Dünya

Qarabağ xalçası Peruda muzeydə nümayiş etdiriləcək

22 Oktyabr 2026 10:03
Baxış: 292
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

2026-cı il oktyabrın 21-də Azərbaycan Respublikasının Peru Respublikasındakı səfirliyi tərəfindən Lima Metropoliten Muzeyinə hədiyyə edilən Qarabağ xalçasının rəsmi açılış mərasimi keçirilib.

Milli.Az xəbər verir ki, Lima Metropoliten Muzeyi Lima Metropoliten Bələdiyyəsinin tabeliyində fəaliyyət göstərir. Hədiyyə Azərbaycanın və Perunun diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümü münasibətilə təqdim olunub.

Tədbirdə çıxış edən Azərbaycanın Perudakı səfiri Seymur Fətəliyev bildirib ki, Azərbaycan və Peru arasında diplomatik münasibətlər 1996-cı il iyunun 25-də qurulub və ötən 30 il ərzində ikitərəfli əlaqələr uğurla inkişaf edib.

Səfir siyasi dialoqun, parlamentlərarası əməkdaşlığın, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin və təhsil sahəsində əlaqələrin əhəmiyyətini vurğulayıb.

O, xüsusilə qeyd edib ki, mədəni əməkdaşlıq hər iki xalqın zəngin irsinin qarşılıqlı tanınmasına, milli və mədəni dəyərlərinin təbliğinə, eləcə də Azərbaycanla Peru arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə mühüm töhfə verir.

Səfir vurğulayıb ki, Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə Lima Metropoliten Muzeyinə hədiyyə edilən, Qarabağ xalçaçılıq məktəbinə aid "Xətai-Əjdahalı" xalçası Azərbaycan xalqının zəngin mədəni irsini və qədim sənətkarlıq ənənələrini təcəssüm etdirir.

Tədbirdə çıxış edən Lima Metropoliten Bələdiyyəsinin vitse-meri, doktor Fabiola Mariya Morales Kastilyo xalçanın hədiyyə edilməsinə görə təşəkkürünü bildirib.

O qeyd edib ki, xalçanın Lima Metropoliten Muzeyinin "Minillik mədəniyyətlər" zalında daimi nümayiş etdirilməsi Peru ictimaiyyətinə Azərbaycanın mədəni irsini daha yaxından tanımaq imkanı verəcək. Bununla yanaşı, bu addım iki ölkə arasında dostluq, qarşılıqlı hörmət və mədəni əməkdaşlıq əlaqələrinin güclənməsinə töhfə verəcək.

Tədbir çərçivəsində "Mədəniyyətlərin toxunuşu: Azərbaycan tarixində Qarabağ xalçaları" adlı konfrans da keçirilib. Konfransda xalçaçılıq üzrə mütəxəssis Devid Levi Fleişman Azərbaycan xalça sənətinin milli mədəniyyətdə tutduğu xüsusi mövqedən danışıb.

O vurğulayıb ki, bu sənət yalnız dekorativ-tətbiqi sənət nümunəsi deyil, həm də nəsildən-nəslə ötürülən bilik və texnikaları özündə birləşdirən yaddaşın, kimliyin və yaradıcılığın ifadəsidir.

Həmçinin qeyd olunub ki, 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Konfrans zamanı "Xətai-Əjdahalı" xalçasının bədii xüsusiyyətləri, Qarabağ xalçaçılıq ənənəsinə xas zəngin kompozisiya və "Əjdahalı" motivinin simvolik mənası haqqında məlumat verilib.

Bildirilib ki, bu xalça bitki ornamentləri ilə həndəsi formaların ahəngdar birləşməsini əks etdirən nadir sənət əsəridir.

Konfransdan sonra Qarabağ xalçasının açılış mərasimi keçirilib və onun sertifikatı təqdim olunub.Mərasimdə Azərbaycanın Perudakı səfiri Seymur Fətəliyev və Lima Metropoliten Bələdiyyəsinin vitse-meri Fabiola Mariya Morales Kastilyo iştirak ediblər.

Bununla yanaşı, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və xalçaçılıq sənətinə həsr olunmuş "Azərbaycan xalçaları" adlı nəşr Lima Metropoliten Bələdiyyəsinə hədiyyə edilib.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Azərbaycanın turizm potensialını əks etdirən videolar nümayiş etdirilib, Azərbaycan bəstəkarlarının əsərləri ifa olunub və milli mətbəx nümunələri təqdim edilib.

Tədbirdə Peru rəsmiləri, ölkənin Xarici İşlər və Mədəniyyət nazirliklərinin nümayəndələri, Limanın bir sıra mühüm rayonlarının bələdiyyə rəhbərləri, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, siyasi, ictimai və mədəniyyət xadimləri iştirak ediblər.

Həmçinin tədbirə Azərbaycanda ali təhsil almış Peru vətəndaşları, akademik və elmi dairələrin üzvləri, yerli media nümayəndələri və Peruda yaşayan azərbaycanlı həmvətənlər qatılıblar.

Lima Metropoliten Muzeyində daimi nümayiş etdiriləcək Qarabağ xalçası ziyarətçilərə Azərbaycanın xalçaçılıq sənətinin zənginliyini yaxından tanımaq imkanı yaradacaq.

Eyni zamanda, bu xalça Azərbaycan və Peru arasında dostluğun və mədəni əməkdaşlığın rəmzi olacaq.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.