Dünyanın ən rəngarəng şəhərlərini müəyyən etmək üçün aparılan qeyri-adi araşdırmanın nəticələri açıqlanıb. "JustCover" mütəxəssisləri xüsusi proqram təminatı vasitəsilə milyonlarca fotoşəkili piksellərinə qədər analiz edərək ən rəngli ünvanları seçiblər.
Milli.Az xəbər verir ki, alimlər və səyahət ekspertləri dünya miqyasında canlılığı ilə tanınan 78 istiqaməti tədqiq ediblər. Nəticələrə görə, Portuqaliyanın paytaxtı Lissabon fotoşəkillərdə aşkarlanan 2,6 milyondan çox unikal rəng tonu ilə siyahının birincisi olub.
Bu şəhər Alfama məhəlləsinin pastel rəngli binaları, şəhəri bəzəyən ənənəvi çini kaşılar (azulejos) və ikonik sarı tramvayları ilə əsl rəng partlayışını xatırladır.
İkinci yerdə qərarlaşan Malayziyanın paytaxtı Kuala-Lumpur, modern göydələnlərin neon işıqları ilə ənənəvi məbədlərin zəngin dekorasiyasını birləşdirir. Xüsusilə Batu mağaralarının göy qurşağı rəngli pilləkənləri bu şəhərin rəng laboratoriyasına çevrilməsində böyük rol oynayır.
Portuqaliyanın digər şəhəri Portu siyahıda üçüncüdür. Douro çayı boyunca uzanan kafel damlı evləri və rəngarəng fasadları şəhərə xüsusi gözəllik qatır. Kolumbiyanın liman şəhəri Kartaxena isə sarı Saat qülləsi və göy qurşağı rəngli eyvanları ilə dördüncü pillədə yer alıb.
Siyahının beşinci pilləsində yer alan Rio-de-Janeyro (Braziliya), 2,3 milyondan çox unikal rəng tonu ilə diqqət çəkir. Şəhərin vizual imzası isə məşhur Selaron pilləkənlərindəki keramik mozaikalardır.
Lalə Qüdrətova
Milli.Az





