"Microsoft Azure" bulud xidmətinin istifadəçiləri yaxın günlərdə texniki problemlərlə üzləşə bilərlər. Buna səbəb Qırmızı dənizdə bir neçə beynəlxalq sualtı fiber-optik kabelin zədələnməsidir.
Milli.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi "Microsoft"un yaydığı rəsmi açıqlamaya istinadən məlumat yayıb.
Şirkətin bildirdiyinə görə, Asiya və Avropa arasında, eləcə də Yaxın Şərq istiqamətindəki internet trafiki bu zədələnmədən təsirlənə bilər və əlaqələrdə gecikmələr yarana bilər.
"Bir neçə beynəlxalq kabeldə yaranmış zədə səbəbindən məlumat axınında fasilələr mümkündür. Hazırda vəziyyət nəzarətdə saxlanılır, lakin kabellərin bərpası müəyyən vaxt tələb edəcək", - deyə açıqlamada qeyd olunur.
Kabel zədələnməsinin dəqiq səbəbi açıqlanmasa da, bölgədə təhlükəsizlik riski yüksəkdir. Belə ki, Yəməndəki "Ənsar Allah" (husilər) üsyançı qruplaşmasının Qırmızı dənizdəki gəmilərə davam edən hücumları təmir işlərini çətinləşdirə bilər.
Kənan
Milli.Az