Amerika Birləşmiş Ştatlarında nəşr olunan "The American Conservative" qəzetində Rod Dreherin "Uşaq lazım deyil, axı biz avropalıyıq" (http://www.theamericanconservative.com/dreher/no-babies-europeans-sex-fertility) başlıqlı məqaləsi dərc olunub. "Kaspi" qəzeti həmin yazının tərcümə olunmuş variantını təqdim edir.ABŞ-lı müəllif uşaq istəməmək səbəbindən qitədə "ölən ölkələr"in yarandığını yazır
Uzun müddətdir ki, Avropa ölkələri fəal şəkildə hərtərəfli seksual təhsil ilə məşğuldur. Əgər əvvəllər bu, hamiləliyin qarşısını almaq üçün idisə, hazırda vəziyyət tamam fərqlidir: Avropa ölkələri uşaq doğumunun artımı üçün əllərindən gələni edirlər.
"New York Times" yazır ki, Avropada uşaq doğumunun artması üçün böyük səy göstərilir: "Danimarka başda olmaqla bir çox Avropa dövlətləri aşağı doğumla bağlı narahatlıq keçirməyə başlayıb. İqtisadi böhran şəraitində belə narahatlıq daha da artıb. Çünki işsiz gənclər valideyn olmaq istəmirlər. İtaliyanın səhiyyə naziri bu ilin fevral ayındakı çıxışında öz ölkəsini "ölən ölkə" adlandırıb. Almaniya ailə subsidiyalarına külli miqdarda vəsait xərcləsə də, ortada heç bir nəticə yoxdur. İqtisadi böhran Yunanıstanda da uşaq doğumunun aşağı düşməsinə gətirib çıxarıb. Həmçinin Danimarkada doğum səviyyəsi 1970-ci ildən bəri ən aşağı səviyyəyə düşüb".
"New York Times" qəzetinə danışan "Sex and Society" təşkilatının sədri Marianna Lomholt bildirib ki, uzun illər yalnız təhlükəsiz seks və erkən hamiləliyin qarşısının alınması ilə bağlı müzakirələr aparılıb: "Lakin sonradan fikirləşdik ki, bəlkə artıq "necə hamilə olmaq olar?" mövzusunda da danışmalıyıq?"
Avropada demoqrafik dəyişikliklər dünyanın istənilən böyük regionu ilə müqayisədə daha çox hiss olunur. BMT-nin yaydığı məlumata görə, Avropa ölkələrində hər 100 nəfərdən 28-nin yaşı 65 və daha yuxarıdır. 20-64 yaşı olan sakinlərin sayı isə dünyanın başqa bölgələrinə nisbətən Avropada iki dəfə daha çoxdur. BMT-nin hesablamalarına görə, yüz il sonra bu göstəricilər iki dəfə də artacaq.
Nə etməli, uğurlar sənə, Avropa. İnsanlara uşaq doğumunun vacib olduğu haqqında dərslər keçilirsə, artıq bu faktın özü sinifdə həll edilə bilən problemlərlə müqayisədə daha dərin problemlərin olduğunu göstərir. İtaliyanın səhiyyə naziri Beatriçi Lorençi bildirib ki, ölkədə yeni doğulan uşaqlar ölən insanların yerini doldura bilmirsə, bu, hər şeyin son həddə olduğu deməkdir: "Biz "ölən ölkə"yə çevrilirik. Belə vəziyyət İtaliyada bütün sahələrə təsir göstərəcək. İqtisadiyyat, cəmiyyət, səhiyyə və pensiya sistemində gələcəkdə bunun mənfi fəsadları görünəcək. Bu tendensiyanı aradan qaldırmaq üçün biz mədəni vərdişlərimizi dəyişdirməliyik".
İnkişaf etmiş ölkələr artıq indidən əhalinin qocalması ilə bağlı mənfi fəsadları hiss etməyə başlayıb. Belə ki, Avropa dövlətlərinin səhiyyə və pensiya sistemi ilə bağlı xərcləri artıb. Lakin son altı ildə üçüncü dəfə iqtisadi problemlərlə üzləşən İtaliyada vəziyyət daha çətindir.
Mən bir neçə il bundan qabaq "Sivilizasiya sağlam ailə dəyərlərindən asılıdır" başlıqlı məqalə yazmışdım. Həmin məqalədə bildirirdim ki, sivilizasiya ənənəvi ailənin sağlamlığından asılıdır. Harvard Universitetinin sosioloqu, mərhum Harl Zimmermana görə də bu məhz belə idi, çünki o, bunun səbəblərini bilirdi. 1947-ci ildə yazdığı kitabda Zimmerman Qərb sivilizasiyasının ailə sistemində olan böhranın Qədim Roma və Yunanıstandakı kimi olduğunu başa salmağa çalışırdı. Yəni qədim mədəniyyətlərin dağılmasının birinci səbəbi ailə sistemində başlayan böhran idi. Zimmerman yazırdı ki, bizim eranın beşinci əsrində Roma imperiyası dağılandan sonra onların zəif ailə cəmiyyətinin yerinə ailə mədəniyyətləri daha güclü olan barbarlar gəldilər və cəmiyyətin əsas ünsürlərinə çevrildilər: "Avropa cəmiyyəti yalnız 10-cu əsrdən sonra, yəni ailə dəyərlərinin artdığı müddətdə inkişaf etməyə başladı. Maarifçilik və islahatların başladığı 18-ci əsrdən etibarən isə Avropa insanları daha çox fərdiyyətçiliyə önəm verməyə başladılar. Bütün problemlər də bununla başladı. Cəmiyyətdə ailə sisteminin zəifləməsi nəticəsində insanlar nəsillərini artırmaq üçün yeni uşaqlara sahib olmaq istəmədilər. Belə cəmiyyətlərdə fərdlər diqqətlərini yalnız bu günün həzzləri üzərində cəmləşdirir. Bir müddətdən sonra isə insan azlığına görə məhv olurlar. Bu, Qədim Yunanıstanda da, Romada da belə idi. Hazırda bu proses Qərb dövlətlərində də getməyə başlayıb".
Gələcəkdə yalnız uşaq doğumu yüksək olan cəmiyyətlər sağ qalacaq. Zimmerman da vurğulayır ki, tarix boyu heç bir dövlət qanunlar vasitəsi ilə uşaq doğumunun səviyyəsini yüksəldə bilməyib. Elə Avropa da, uşaq doğumunu artırmaq üçün maddi həvəsləndirmələrin tətbiq olunmasına baxmayaraq, demoqrafik uçuruma yuvarlanır. Əgər insanlar uşaq dünyaya gətirmək və ailə qurmaq barədə düşünməməyə başlayırsa, bu, ailənin dağılmasına doğru aparan yol deməkdir.
Kaspi.az