arada Qahirədə min nəfərə yaxın nümayişçi Daxili İşlər Nazirliyinin binasına hücum etməyə cəhd edib.

Binanı mühafizə edən polis kütləyə atəş açıb.

Bundan sonra nümayişçiləri qorumaq istəyən əsgərlər və polis arasında atışma başlayıb. Hazırda atışma davam edir, ordu DİN-in binasını ələ keçirməyə çalışır.

Hakim Hüsnü Mübarək rejiminin simvolu sayılan DİN binası xalq tərəfindən "işgəncə evi" adlandırılır. Nümayişçilər hökumətinin istefasının yetərli olmadığını, prezident Mübarəkin istefa verməli olduğunu bildirirlər.

Misir müxalifətinin lideri, Beynəlxalq Atom Enerjisi Təşkilatının sabiq rəhbəri Məhəmməd əl-Baradei də Hüsnü Mübarəki istefa verməyə və hakimiyyətin təhvil verilməsi üzrə planı razılaşdırmağa çağırıb. O, "əl-Cəzirə" telekanalına telefonla müsahibəsində bildirib ki, yalnız prezidentin istefası ölkədəki iğtişaşlara son qoya bilər: "Mübarəkin sistemi Misir xalqının siyasi, iqtisadi və sosial tələblərinə cavab verə bilmədi. Biz azadlıq, demokratiya və sosial ədalətə əsaslanan yeni Misir qurmaq istəyirik".

Misirin dini liderlərindən Yusif əl-Karadavi Mübarək rejiminin iflasa uğradığını bildirərək, xalqı dövlət qurumlarına zərər verməməyə çağırıb. Hakim Milli-Demokrat Partiyasının liderlərindən olan Əhməd Əziz isə partiya sıralarından istefa verdiyini bəyan edib. Maraqlıdır ki, onun istefa qərarı dövlət televiziyasından elan olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.