Milli.Az xəbər verir ki, jurnalistlər BMT-nin iclası zamanı maraqlı bir məqamı qeydə alıblar. Belə ki, iclas gedərkən Polşa prezidentinin mühafizəçisi ona kiçik bir konteyner ötürüb. Ardınca Polşa dövlət başçısı Karol Navrotski həmin qabdan götürdüyü snyus paketini dodağının altına yerləşdirib. Bu görüntü zalda olan jurnalistlərin diqqətindən yayınmayıb və sosial mediada da müzakirələrə səbəb olub.
Snyus (İsveç dilində "snus") - İsveçdə ənənəvi olaraq istifadə olunan siqaretsiz tütün məhsuludur. Siqaret kimi yandırılmır, tüstü çıxarmır. Kiçik paket şəklində hazırlanır və istifadəçi onu dodağın altına qoyaraq nikotini orqanizmə qəbul edir. Bu səbəbdən ictimai yerlərdə siqaret qadağalarına məruz qalmadan nikotin istifadəsinə imkan yaradır.
Snyus xüsusilə Şimali Avropa ölkələrində geniş yayılıb və son illərdə Avropanın digər bölgələrində də populyarlaşmağa başlayıb. Tibbi araşdırmalarda onun klassik siqaretə nisbətən daha az zərərli olduğu qeyd olunsa da, nikotin asılılığı yaratdığı və sağlamlığa mənfi təsirlərindən dolayı mübahisəli məhsul sayılır. (Musavat.com)
Milli.Az