Dünya

Səkkiz ölkə Trampa qarşı birləşdi

18 Yanvar 2026 22:22
Baxış: 404
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-nin Qrenlandiya siyasətinə dəstək vermədikləri üçün 8 Avropa ölkəsinə gömrük rüsumu tətbiq etmək qərarı tərəflər arasında yeni gərginliyə səbəb olub. Danimarka, Finlandiya, Fransa, Almaniya, Hollandiya, İsveç, Norveç və İngiltərə rəsmi Vaşinqtona xəbərdarlıq edərək, bu addımın NATO müttəfiqliyinə zərər verəcəyini bildiriblər.

Milli.Az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, sözügedən 8 Avropa ölkəsinə:

1 fevral 2026-cı ildən etibarən 10 faiz;

1 iyun 2026-cı ildən etibarən isə 25 faiz gömrük rüsumu tətbiq olunacaq. Bu rüsumlar Qrenlandiyanın tamamilə ABŞ-yə verilməsi ilə bağlı razılaşma əldə olunana qədər qüvvədə qalacaq.

Tramp iddia edir ki, ABŞ-nin milli təhlükəsizliyi üçün Qrenlandiyaya ehtiyacı var və bu bölgə "Qızıl Qübbə" müdafiə sistemi üçün həyati əhəmiyyət kəsb edir. O, ABŞ-nin adanı satın almasına qarşı çıxan və Danimarkaya hərbi-diplomatik dəstək verən Avropa ölkələrini cəzalandırmaq niyyətindədir.

8 Avropa ölkəsi ortaq bəyanat yayaraq bu addımı sərt tənqid ediblər:

"Danimarka Krallığı və Qrenlandiya xalqı ilə tam həmrəyik. Suverenliyimizi qorumaqda qərarlıyıq", - deyə bildirilib.

Avropa ölkələri Arktika bölgəsinin təhlükəsizliyinin NATO-nun məsuliyyəti olduğunu və gömrük hədələrinin transatlantik münasibətləri zəiflətdiyini vurğulayıblar.

Danimarka müttəfiqləri ilə bölgədə hərbi əməkdaşlığı artırmağa çağırıb, bəzi ölkələr isə Qrenlandiyaya kiçik hərbi bölmələr göndərəcəklərini açıqlayıblar.

Vaşinqtonda ABŞ, Danimarka və Qrenlandiya Xarici İşlər nazirləri arasında görüşlər keçirilsə də, əsas ixtilaflar həll olunmamış qalır. Qrenlandiya (Danimarkaya bağlı muxtar bölgə) daha əvvəl suverenliyin ABŞ-yə verilməsi ilə bağlı bütün təklifləri rədd edib.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.