Hər zaman ikili standartlar və xristian həmrəyliyi prinsiplərindən çıxış edən Qərb bu dəfə də ənənəsinə sadiq qalıb. Avropa Parlamenti növbəti dəfə qərəzli və heç bir tarixi əsası olmayan qərar qəbul edib. Qurum aprelin 15-də qəbul etdiyi qətnamədə 1915-ci ildə Osmanlı imperiyasında yaşananları "soyqırımı" adlandırıb. Türkiyəni qəzəbləndirən bu qətnaməni Avropa Parlamentindəki bütün əsas siyasi qruplar dəstəkləyiblər. Bununla da "Avropa həmrəyliyi və ədaləti ruhuna uyğun olaraq erməni soyqırımının 100 illiyi ilə bağlı anıma qoşulduqlarını" bəyan ediblər. Qətnamədə o da deyilir ki, Ankara arxivləri açmalı, öz tarixində olanları etiraf etməli, "erməni soyqırımı"nı tanımalı, erməni və türk xalqları arasında "gerçək barışığa" yol açmalıdır."Türkiyənin üzərində "soyqırımı" ləkəsi və kölgəsi yoxdur"
Türkiyə XİN-dən sərt bəyanat
Rəsmi Ankara dərhal qərara dair sərt mövqeyini açıqlayıb. Türkiyənin Xarici İşlər Nazirliyi bəyan edib ki, qətnamə "tarixi yenidən yazmaq cəhdidir". Nazirliyin bəyanatında deyilir ki, qətnaməni dəstəkləmiş millət vəkillərinin Avropa dəyərləri ilə bağlılığı yoxdur, onlar nifrəti, qisası körükləyir, konflikt yaratmağa çalışırlar.
"Türkiyənin üzərində "soyqırımı" ləkəsi və kölgəsi yoxdur". Bunu isə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Avropa Parlamentinin 1915-ci il hadisələrini "soyqırımı" adlandırmasına cavab olaraq bildirib: "Ermənistan başda olmaqla parlamentlərinin qapısını onlara açan millətlərə səslənirəm: mənim ölkəmdə vətəndaş olan və olmayan 100 minə yaxın erməni var. Əcəba, onların ölkəsində nə qədər erməni var? Bizim erməni vətəndaşlarımıza qarşı bu günə qədər hər hansı ayrı-seçkiliyimiz oldumu? Biz ölkəmizə öz ölkəsindən qaçıb gələn erməniləri də deportasiya etmədik, halbuki edə bilərdik. Onları hələ də ölkəmizdə qonaq edirik. Belə bir davranış nümayiş etdirən ölkəyə bu cür qarşılıq verilməsini anlamaq mümkün deyil".
R.T.Ərdoğan Avropa Parlamentinin qərarı ilə bağlı sərt danışıb: "Necə qərar verirlərsə versinlər, bir qulağımızdan girib, o birindən çıxacaq. Türkiyənin belə bir ittihamı qəbul etməsi əsla mümkün deyil".
Xatırladaq ki, bundan əvvəl Roma Papası I Fransisk də 1915-ci il hadisələri ilə bağlı anım mərasimi düzənləmiş, "soyqırımı" kəlməsi işlətmişdi. Türkiyə buna etiraz olaraq Vatikandakı səfirini geri çağırmışdı.
Türkiyə 1915-ci il hadisələrini faciə adlandıraraq, həmin hadisələr zamanı guya ki, 1,5 milyon erməninin öldürüldüyünü, "soyqırımı" ifadəsini qəbul etmir, o dövrdə yüz minlərcə türkün qətlə yetirildiyini bildirir.
Türkiyənin Avropa İttifaqı naziri Volkan Bozkır da Avropa Parlamentinin "erməni soyqırımı" layihəsini qəbul etməsi ilə bağlı bəyanat verib. Nazir Avropa Parlamentinin layihəsini böhtan adlandırıb: "Avropa Parlamentinin qətnaməsi tarixi faktlara uyğun gəlmir. Bu cür qərarlar Türkiyə üçün yox hökmündədir . Parlamentlərin vəzifəsi tarix yazmaq deyil. 1915-ci il hadisələrinə "soyqırımı" demək böhtandan o tərəfə keçməz. Türkiyənin xoş niyyətinə qarşı Avropa Parlamenti bu qərarı ilə tarixi siyasətə alət etdi".
Türkiyə baş nazirinin müavini Yalçın Akdoğan isə qərara Twitter sosial şəbəkəsi üzərindən münasibət bildirib: "Avropa Parlamenti bu qərarı ilə sözünün ağırlığını aradan qaldırır. Avropa Parlamentinin bir gücü, təsir imkanı varsa, tarixlə bağlı boş sözləri buraxıb, bu gün yaşanan real hadisələrlə bağlı mövqeyini ortaya qoysun".
Davudoğlu Mahçupyanı vəzifəsindən qovub?
Bu arada yayılan xəbərlərə görə, Türkiyənin baş naziri Əhməd Davudoğlunun erməni əsilli baş müşaviri Etyen Mahçupyan vəzifədən gedib. Türkiyə mətbuatı xəbər verir ki, onun vəzifədən getmə səbəbi kimi təqaüd yaşına çatması göstərilir. E.Mahçupyan hələ martın 9-da vəzifəsini tərk etsə də, bu barədə məlumat indi verilir.
E.Mahçupyan bu yaxınlarda 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıdığını bəyan etmişdi. Türkiyə baş naziri bu erməni əsilli jurnalisti ötən ilin oktyabrında baş müşaviri təyin etmişdi. O zaman bu təyinat Türkiyədə birmənalı qarşılanmamışdı. E. Mahçupyan Türkiyə prezidenti və baş nazirin müşavirləri arasında ilk qeyri-müsəlman şəxs idi.
ABŞ-da yaşayan türklər ermənilərə qarşı
ABŞ-da yaşayan türklər isə ermənilərin 1915-ci il hadisələriylə bağlı kampaniyalarına qarşı addımlar atmaqda davam edirlər. 145 Türk-Amerika qeyri-hökumət təşkilatı tərəfindən formalaşdırılan "İstiqamətləndirmə Komitəsi" indi də Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında 24 saat keşik çəkir. Son illərdə erməni aksiyaçıların Türkiyənin Vaşinqtondakı səfirliyinin önündə cəmləşməsinə imkan verməyən türklər 1915-ci ildə cərəyan edən hadisələrin 100-cü illiyi münasibəti ilə təxribatların qarşısını almaq üçün günlər əvvəldən səfirliyin önündə gözləyirlər.
"İstiqamətləndirmə Komitəsi" türklər ilə ermənilər arasında dostluq əlaqələrinin yaradılması üçün 24 apreldə Vaşinqtonda "Barış və Həmrəylik" şüarıyla yürüş təşkil edəcək.
Azərbaycan XİN-in etirazı
Öz növbəsində rəsmi Bakı da Avropa Parlamentinin qərarına etirazını bildirib. Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya bildirib ki, bu qətnamə əsassız, qərəzli və qeyri-ciddi olaraq, ikili standartların bariz nümunəsidir: "Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən təşviq edilən bu qətnamə və ümumiyyətlə, "erməni soyqırımı" ifadəsinin işlədilməsi tarixin saxtalaşdırılması və onun siyasi məqsədlər üçün təfsir olunması cəhdləridir. İnsan hüquqlarının "müdafiəçisi" roluna iddia edən dairələr Avropa Parlamentində erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər şəhərlərində törədikləri qanlı qırğınlara, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına, Ermənistan ərazisində tarixi torpaqlarında və işğal olunmuş Azərbaycan ərazilərində azərbaycanlılara qarşı törədilmiş qanlı etnik təmizləməyə, Xocalı faciəsinə münasibət bildirməyə özlərində hələ də cəsarət tapa bilməmişlər. Hələ 80-ci illərin sonunda Avropa Parlamentində Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına dair qətnamənin qəbul edilməsi sonradan Ermənistanın Azərbaycana qarşı təcavüzünə, on minlərlə azərbaycanlının ölümünə və bir milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə töhfə verən addımlardan biri olmuşdur. Qurumun 15 aprel 2015-ci il tarixli qətnaməsi də Ermənistanın əsassız iddialarına dəstək verərək, regionda gərginliyin daha da artmasına rəvac verir. Tarixi saxtakarlıq əsasında "erməni soyqırımı" iddiaları ilə çıxış edən Ermənistanın isə Azərbaycan xalqına qarşı törətdiyi insanlıq əleyhinə olan cinayət əməllərinə görə daşıdığı siyasi, hüquqi və mənəvi məsuliyyəti etiraf etməsi, Azərbaycana qarşı işğal və təcavüzə son qoyması və qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkməsi regionda sülh və sabitliyin bərqərar olmasına və Ermənistanın özünün düşdüyü acınacaqlı vəziyyətdən xilas olmasına xidmət etmiş olardı".
Kaspi.az