Dünya

Rusiyaya qarşı "Şimal ittifaqı" yaranır?

5 May 2015 13:09
0 Şərh     Baxış: 2 188
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünyanın nüfuz dairələrinə yenidən bölünməsi prosesinin, adətən, daha sakit və səssiz irəlilədiyi regionlardan biri olan Arktikanın qaynar geosiyasi məkanlardan birinə çevrilmə ehtimalı artmaqdadır. Son zamanlar Şimal dövlətləri Rusiyanın Baltik dənizi və Arktikadakı fəallığı ilə bağlı daha çox narahatlıq ifadə etməkdədirlər.

Arktikada əsən "Soyuq müharibə" yelləri

İsveç, Norveç, Finlandiya, Danimarka və İslandiya müdafiə nazirlərinin aprelin əvvəlində yaydıqları birgə yazılı bəyanatda Rusiya Avropanın təhlükəsizliyinə başlıca hədə kimi göstərilir. Buna görə də adıçəkilən ölkələr müdafiə sahəsində əlaqələri sıxlaşdırmağı, eləcə də Baltikyanı ölkələrlə daha möhkəm həmrəylik nümayiş etdirməyi qərara alıblar. Müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsində məqsəd "Rusiyanın səbəb ola biləcəyi mümkün böhran və insidentlərə" hazırlaşmaqdır. Bəyanatda Rusiyanın siyasi məqsədlərinə çatmaq üçün hərbi gücdən hətta beynəlxalq hüququ pozmaqla yararlandığı qeyd olunur. İstisna deyil ki, bununla Rusiyanın Ukrayna hadisələrinə müdaxiləsi və Krımın Rusiyaya birləşdirilməsi nəzərdə tutulur. Həmçinin bildirilir ki, adıçəkilən beş dövlətin şimal sərhədlərində və Baltik dənizində Rusiyanın hərbi və kəşfiyyat fəaliyyəti artıb, Baltik dənizində bir neçə dəfə sərhəd pozuntusu halları qeydə alınıb (bax: Nordic nations agree on defense cooperation against Russia / "Reuters", 9 aprel 2015).

Sözügedən bəyanat Ukraynadakı böhranla əlaqədar Rusiya-Qərb münasibətlərinin pisləşməsinin və "Soyuq müharibə" dövrünü xatırladan proseslərə yol açmasının daha bir göstəricisidir. Bəyanatı yayan ölkələrdən Norveç, Danimarka və İslandiya NATO-ya üzv ölkələridir, digərlərinin də transatlantik alyansla geniş əlaqələri mövcuddur.

Finlandiya və İsveç "Soyuq müharibə" illərində və hazırkı ABŞ-Rusiya rəqabətində daha çox neytral mövqedə dayandıqlarını göstərmək üçün NATO üzvlüyünə can atmırlar. Lakin son zamanlar, xüsusən də 2015-ci il 19 aprel parlament seçkiləri ilə əlaqədar Finlandiyanın NATO üzvlüyü məsələsi ətrafında müzakirələr yenidən fəallaşıb. Məsələyə münasibət bildirənlərin bir qismi parlamentdə nisbi çoxluq qazanan "Mərkəz" partiyasının formalaşdıracağı yeni hökumətin NATO siyasətinə dəyişiklik gətirməyə çalışır. Bəziləri isə bunun riskli addım olduğunu əsaslandıraraq bitərəf yanaşma siyasətini davam etdirməyə çağırır. "Mərkəz" partiyasının lideri Juha Sipila ölkəsinin NATO-ya üzvlüyünə qarşı olduğunu bildirsə də, məsələ ilə bağlı müzakirələrə ehtiyac olduğunu qeyd edib. Əhali arasında aparılan rəy sorğuları da göstərir ki, sakinlərin 40 faizi NATO üzvlüyünün əleyhinə, 28 faizi lehinə olsa da, bütövlükdə əksəriyyət bu məsələdə hökumətin sərgiləyəcəyi istənilən mövqeni dəstəkləməyə hazırdır (bax: Once a taboo, Nato membership now a hot topic in Finland / "Financial Times", 17 aprel 2015). Güman etmək olar ki, yeni hökumət də Finlandiyanın alyansa üzvlüyünə çalışmayacaq, lakin bu barədə müzakirələrə geniş şərait yaratmaqla Rusiyanın Ukrayna siyasəti ilə razılaşmadığını göstərən siyasi mesajlar vermiş olacaq.

Xatırladaq ki, 2014-cü ilin sonlarına doğru və bu ilin əvvəllərində Rusiya dəfələrlə Şimal sularında təxribat törətməkdə ittiham edilib. İsveç öz ərazi sularına Rusiyanın sualtı gəmilərinin daxil olduğunu iddia edib, Rusiyanın Finlandiya ilə sərhəd sularında hərbi fəallığını artırması xəbərləri yayılıb. Bu ilin aprelində isə Rusiya-Norveç münasibətlərində insident baş verib. Rusiya baş nazirinin müavini Dmitri Roqozinin "Şimal qütbü-2015" üzən stansiyasının açılışı münasibətilə Norveç arxipelaqı olan Şpitsbergenə səfəri Norveç rəhbərliyinin narazılığı ilə qarşılanıb, Rusiyanın bu ölkədəki səfiri məsələ ilə bağlı izahat verməsi üçün Xarici İşlər Nazirliyinə çağırılıb. Norveç hökuməti narazılığını Roqozinin adının sanksiyaların tətbiq olunduğu şəxslər siyahısında olması ilə əlaqələndirir. Rusiya tərəfi isə bu iddianın 1920-ci ildə imzalanan Şpitsbergen müqaviləsinə uyğun olmadığını əsas gətirir. Qeyd edək ki, başlanğıcda 9 dövlətin imzaladığı, sonradan iştirakçılarının sayı 40-ı ötən müqaviləyə əsasən, sənədi imzalayan ölkələrin vətəndaşları arxipelaqa maneəsiz səfər edə, orada məskən sala bilərlər. Hazırda bu hüquqdan, əsasən, Norveç və Rusiya istifadə edir.

Ekspertlər Norveçin D.Roqozinin səfərinə sərt reaksiyasının bir neçə məqsədə xidmət etdiyini hesab edirlər. Bunlardan biri odur ki, Norveç tərəfi Rusiyanın Şpitsbergenə münasibətinin nə qədər ciddi olduğunu sınamağa çalışır. Ölkə rəhbərliyinin digər bir məqsədi milli suverenliyin keşiyində dayandığını Norveç əhalisinə göstərmək, eləcə də Avropa İttifaqı və NATO-dakı tərəfdaşlarına sanksiyalara sadiqliyini nümayiş etdirməkdir (bax: Рогозин и Шпицберген - разжигая Арктику / "Russian Council", 27 aprel 2015).

Ümumilikdə isə Rusiyanın Arktikadakı fəaliyyəti Qərb tərəfindən diqqətlə izlənməkdədir. Bu baxımdan, Qərb mediası Rusiyanın 2014-cü il dekabrın 1-də Şimal Birgə Strateji Komandanlığını yaratmasına diqqəti cəlb edir. Yeni strategiya çərçivəsində Rusiyanın quru, dəniz və hava qoşunları Arktikadakı sovet dövrünə məxsus hərbi bazalarda yerləşdirilir.

Hesab olunur ki, Arktikada rəqabətin güclənməsi və Rusiya iqtisadiyyatının enerji ixracından asılı olması səbəbindən rəsmi Moskva sovet dövrü bazalarını istismar etməklə və yenilərini yaratmaqla regiondakı hərbi mövqeyini gücləndirməyə və mümkün qədər çox əraziyə nəzarət etməyə çalışır (bax: Russia's Polar Pivot / "Defence News", 11 mart 2015).

Bu, Rusiyanın 2014-cü il dekabrın 26-da imzalanan yeni hərbi doktrinası ilə də səsləşir. Yeni doktrinada göstərilir ki, NATO-nun genişlənməsi Rusiya üçün başlıca xarici təhlükə mənbəyidir. Bu səbəbdən də Rusiya üç geosiyasi cəbhəyə - Arktikaya, Krıma və Baltik dənizi sahilindəki Kalininqrada daha çox diqqət ayırmalıdır.

Qeyd edək ki, NATO da bölgə ilə bağlı fəaliyyətsiz deyil. 2006-cı ildən başlayaraq, Norveç özünün şimal sahil zonasında NATO ölkələri ilə birgə "Soyuq cavab" hərbi təlimlərini keçirir.

Arktika cəlbedici iqtisadi zona kimi

Arktika uğrunda gedən mübarizə yalnız təhlükəsizlik məsələləri ilə bağlı deyil. Bölgənin zəngin karbohidrogen ehtiyatları, eləcə də Avropa ilə Asiya arasında daha qısa dəniz ticarət yolu kimi istifadə imkanları həm Şimal ölkələrinin, həm də başqa regionlardakı dövlətlərin marağına səbəb olur. Şimal ölkələrinin üzv olduğu Arktika Şurasında Çin, Hindistan, Sinqapur, İtaliya da daxil olmaqla bir sıra dövlətlər müşahidəçi qismində yer alırlar. Şura Arktikada iqtisadi fəaliyyətin ekoloji mühitə təsiri, biomüxtəlifliyin qorunması kimi məsələlərin həllinə diqqət yetirir.

Soyuq və əlverişsiz iqlimi olan Şimal qütbünə maraq heç də təsadüfi deyil. Hesablamalara görə, dünyadakı mövcud neft ehtiyatlarının 15 faizi, təbii qaz ehtiyatlarının 30 faizi, təbii maye qazın isə 20 faizi Arktika suları altında yerləşir.

Şimal qütbü, əsasən, buzlaqlarla örtülü olmasına baxmayaraq, Avropa ilə Asiya arasında aparıcı dəniz yolu olmaq baxımından Süveyş kanalı ilə rəqabət apara bilər. Əgər Süveyş kanalı ilə qitələrarası səyahət 48 gün davam edirsə, böyük hissəsi Rusiyanın nəzarətində olan Şimal dəniz marşrutu ilə bu müddət 35 günə enir.

Bütün bunlar onu deməyə əsas verir ki, Rusiyanı və onun Arktikadakı rəqiblərini regional mübarizəyə cəlb edən motivlər içərisində siyasi, təhlükəsizlik məsələləri ilə yanaşı, iqtisadi amil də var. Lakin bölgənin təbii şəraiti onun iqtisadi potensialından rahat və maneəsiz yararlanmağa imkan vermir.

İstənilən halda Qərb-Rusiya geosiyasi rəqabətinin güclənməsi Şimal qütbü və ona yaxın regionlarda da özünü göstərməkdədir. Bu isə bölgədə ərazi mübahisələrinin və nüfuz dairəsi uğrunda mübarizənin daha qabarıq hal almasına təkan verməkdədir.

Newtimes.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.