ABŞ prezidenti Donald Trampın Danimarka ərazisi olan bu Arktika adasını ABŞ-yə qatmaq istəyi fonunda, respublikaçı konqresmen Rendi Fayn rəsmi addım atıb. O, "Greenland Annexation and Statehood Act" adlı qanun layihəsini irəli sürərək Qrenlandiyanın rəsmən ABŞ-nin bir hissəsi olmasını təklif edib.
Milli.Az xəbər verir ki, Fayn bu addımı ABŞ-ın milli təhlükəsizlik maraqları ilə əsaslandırır.
Qrenlandiyaya nəzarət edən tərəf Arktikadakı mühüm gəmiçilik yollarına və ABŞ-ı qoruyan təhlükəsizlik arxitekturasına nəzarət edəcək.
Konqresmen bildirib ki, Arktikanın gələcəyi Amerikanın dəyərlərinə nifrət edən və təhlükəsizliyinə zərbə vuran rejimlərin (Rusiya və Çin nəzərdə tutulur) əlinə buraxıla bilməz.
Fayn Venesuelada Nikolas Maduronun devrilməsindən sonra yaranan geosiyasi vəziyyəti bu torpağı əldə etmək üçün əlverişli məqam hesab edir.
Dövlət katibi Marko Rubio bu ayın əvvəlində Konqresə məlumat verib ki, torpağın alınması məsələsini müzakirə etmək üçün Danimarka tərəfi ilə görüşmək niyyətindədir.
Təklif olunan qanun layihəsi Qrenlandiyanın sadəcə Puerto-Riko və ya Quam kimi "ərazi" deyil, Alyaska kimi tamhüquqlu bir ştat olmasını nəzərdə tutur.
Rendi Fayn vurğulayıb ki, uzun müddət Amerika rəhbərliyi rəqiblərin geosiyasi üstünlük əldə etməsinə tamaşa edib: "Mənim qanun layihəm vətənimizi qoruyacaq və Arktikada qaydaları Çin və ya Rusiyanın deyil, Amerikanın müəyyən etməsini təmin edəcək."
Lalə Qüdrətova
Milli.Az





