Yaponiyada bir neçə gün əvvəl baş verən 7,5 bal gücündəki zəlzələnin ardından bölgə yenidən güclü yeraltı təkanlarla sarsılıb. Bu dəfə zəlzələnin episentri Aomori prefekturasının şərq sahilləri olub.
Milli.Az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, yerli vaxtla 11:44-də, 20 kilometr dərinlikdə 6,7 bal gücündə zəlzələ baş verib.
Zəlzələdən dərhal sonra Aomori, İvate və Miyagi prefekturaları, həmçinin Hokkaydonun Sakit okean sahilləri üçün sunami xəbərdarlığı edilib. Mütəxəssislər dənizdə hündürlüyü 1 metrə çata biləcək dalğaların yarana biləcəyini bildirib və sahil zonalarını tərk etmək çağırışı edib.
Qeyd edək ki, dekabrın 8-də eyni bölgədə 7,5 bal gücündə güclü zəlzələ baş vermiş və hakimiyyət orqanları bunun ardınca daha böyük - 8 və ya daha yüksək balda bir zəlzələnin ola biləcəyi barədə əhalini xəbərdar etmişdi.
Milli.Az





