Peru Konqresində keçirilən səsvermədən sonra 80 yaşlı solçu millət vəkili Xose Maria Balkasar ölkənin yeni müvəqqəti prezidenti seçilib.
Milli.Az xəbər verir ki, o, vəzifəsindən uzaqlaşdırılan Xose Xerini əvəz edəcək.
Paytaxt Lima şəhərində baş tutan iclasda ən çox səs toplayan Balkasar iyulun 28-dək prezident səlahiyyətlərini icra edəcək. Bununla da o, son 10 ildə ölkədə prezident postunu tutan doqquzuncu şəxs olub.
Bir gün əvvəl Konqres Dina Boluarteni əvəz etmiş müvəqqəti prezident Xose Xerini vəzifəsindən uzaqlaşdırmışdı. Yerli medianın məlumatına görə, bu qərar onun çinli iş adamları ilə yarı-gizli görüşləri və bəzi dövlət vəzifələrinə təyinatlarda qanunsuzluq iddiaları ilə əlaqələndirilib.
Qeyd edək ki, ölkədə iyul ayında keçiriləcək prezident seçkiləri ərəfəsində siyasi partiyalar artıq seçki kampaniyalarına start veriblər.
Milli.Az





