Dünya

Qırmızı xətt keçildi

25 İyul 2014 19:39
0 Şərh     Baxış: 1 542
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna səmasında mülki təyyarəni kimin vurmasından asılı olmayaraq, ölkədə yaşanan münaqişə yeni mərhələyə qədəm qoyur 

BMT Təhlükəsizlik Şurasının fövqəladə toplantısı birdəqiqəlik sükutla başlayıb. Dünyanın aparıcı fövqəldövlətlərinin təmsilçiləri olan iclas iştirakçıları dəhşətli faciə qurbanlarının xatirəsini yad ediblər: bir gün əvvəl Ukraynanın şərqində Malayziya Hava Yollarına məxsus sərnişin təyyarəsi yerə düşmüşdü. Amsterdam - Kuala-Lumpur reysi ilə uçan "Boinq-777" təyyarəsinin vurulması nəticəsində, laynerin göyərtəsində olan 295 nəfərin hamısı həlak olmuşdu. Onların 80-i uşaq idi.
 

İlk andan bəlli idi ki, Ukraynanın qanlı döyüşlərin getdiyi Donetsk vilayətində yerə düşmüş təyyarənin qəzaya uğramasına səbəb pilotların səhvi və ya texniki nasazlıq deyildi. Beynəlxalq reys həyata keçirən həmin sərnişin təyyarəsinin vurulduğuna artıq heç kəs şübhə etmir.

Gözlənildiyi kimi, Rusiya və Ukraynanın BMT TŞ yanındakı daimi nümayəndələri - Vitali Çurkinlə Yuri Sergeyev toplantıdakı çıxışlarında bir-birlərinin ünvanına ittihamlar səsləndirib, faciəyə görə məsuliyyəti müvafiq olaraq, Kiyevin və Moskvanın üzərinə atmağa çalışıblar. Onların səsləndirdiyi fikirləri isə artıq dünya iki ölkə prezidentlərinin dilindən eşitmişdi. Faciədən dərhal sonra rəsmi bəyanatla çıxış edən Ukraynanın dövlət başçısı Pyotr Poroşenko baş verənləri "beynəlxalq terror aktı" adlandırmış, onun "təcavüzkarın əsl simasını dünyaya göstərdiyini" bildirmişdi.

Rusiya prezidentinin məsələyə reaksiyası da özünü çox gözlətmədi. "Bu torpaqlarda sülh olsaydı, Ukraynanın cənub-şərqində hərbi əməliyyatlar bərpa olunmasaydı, belə faciə də baş verməzdi", - deyə Vladimir Putin bildirmişdi.
 

Göründüyü kimi, istər Ukrayna, istərsə də Rusiya baş verənlərə görə məsuliyyəti üzərilərindən atmağa, qarşı tərəfi günahkar çıxarmağa çalışırlar. Ukrayna hökumətinin və separatçıların nümayəndələri birağızdan bəyan edirlər ki, onlar hadisənin baş verdiyi ərazidə 10 kilometr yüksəklikdə uçan təyyarəni vura biləcək vasitələrə malik deyillər. İstintaq isə tərəflərin hər birinin məsuliyyətini müəyyənləşdirməlidir.
 

Kimin dəlillərinin daha inandırıcı olacağını indidən söyləmək çətindir. Ukrayna tərəfinin əlində faktlar çoxdur. Bu faktlar arasında Ukraynanın şərqindəki separatçıların liderləri arasında baş tutmuş söhbətin yazısı da var. Həmin söhbətdə onlar sərnişin təyyarəsinin vurulduğunu etiraf edirlər. Separatçıların söhbətindən belə məlum olur ki, onlar mülki təyyarəni hərbi təyyarə ilə səhv salıblar. Rusiya Müdafiə Nazirliyi isə "təyyarənin marşrutunun və yerə düşdüyü ərazinin Ukraynaya məxsus uzaqmənzilli 2 zenit raket kompleksi batareyası və ortamənzilli 3 "Buk-M1" PZRK batareyasının əhatə dairəsində olduğunu" müəyyənləşdirib.
 

İstənilən halda, indi BMT, ATƏT və digər beynəlxalq qurumlar Ukraynanın şərqində baş vermiş bu faciəni bitərəf şəkildə qiymətləndirməlidirlər. Burada məqsəd hadisənin, əslində, necə baş verdiyini üzə çıxarmaq olmalıdır. Amma bu, o qədər də asan deyil. Təyyarənin "qara qutu"su onun vurulduğunu dəqiq üzə çıxaracaq. Amma o, laynerin konkret kim tərəfindən vurulduğunu müəyyənləşdirmək iqtidarında deyil.
 

Əsas məsələ isə başqadır. Analitiklər hesab edirlər ki, bu faciənin miqyası Ukrayna münaiqişəsini yeni mərhələyə keçirəcək və onun iştirakçılarına təzyiqləri artıracaq. Yaxud, Ukraynanın baş naziri Arseni Yasenyukun dediyi kimi, "artıq qırmızı xətt keçilib". Əvvəllər Qərbdə Ukraynada yaşananlarla bağlı yekdil fikir yox idi. Biznesi ciddi şəkildə Rusiya ilə əlaqəli olan bir sıra Avropa ölkələri son anadək praktiki addımlara deyil, deklarativ bəyanatlara üstünlük verirdilər. Bu üzdən onlar, az qala, Ukraynaya NATO qoşunlarının göndərilməsini istəyən avropalı tərəfdaşlarından fərqli olaraq, Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsinə o qədər də ciddi həvəs göstərmirdilər. İndi isə vəziyyət köklü şəkildə dəyişib və Moskvaya qarşı "yumşaq sanksiyalar"ın tərəfdarlarının sayı dəfələrlə azalıb.
 

Təyyarə qəzası nəticəsində Niderland, Almaniya, ABŞ və digər ölkə vətəndaşlarının həlak olması Ukraynadakı müharibəni adi hal kimi qəbul edənlər üçün "soyuq duş" effekti verib. Çoxlu sayda avropalının həyatına son qoymuş faciə Brüsselin və Aİ-nin ayrı-ayrı üzvlərinin mövqeyində ciddi dəyişikliyə səbəb ola bilər. İndi onlar Ukraynada bir neçə aydır yaşananları, sadəcə, vətəndaş müharibəsi kimi qəbul etməkdən vaz keçə bilərlər.

Artıq faciə ilə bağlı öz fikirlərini həm Aİ ölkələrinin liderləri, həm də digər dövlətlərin rəhbərləri dilə gətiriblər. ABŞ prezidenti Barak Obamanın baş verənlərə münasibətini, ümumilikdə, Qərbin mövqeyi kimi qəbul etmək olar: "Bizdə təyyarənin Rusiya tərəfindən dəstəklənən separatçıların nəzarətində olan Ukrayna ərazisindən buraxılmış "Yer-hava" tipli raketlə vurulduğuna dair sübutlar var. O da məlumdur ki, bu, Ukraynanın şərqində vurulan ilk təyyarə deyil. Bundan başqa, separatçılar Rusiyadan fasiləsiz olaraq yardımlar alırlar".
 

Qərb liderləri Rusiyanı Ukraynanın şərqində separatizmə açıq və ya gizli dəstək verdiyi üçün əvvəllər də kifayət qədər tənqid ediblər. Amma indi beynəlxalq araşdırma Rusiyanın "Boinq"in vurulmasına aidiyyətinin olduğunu üzə çıxararsa, onların ehtiyatlı diplomatiya ritorikasından əsər-əlamət qalmayacaq. Artıq Brüssel və Vaşinqtonun sərt tədbirlərə tərəfdar olan "qırğı"ları araşdırmanın nəticəsini gözləmədən, Qərb ictimaiyyətini Rusiyaya qarşı daha ciddi addımlar atmağa çağırırlar. Onların fikrincə, Moskvaya qarşı müzakirə olunan sanksiyaların, ən azı, üçdəbiri artıq tətbiq edilməlidir.

Aydındır ki, Rusiyanın faciəyə, hətta dolayısı ilə aidiyyəti sübuta yetirilərsə, belə də olacaq. Bu halda, Rusiya yalnız daha sərt sanksiyalarla deyil, digər demarşlarla da üz-üzə qalacaq. Onların nəticələri isə kifayət qədər ciddi olacaq. Rusiyanın yüzlərlə insanın ölümünə səbəb olmuş bu faciəyə aidiyyətinin sübuta yetirilməsi bir çox Rusiya vətəndaşının Moskvanın Ukrayna siyasətinə münasibətini də dəyişəcək. Bu isə daha ciddi məsələdir.

Şübhəsiz, göyərtəsində müxtəlif ölkələrdən, təxminən, 300 insanın olduğu təyyarənin qəzası miqyaslı xarakter almış Ukrayna böhranında dönüş nöqtəsidir. Baş vermiş faciə, şübhəsiz, Ukraynada sabitliyə nail olunması istiqamətində beynəlxalq səyləri daha da artıracaq.
 

Bəzi ekspertlərin fikrincə, indi tezliklə regionda gərginliyin azalması də gözləniləndir. Necə deyərlər, "hər bir şərdə xeyir də var". Amma gərginlik nə dərəcədə azalacaq? Ən azı, faciə yerində beynəlxalq ekspertlərin işlədiyi dövrdə hər iki tərəf fəal hərbi əməliyyatları dayandırıb. İndi hər kəs araşdırmanın nəticələrini gözləyir. Nəticələrin açıqlanması ilə beynəlxalq birlik faciənin günahkarlarına və ümumilikdə, Ukraynada yaşananlara qarşı aydın mövqe ortaya qoya bilər.
 

İstənilən halda, Donbas səmasında baş vermiş faciə hazırda dünyada lokal, üstəlik, bəzilərinin adlandırdığı kimi, "dondurulmuş münaqişə"nin olmadığını bir daha təsdiqləyib. Ukrayna böhranı firavan Avropanın şərq sərhədlərində bütünlükdə Avro-Atlantik məkan üçün təhlükə yaradan yeganə alovlu nöqtə deyil. Bütün bu münaqişələrin beynəlxalq birliyin fəal iştirakı ilə mümkün qədər tez zamanda həllinə ehtiyac var. Ukraynanın "qara cümə axşamı"ndan sonra bu, hər kəsə daha aydın olmalıdır.

"Region Plyus"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.