Astronomlar Süd Yolu qalaktikasının mərkəzi hissəsində Saturn ölçülərinə yaxın olan qeyri-adi bir səma cismi aşkar ediblər. Söhbət heç bir ulduza bağlı olmayan və kosmosda sərbəst hərəkət edən "didərgin planet"dən gedir.
Milli.Az xəbər verir ki, bu kəşf "Science" elmi jurnalında dərc olunan araşdırmada əksini tapıb. Bildirilir ki, aşkarlanan obyekt Yerdən təxminən 9,9 min işıq ili uzaqlıqda, Oxatan bürcü istiqamətində yerləşir. Tədqiqat göstərib ki, böyük ölçülü planetlər nadir hallarda formalaşdıqları ulduz sistemlərindən qoparaq kosmosa atıla bilirlər.
Kəşf Varşava Universitetinin Rəsədxanasının direktoru Ancey Udalskinin rəhbərlik etdiyi alimlər qrupu tərəfindən "OGLE" layihəsi çərçivəsində həyata keçirilib. Araşdırma zamanı alimlər gözlə görünməyən yaxın obyektlərin yaratdığı qravitasiya mikrolinzası effektlərini müşahidə ediblər.
Nəticədə eyni vaxtda bir neçə zəif işıqlı və çox soyuq səma cismi qeydə alınıb. Astronomiyada bu cür obyektlər adətən "didərgin planetlər" adlandırılır. Lakin onların dəqiq mənşəyi hələ də mübahisəlidir.
Alimlərin bir hissəsi bu cisimlərin mürəkkəb qravitasiya prosesləri nəticəsində ulduz sistemlərindən kənara atılmış iri planetlər olduğunu düşünür. Digər tədqiqatçılar isə onların əslində çox soyuq və kiçik qəhvəyi cırtdanlar, yəni tam ulduza çevrilə bilməmiş, kütləsi az olan səma cisimləri ola biləcəyini istisna etmirlər.
Kənan
Milli.Az





