Dünya

Dünyanın ən yaşlı körpəsi! 31 yaşında dünyaya gəldi

31 İyul 2025 23:39
Baxış: 2 490
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ-də yaşayan 35 yaşlı Lindsey və 34 yaşlı Tim Pierce cütlüyü, 1994-cü ildə dondurulmuş bir embriondan inkişaf edən Thaddeus Daniel Pierce adlı körpələrini 26 iyulda qucaqlarına alıblar. 31 il əvvəl dondurulan embriondan dünyaya gələn bu körpə "Dünyanın ən yaşlı körpəsi" titulunu qazanıb. Ana Lindsey bu barədə deyib: "Rekord qırmaq kimi bir niyyətimiz yox idi, sadəcə uşaq sahibi olmaq istəyirdik".

26 iyulda dünyaya gələn Thaddeus Daniel Pierce adlı oğlan körpənin fərqli cəhəti - ailəsi hələ məktəb yaşında ikən, 1994-cü ildə dondurulmuş və 31 il saxlanılmış bir embriondan inkişaf etməsidir. Həftə sonu dünyaya gələn bu körpə hazırda "ən yaşlı embriondan doğulan körpə" rekordunu əlində saxlayır.

Lindsey Pierce MIT Technology Review-a verdiyi müsahibədə deyib:

"Doğum çətin keçdi, amma indi hər ikimiz yaxşıyıq. O, çox sakit uşaqdır. Bu dəyərli körpəyə sahib olduğumuz üçün çox xoşbəxtik!"

Thaddeus-un embrionu 1990-cı illərdə Linda Archerd və o dövrdəki həyat yoldaşı üçün tətbiq olunan süni mayalanma (IVF) müalicəsi zamanı yaradılmışdı. Cütlükdən ümumilikdə 4 embrion əldə olunmuşdu. Onlardan biri Linda Archerd-ə yerləşdirilərək hamiləlik baş tutmuşdu və o uşaq indi 30 yaşında bir qadındır və 10 yaşlı bir qızı var. Digər üç embrion isə dondurularaq saxlanılmışdı.

Boşanmadan sonra embrionların hüququ 62 yaşlı Linda Archerd-ə keçmişdi. İllər sonra embrion bəxşi proqramı ilə tanış olan Archerd, "üç kiçik ümidim" dediyi bu embrionları proqrama daxil etmişdi. Lakin embrionların bu qədər uzun müddət dondurulmuş olması səbəbilə "yerləşdirilməsi çətin" kateqoriyasına daxil edildiyi bildirilib.

Pierce cütlüyü 7 il boyunca uşaq sahibi olmaq üçün müxtəlif yollar sınayıb. Nəhayət embrion bəxşi proqramına qatılaraq bu yolla ümidlərini bərpa ediblər. Uzun və çətin prosesdən sonra Thaddeus-un dünyaya gəlməsi ilə böyük sevinc yaşayıblar.

Dünyada tətbiq olunan süni mayalanma müalicələri nəticəsində milyonlarla embrion klinikalarda dondurularaq saxlanılır. Onların əksəriyyəti artıq lazım olmadığı üçün ehtiyatda qalır. Thaddeus-un embrionunun köçürülməsini həyata keçirən Dr. John Gordon deyib:

"Hər embrion yaşamaq şansına layiqdir. Sağlam körpəyə çevrilə bilməyəcək yeganə embrion, uşaqlığa köçürülmə imkanı verilməyən embriondur."

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.